Əsas Səhifə > Şou-biznes > “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”Bu gün, 09:32 |
“20 yanvar hadisələrini heç vaxt unuda bilmirik. Xalqımızın ən ağır günlərindən biri idi. Düz 35 il əvvəl bu gecə - 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan tarixinə qara hərflərlə yazılmış "20 yanvar" faciəsi baş verdi. Bilirsiniz ki, televiziya hər zaman xalqın ümid yeri olub. Bizim üçün də çox ağır gün idi” Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib: “Bu Qarbaçovun bir oyunu idi. Çox şey artıq yadımdan çıxıb. O vaxt biz məşhur “Cücələrim” kafesinin üstündəki binada olurduq. Biz işdəydik, tez evə göndərdilər ki, televiziyaya hücum gözlənilir, tez olun qaçın evinizə. Sədr bir maşın verdi bizə. 4 nəfər diktor xanımı güc-bəla ilə evlərinə apardılar. Biz heç evə getmək istəmirdik. İstəyirdik elə işdə qalaq. Nigaran idik. Bundan sonra hadisə baş verdi. Mən evə gələndə pəncərəni açıq qoydum ki, studiya tərəfdə nəsə hadisə baş versə səsini eşidim, tez köməyə qaçım. Adam nigaran qalır da. Elə oldu ki, studiyanı ələ keçirtdilər, enerji blokunu partlatdılar. Əsgərlərin əllərində silah televiziyanın qarşısında dayanmışdılar. Hətta diktor mətni oxuyanda studiyada əsgərlər avtomatla dayanıb, silahı onun üzünə tuşlamışdılar. 21 yanvarda artıq işdə idik. Xalqın, tamaşaçın üzünə baxmaq çətin idi. Bu faciə ilə bağlı xalqa başsağlığı vermək, hadisənin detallarını çatdırmalı idik. Çox ağır idi. Xəcalət çəkirdik o günü efirə çıxdığımıza görə. Məhəllələrdən çay kimi qan axırdı.. O günləri biz yaşamışıq.. Bizim xalqımız həqiqətən də qorxmaz və mərd xalqdır” deyə diktor bildirib. Ofeliya Sənani səhhətindən də danışıb: “Səhhətim çox pisdir. Halım heç yoxdur. Bu günlərdə mənə zəng edib dedilər ki, Bəhram Bağırzadə ilə sizi gördük, çox yaxşı görünürdüz. O foto köhnədir. Sadəcə yeni paylaşılıb. Mən heç çölə çıxmıram. Müalicələr alıram, həkimlər evə gəlir” deyə diktor bildirib. Geri qayıt |