Əsas Səhifə > Şou-biznes > Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur?
Toylarda dövlət himninin səsləndirilməsi niyə mübahisə doğurur?Bu gün, 07:01 |
Azərbaycanda toy mərasimlərinin dövlət himni ilə başlaması ənənəsi getdikcə geniş vüsət alır. Bu təcrübə ölkə xaricində, məsələn, Rusiyada da müşahidə olunur. Bəzi insanlar bunu rəğbətlə qarşılayır, milli dəyərlərə hörmət kimi qiymətləndirir, digər tərəfdən isə birmənalı yanaşmayanlar da var və bu, müzakirələrə səbəb olur. Himn millətin birliyini xatırladır, toy isə insanların şəxsi sevincini paylaşdığı xoşbəxt anıdır.
Bu barədə Bizimyol.info xəbər portalına sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu məsələ seçimdən asılıdır: “Əlbəttə, sözügedən məsələ ilə bağlı ictimai rəyi təhlil etdikdə görürük ki, insanların bir qismi toylarda dövlət himninin səsləndirilməsini düzgün hesab edir. Başqa bir qisim isə bildirir ki, toylar insanların özəl günüdür, ailə ziyafətidir və belə bir gündə dövlət himninin səsləndirilməsi nə dərəcədə uyğundur - bu, mübahisə doğurur. Onlar hesab edirlər ki, dövlət himni daha çox rəsmi və ali tədbirlərdə səsləndirilməlidir”. Üzeyir Şəfiyev əlavə edib: “Göründüyü kimi, bu məsələ seçimdən asılıdır və əsasən ziyafət sahiblərinin, bəylə-gəlinin şəxsi seçiminə, istəyinə bağlı məsələdir. Şəxsən mən hesab edirəm ki, dövlət himninin səsləndirilməsi müsbət haldır. Ümumiyyətlə, təkcə himn deyil, milli atributlar, adət-ənənələrimiz toylarımızda nə qədər çox yer alsa, təmsil olunsa, o qədər yaxşıdır. Çünki toy 1000 il əvvəl Azərbaycan xalqının özünəməxsusluğunu göstərən adət-ənənələri özündə ehtiva edir”. Geri qayıt |