Əsas Səhifə > Şou-biznes > “Zaman keçdikcə, insan çalışır ki, gördüyü iş konfliktsiz mühitdə yaransın”
“Zaman keçdikcə, insan çalışır ki, gördüyü iş konfliktsiz mühitdə yaransın”Bu gün, 07:18 |
Azərbaycan teatr, kino və televiziya sənətinin tanınmış simalarından biri, Xalq artisti, rejissor Ramiz Həsənoğlu 80 illik yubileyini qeyd edib. Uzun illər ərzində yaratdığı dəyərli ekran əsərləri ilə sənətkar tamaşaçıların rəğbətini qazanıb. Onun yaradıcılıq yolu bu gün də maraqla izlənilir.Sənətkardan soruşduq: "Sizin quruluş verdiyiniz tamaşalar arasında tamaşaçılar tərəfindən ən çox yadda qalan işlərdən biri hansıdır və o tamaşanın uğurunu nədə görürsünüz? Həmin tamaşanın hazırlanması zamanı qarşılaşdığınız ən çətin məqam nə olub?" Xalq artisti Ramiz Həsənoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirdi ki, əsərlərin tamaşaçı tərəfindən bəyənilməsi ona böyük qürur hissi verir və xoş əhval yaradır: “Tamaşaçılar arasında mənim bir neçə əsərimə xüsusi üstünlük verənlər var. Sevilən və yadda qalan tamaşalarım sırasında “Ac həriflər”, “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar”, “Ordan-burdan” kimi əsərləri qeyd edə bilərəm. Mən daha çox lirik və komik tamaşaları nəzərdə tuturam. Bu əsərlərin tamaşaçı tərəfindən bəyənilməsi mənə böyük qürur hissi verir və xoş əhval yaradır. Çətin məqamlara gəlincə, insan zaman keçdikcə həmin çətinlikləri bir qədər unudur. Əlbəttə, bu çətinliklər hər zaman olur və onsuz keçinmək mümkün deyil. Söhbət əsərdən, aktyordan, dramaturqdan, rejissordan və ümumilikdə, müxtəlif peşə sahiblərindən gedir. Onların hamısını səfərbər edib işin alınması üçün yönəltmək lazımdır, amma bu, hər zaman uğurlu alınmır. Zaman keçdikcə, yaş artdıqca insan daha çox çalışır ki, gördüyü iş konfliktsiz mühitdə yaransın, normal və uyğun yaradıcı heyət formalaşsın. Bu halda ortaya daha sanballı iş çıxarmaq mümkün olur”. Geri qayıt |