Əsas Səhifə > Şou-biznes > “Faiq Ağayevlə dostluq etdiyim üçün mənimlə danışmırlar, məhkəmələrində iştirak etmişəm...”
“Faiq Ağayevlə dostluq etdiyim üçün mənimlə danışmırlar, məhkəmələrində iştirak etmişəm...”Bu gün, 09:02 |
“Sənət aləmində vəfalı insanlar da var, vəfasızlar da. İllərlə kömək etdiklərim, vaxtilə onlar haqqında yazı yazdıqlarım dünənlərini unudublar. O vaxt sosial şəbəkələr yox idi. Peşəkar jurnalistlərlə bağlı tələblər də başqa idi. İnsanları zamanla tanıyırsan. Hələ-hələ şou-biznesdəkiləri demirəm... Sosial şəbəkələr çoxalandan sonra onların sədaqətsizliyi, mətbuata olan hörmətsizliyi çoxalmağa başladı. Hərə özü üçün jurnalist oldu. Efirdən sözünü deməklə yanaşı, sosial şəbəkədən də öz sözünü demək imkanı yarandı deyə mətbuatı ucuz gördülər. Ciddi mətbuat təkcə instaqram, sosial şəbəkələr deyil. Sosial şəbəkədə hamı jurnalist, aparıcı olmağa başlayandan işinin peşəkarları kənarda qaldı. Həmin müğənniləri də o “jurnalistlər” dağ başına çıxartdılar. Bir paylaşımında 10 dəfə səhv edən insanlar jurnalist, aparıcı oldular. Sosial media hamının piar qapısı oldu. Əvvəl tanınmağın yolu televiziya və qəzet idi. Bu gün şou-biznes sosial platformaların üzərindən daha rahat tanınır deyə, ciddi aparıcılara, jurnalistlərə olan münasibət dəyişib. Əvvəllər qəzetdə olan jurnalistin yazısı vacib idi. Çünki müğənninin sənətinin təqdimatı ondan asılı idi”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış jurnalist və aparıcı Tahirə Məmmədqızı deyib.
O daha sonra uzun illərdir bəzi məşhurlarla münasibətinin olmadığını bildirib:
“Xalq artistləri Brilliant Dadaşova və Flora Kərimova ilə qətiyyən münasibətimiz yoxdur. Bir-birimizi sevmirik. Daha dəqiq desək onlar məni sevmir. Amma bu iki insanın sənətinə böyük hörmətim var. Mən 21 il “Şərq” qəzetinin əməkdaşı, mədəniyyət şöbəsinin rəhbəri olmuşam. Xalq artisti Faiq Ağayevlə bu günə qədər böyük dostluq əlaqələrim var. Eyni zamanda da yerliyik, uzaqdan da qohumuq. Bütün bunları da kənara qoyuram, Faiq Ağayev bu gün müasir estrada səhnəsində sözün həqiqi mənasında sözünü demiş sənətkardır. Sənətinin çəkisi olan xalq artistidir. İllərlə intellektual səviyyəsi, sənətinin yüksəkliyi, savadı ilə seçilib. Mən onunla olan dostluğumla fəxr etmişəm, sevinmişəm. Ondan nəsə öyrənməyə çalışmışam. Bu iki sənətkarın mənimlə münasibətinin soyuq olması Faiq Ağayevlə olan dostluğumdur. Onlar Faiq Ağayevi həzm edə bilmirdilər. O sənətkarlar biri mənə göstərsin ki, haradasa onların şəxsiyyətinə, sənətinə xələl gətirən yazılar dərc etdirmişəm. Bu olmayıb! Sadəcə zamanında Flora Kərimova ilə Faiq Ağayevin məhkəməsində olmuşam. Mən orada nə gördümsə, nə eşitdimsə bir jurnalist kimi onu qələmə almışam. Bu da Flora Kərimovaya xoş gəlməmişdi. Brilliant Dadaşova ilə Faiq Ağayevin arasında olan gərginlikdə də bildiyim həqiqətləri yazdığım üçün qarşı tərəfin xoşuna gəlməmişdim. Reallıq bundan ibarətdir” deyə Tahirə Məmmədqızı bildirib.
Geri qayıt |