Əsas Səhifə > Şou-biznes > "Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib"

"Xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib"


Dünən, 08:39

Mən uzun illərdir ki, sosial verilişlərdə ekspert kimi fəaliyyət göstərirəm. Bütün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, mən heç vaxt haqsızlığa göz yuma bilmirəm. Biz bu verilişlərə ekspert olaraq qatılırıqsa, bu o demək deyil ki, büsbütün qüsursuzuq və həyatımızda səhvlər olmayıb. Əksinə, elə həyat təcrübəmiz, yaşadığımız acı və şirin hadisələr bizə imkan verir ki, studiyaya gələn insanlara düzgün yol göstərək, onlara nəsihət verək, bəzən isə birlikdə çıxış yolu axtaraq ki, həyatları puç olmasın.
Təəssüf ki, bəzən verilişə müraciət edən şəxslər bizdən mühüm məlumatları gizlədirlər. Daha sonra sosial şəbəkələr üzərindən bizə yazaraq bildirirlər ki, filan iştirakçı efirdə yalan danışıb. Biz bu yalanları üzə çıxaranda isə, onlara ləzzət etmir...
"Bizimləsən" verilişinə müraciət edən 86 yaşlı bir kişi hazırda ortada qalıb. Hətta onun üzərindən gələn xoşagəlməz qoxu bütün studiyanı bürüyür. Nəvəsi və nəticəsi studiyaya gələrək ev davası edir, guya babalarına görə can yandırırlar. Mən isə açıq şəkildə dedim: “Əvvəlcə babanızın gigiyenik və sanitar baxımsızlıq vəziyyətini həll edin, sonra ev məsələsini müzakirə edin." Bu isə qarşı tərəfdə narazılıq doğurdu, münaqişəyə çevrildi. Ən önəmlisi isə odur ki, kişinin doğma övladı atasına sahib çıxmaq, ona qayğı göstərmək istəyir. Təəssüf ki, nəvə və nəticə şəxsi ambisiyaları naminə buna imkan vermirlər...
Məhz sosial verilişlərdəki ekspertlik fəaliyyətimə görə xalq arasında mənə “Düzünə Mehriban” ləqəbi verilib. Bu ad, illərdir cəmiyyətin qarşısında qorxmadan həqiqəti söylədiyim, ağa “ağ”, qaraya “qara” dediyim üçün mənə layiq görülüb.
Mən peşəkar aktrisayam. İstəsəm, elə aristokrat, xanım-xatun obrazı yaradaram ki, hamı heyrətlə baxar. Amma efirdə sərgilədiyim emosiyalar rol deyil, içdən gələn bir yanğı, bir vətəndaş ağrısıdır. Yoxsa heç vaxt səhhətimə zərər verəcək qədər emosiyalara qapılmaram.
Bunun da fərqindəyəm ki, düşmənlərim emosional vəziyyətimdən qərəzli şəkildə istifadə edərək sosial şəbəkələrdə mənə qarşı manipulyativ və təhrif olunmuş məlumatlar yayırlar. Lakin gözəl bir atalar sözümüz var: "Yel qayadan nə aparar?" Güclü külək əsirsə, qoy söyüd narahat olsun. Çinara heç nə olmaz!
Sevgilərlə...
Mehriban Xanlarova - əməkdar artist
"DİA-AZ"

Geri qayıt