Əsas Səhifə > Şou-biznes > "Hansı bəyin səsi varsa, o da oxuya bilər"
"Hansı bəyin səsi varsa, o da oxuya bilər"Bu gün, 10:58 |
|
“80-ci illərdə sənətdə bir çevriliş etdim. Başladım tarla, kamança, qavalla ifa etməyə. Bu bir az cavanlara təkan oldu. Çünki mənə qədər yaşlı sənətkarlar tar və kamançada ifa edirdilər. Əslində cavanlar üçün yeni bir cığır, yol açdım. Onlar üçün stimul və həm də böyük inkişaf idi. O vaxt boşluq olmuşdu yəqin, mənim bu etdiyim sözün əsl mənasında “tutdu”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib.
O daha sonra “Şahnaz” muğamı ətrafında yayılan söz-söhbətlərə də son qoyub. Dünya şöhrətli sənətkar bildirib ki, bu muğamı həm qadın, həm də kişi xanəndələr ifa edə bilər:
“ “Şahnaz” muğamını oxumaq çox asandır, amma ona səs lazımdır. Bu “Şur” muğamından çıxan bir hissədir, onu adətən xanım xanəndələr oxuyur. Xan Şuşinski də bu muğamı oxuyub. Kimin səsi var oxuyur, kimin də səsi yoxdursa bəmdən oxuyur. Əsl “Şahnaz” kimi onu zil səslə oxumaq lazımdır. Bu muğamın heç bir çətinliyi yoxdur. Hansı bəyin səsi varsa, o da oxuya bilər. Əsasən xanım xanəndələr oxuyur bunu. Çünki xanımlar “Rast”, “Zabur” muğamı oxumurlar. Hacıbaba Hüseynov, Tələt Qasımov da “Şahnaz” muğamı oxuyub. Onlar bəmdən oxuyublar. Öz istedadlarını, hisslərini bəmdə veriblər. Bəmdə də oxumaq olur. Niyə olmur ki?”, - deyə sənətkar bildirib.
Sənətkar istedadlı xanəndələrin kifayət qədər çox olduğunu bildirib:
“Bu dəqiqə bütün dünyada dəyişikliklər var. Dünya fırlanır, bir yerdə dayanmır ki. Vaxt gələcək meydanda bizim çox xanəndələrimiz olacaq. Onların hər birini zaman yetişdirəcək. Bizdə hələ ki, meydanlar çox azdır. Bəlkə bu günü mən görmərəm, amma siz cavanlar mütləq görəcəksiz”, - deyə sənətkar bildirib.
Geri qayıt |