Əsas Səhifə > Şou-biznes > "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər...

"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər...


Bu gün, 06:42

"Elə insanlar var ki, onların yanında insan avtomatik olaraq öz nitqini beynində redaktə edib sonra danışmalıdır. Sözləri yumşaldıb, intonasiyasını dəyişib hətta üz ifadəsini nəzarətdə saxlamalı olmalıdır. Ona görə yox ki, qarşısındakı həssas insandır. Çox vaxt əksinə olur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış rejissor Aslan Əhmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Çünki həmin insan özünün yaratdığı daxili obrazın içində yaşamağa o qədər öyrəşib ki, həmin obrazla üst-üstə düşməyən hər şeyi hücum kimi qəbul edir. “Havadan nəm çəkir” deyərdi nənəm.
Bəziləri özünü xüsusi biri kimi hiss etməyə elə alışıb ki, ona qarşı heyranlığın olmamasını demək olar ki, təhqir kimi qəbul edir.
İnsan çox vaxt söhbət gözləmir. O, sadəcə öz haqqında yaratdığı versiyanın təsdiqini gözləyir.
Niyə insanlar haqqında onlara demək olar ki, heç vaxt həqiqətin deyilmədiyi bir mühitdə yaşamaqdan rahatlıq duyurlar?Çünki həqiqət gərginlik yaradır. Ondan sonra münasibətlər pozulur. Rahat məsafə dağılır. İnsan öz haqqında qurduğu illüziyanı itirir.
İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər - söhbəti təhlükəsiz etmək. Ehtiyatla yalan danışan insan “tərbiyəli” sayılır. Açıq danışan isə “kobud”. Halbuki kobudluqla səmimiyyətin bir-biri ilə əlaqəsi yoxdur.
Kobudluq - qarşı tərəfi alçaltmaq istəyidir. Səmimiyyət isə yalanın içində olmamaqdır.
İnsanlar onları narahat edən şeyləri çətin qəbul edirlər. İnsan öz haqqında həqiqəti yalnız o ana qədər eşitmək istəyir ki, həmin həqiqət onun özünü görmək istədiyi obrazı dağıtmır.
Ona görə də insanlar arasında ünsiyyət var, amma səmimiyyət yoxdur. Nə yaxınlıq, nə yadda qalan hiss, nə real təmas… Sadəcə sonsuz teatrından qalan yorğunluq var..."

Geri qayıt