Əsas Səhifə > Şou-biznes > Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib
Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilibBu gün, 07:33 |
“Azad Azərbaycan” televiziyasının (ATV) aparıcısı Zaur Baxşəliyevin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. Bu məqsədlə, məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılıb."DİA-AZ" xəbər verir ki, xüsusi ittihamçı Sədaqət Dadaşova aparıcı Zaur Baxşəliyevin, eləcə də ATV-də yayımlanan “Bizimləsən” verilişində çıxış etmiş keçmiş həyat yoldaşı Nəriman Rəhimovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib. Bunun üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib. Sədaqət Dadaşova bildirib ki, Zaur Baxşəliyev doğruluğunu yoxlamadan, onun şərəf və ləyaqətini aşağılayan, heysiyyatına toxunan məlumatları efirə verib. Nəriman Rəhimovun onun uşaqlarının atası olmadığını iddia edib: “Məni “lağa” qoyaraq deyir ki, Nəriman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var...” Qeyd edək ki, proqramda iştirak edən Nəriman Rəhimov aliment ödənişi ilə əlaqədar ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. “Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil. DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür. Bu, kimin uşağıdır soruşur, “səninkidir” deyirlər. Bunların hamısını studiyamıza gələn Rəhimov Nəriman deyir. Bu həqiqətdirmi, yoxsa yox? Gəlsin studiyamıza, öyrənək” – Nəriman Rəhimov “Bizimləsən” proqramında belə təqdim olunub. Sədaqət Dadaşova bildirir ki, heç bir araşdırma aparmadan Zaur Baxşəliyev, studiyadakı ekspertlər onu ittiham ediblər, indiyə qədər aldığı alimentləri qaytarmasını tələb ediblər. Verilişdə səslənən fikirləri bütün Azərbaycanda, hətta xaricdə yaşayan tanışları, qohumları da izləyib. Bütün bunlar övladları ilə münasibətlərinə də təsir göstərib. Birtərəfli qaydada onu ittiham etdiyinə görə həm Zaur Baxşəliyevin, həm də keçmiş ərinin cəzalandırılmasını tələb edib. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Zaur Baxşəliyev ittihamı qəbul etməyib. Aparıcı deyib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil. O cümlədən, Nəriman Rəhimovu da əvvəldən tanımayıb. Vətəndaş müraciət edərək, aliment problemi ilə əlaqədar ölkədən çıxışına heç bir əsas olmadan qadağa qoyulduğunu bildirib və kömək istəyib: “Biz də dəvət etdik. Mən efirdə vasitəsiz nitqdən istifadə edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərimanı tanıyıram. Sədaqət xanım əvvəl müraciət etsəydi, onu çağıracaqdım”. Zaur Baxşəliyev qeyd edib ki, Sədaqət Dadaşova qarşı tərəf olaraq, təqdim etmək istədiyi sənədləri normal üsullarla verməkdən imtina edib, hədə-qorxu tonu ilə danışıb: “Əgər o istəsəydi, telefonla canlı efirə bağlanardı, üzü bağlı formada efirə verərdik. Deyilən ifadələr vasitəsiz nitqlərdir. Nəriman Rəhimovun dedikləri və rəsmi sənədlər əsasında o fikirləri səsləndirmişəm”. O, əlavə edib ki, səsləndirdiyi ifadələrdə böhtan və təhqir xarakterli heç nə yoxdur və bəraət verilməsini istəyib. Məhkəmə Zaur Baxşəliyevin əməlinə hüquqi qiymət verərkən belə nəticəyə gəlib ki, onun tərəfindən səsləndirilən fikirlərdə Sədaqət Dadaşovanın şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması təsdiqini tapmayıb. Həmçinin Nəriman Rəhimova münasibətdə də məhkəmə hesab edib ki, onun səsləndirdiyi fikirlərdə Sədaqət Dadaşovanın şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədi olmayıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin hər ikisi - həm Zaur Bxşəliyev, həm də Nəriman Rəhimov haqqında bəraət hökmü çıxarılıb. Geri qayıt |