Əsas Səhifə > Şou-biznes > Səhnədəki Velma...

Səhnədəki Velma...


Bu gün, 09:10

Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycanın Avroviziya təmsilçisi Dilarə Kazımovanın iştirakı ilə mətbuat konfransı keçirilib. 

"DİA-AZ" xəbər verir ki, sənətçi oktyabrın 29-da təqdim olunacaq və Bakı Caz Festivalının 20 illiyinə həsr edilən əfsanəvi “Chicago” müziklının premyerası barədə media nümayəndələrinin suallarını cavablandırıb. Dilarə Kazımova layihənin onun üçün necə fərqli və çətin olduğunu belə ifadə edib: “İlk dəfədir ki, bir layihədə eyni anda həm oxuyuram, həm rəqs edirəm, həm də aktrisa kimi çıxış edirəm. Bu, mənim üçün əsl sənət sınağıdır. Premyeranı səbirsizliklə gözləyirik. Artıq avqustdan etibarən intensiv məşqlər edirik — həftədə dörd dəfə. Üstəlik, fonogrammasız çıxış edəcəyik. Özümüzə yüksək plan qoymuşuq və inanırıq ki, hər şey uğurla keçəcək”. Müxtəlif səhnələrdə, o cümlədən Avroviziya təcrübəsinə malik olmasına baxmayaraq, Kazımova bildirib ki, həyəcan bu dəfə də onu tərk etmir: “Hansı səhnə olursa olsun, həyəcan keçirmədən mümkün deyil. Zalda yalnız bir nəfər olsa belə, yenə də səhnəyə çıxarkən eyni hissi yaşayıram”. Qeyd edək ki, müzikldə Dilarə Kazımova baş qəhrəman Velma obrazını canlandırır. Tamaşa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq. Baş rollarda Dilarə Kazımova ilə yanaşı, Orxan Ağayev, Diana Hacıyeva (Dihaj) və Ülviyyə Rəhimova da yer alacaq. Layihənin direktorları Leyla Əfəndiyeva və Rain Sultanovdur.



Geri qayıt