Əsas Səhifə > Şou-biznes > "Məqalələr yazmışam, TV verilişləri aparmışam"
"Məqalələr yazmışam, TV verilişləri aparmışam"Bu gün, 11:13 |
![]() Tanınmış müğənni Nura Surinin son vaxtlar sosial şəbəkədə ciddi mövzularda etdiyi paylaşımlar qınağa tuş gəlib. Bəziləri müğənninin Rusiya-Ukrayna müharibəsindən, Tramp-Zelenski qalmaqalından və bu kimi digər ciddi məsələlərdən yazmasına gülüş smayliklərilə reaksiya verib. Nura Suriyə şou-biznesdən patlaşınlar etmək tövsiyə olunub. Bu cür reaksiyalar Nura Surini özündən çıxarıb. Modern.az-ın məlumatına görə, müğənni ona irad tutanlara cavab verib. Nura Suri deyib ki, o, yazı yazmaq sahəsində naşı deyil: “Hələ 2005-2006-cı illərdə Day.az saytı üçün köşə məqalələri yazırdım, rəhmətlik Anar Məmmədxanovun məsləhəti ilə. Sonralar 1news.az saytında Feliks və Seymurla layihəmiz var idi, müsahibələr edirdik. “Lider” TV, ANS, “Space” TV, ATV telekanallarında da veriliş aparıcısı kimi fəaliyyət göstərmişəm. Uşaqlıqdan kitab oxumağı sevdiyimdən, bəzən istifadə etdiyim cümlələr kitabdan götürülmüş kimi olur. Danışanda daha sadə və hamının anlayacağı dildə danışa bilirəm, yazanda isə daha mənalı və doğru sözlərdən istifadə etməyə çalışıram. Albomlarım və saysız mahnılarım var, aralarında öz bəstələrim və söz müəllifi olduqlarım da mövcuddur. Sadəcə, piara nə pul, nə də vaxt ayırıram. Özümü gözə soxmaq və hamıya sevdirmək kimi ambisiyam da yoxdur. Vaxtımı və pulumu övladlarıma sərf etmişəm və onlara yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm. Paralel olaraq, boşanma prosesim məhkəmələrdə 10 il sürüb. Hamının düşündüyü kimi aliment də almamışam. Uşaqlarımı pullu məktəbdə oxutdurmuşam və onları idmana və digər məşğələlərə yönləndirmişəm ki, həm savadlı, həm də sağlam olsunlar. Böyük oğlum Londonda təhsil alıb, ortancıl oğlum Amerikada. Kiçik oğlum bu il Oxford məktəbini bitirir və sənədlərini xarici universitetlərə qəbul üçün hazırlayırıq. Vaxtımın çoxunu övladlarımla keçirirəm. İstirahətə, dostlarımla restorana belə getdikdə, övladlarımın yanımda olmasına üstünlük verirəm. Yəni, prioritetim övladlarımdır. Mən də bütün gün efirlərdə ola bilərdim, piarama pullar xərcləyə bilərdim və bu gün bəziləri “nə oxuyur, nə mahnıları var ki” deyə bilməzdi. Yetərincə mahnılarım var və hamısı da səviyyəli aranjiman olunmuş, peşəkarlardan alınan mahnılardır. “Üç badam bir qoz” tipli mahnılar trendə olduğu üçün narahat deyiləm. Nə qədər ki, məni dinləyib sevənlər var, tədbirlərində görmək istəyənlər var, sənətimlə məşğul olacağam. Beləliklə, haqqımda bilmədiklərinizi yazmaq yerinə, bilib yazın deyə bunları paylaşmağa qərar verdim”. Geri qayıt |