Əsas Səhifə > Şou-biznes > Elza Seyidcahanla təkcə salam-sağolumuz qalıb
Elza Seyidcahanla təkcə salam-sağolumuz qalıbDünən, 00:08 |
“Ötən il dişlərimi düzətdirirdim, ona görə də efirlərə çıxa bilmədim. Bilirsiniz ki, sənətçi üçün xarici görünüş, xüsusilə də onun təbəssümünü yansıdan dişlər sağlam olmalıdır. Təzəlikcə bir neçə dost-tanışa ərkyanə zəng etmişəm. Gözləyirəm ki, kim məni efirlərə dəvət edəcək?! Dəvət edən də sağ olsun, dəvət etməyən də” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib. “İndiyə qədər heç bir aparıcıya yaxud verilişin əməkdaşına deməmişəm ki, filankəs ordadırsa mən gəlmirəm. Amma belə baxıram ki, bu gündən sonra gərək edim. Çünki belə edənlərin hörməti, dəyəri daha çox olur, nəinki bizlərin. Gərək özündən razı olasan! Müğənnilər var deyirlər ki, filankəs ordadırsa mən gəlmirəm, filankəs kimdir ki, mən onunla efirə çıxım?! O qədər verilişlər olub getmişəm, bilməmişəm ki, yanımda oturan kimdir? Heç onlar da məni tanımayıblar. Amma etika xatirinə münasibət bəsləmişəm” deyə müğənni bildirib. “Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun qalmaqalı sizcə tamaşaçıya maraqlıdır?” sualına müğənni belə cavab verib: “Şəxsən mənə yerli-köklü maraqlı deyil. O ki, qaldı tamaşaçıya.. Efirdə nə göstərirlərsə tamaşaçı da ona baxır. Tamaşaçıya sənət nümayiş etdirsələr, sənət maraqlı olacaq. Kim-kimlə qırışdı, kim-kimlə barışdı, tamaşaçı nə etsin? Ortalığı bulandırırlar! Sənət barəsində heç danışan yoxdur, heç kimə maraqlı deyil. Biri demir ki, dur gəl efirdə canlı performans göstərək. Bəlkə də qalmaqal edən ifaçıların özlərinə də gündəmdə olmaq maraqlıdır. Bunu deyə bilmərəm. Kiminləsə aramda soyuqluq varsa, onu yerində həll edərəm, efirdə yox. Tamaşaçı üçün onların nöqteyi nəzərindən bəlkə də mən maraqsızam. Bəlkə də buna görə məni efirlərə çağırmırlar. Mən sənətim haqda, planlarım barədə danışa bilərəm. Müğənninin hörməti, sanbalı onda itir ki, onun sənəti haqda yox, şəxsi həyatı, qalmaqalı haqda danışırlar. Qalmaqallar artıq gülünc görünür. Verilişlər bazara oxşayır” deyə müğənni bildirib. Şəhla Həmidova deyib ki, vaxtilə həmkarlarından dəstək istəyib: “Oğlum universitetdə oxuyan illərdə bir çox müğənnilərə toy üçün müraciət etmişdim. Sahib İbrahimovdan başqa heç kim mənə dəstək olmadı. O məni çox toylara dəvət etdi. Digər həmkarlarımın heç biri mənə kömək olmadı. İncimirəm də, ürəyimdə kin də saxlamıram. İstəmirlərsə çağırmırlar. Hamının ruzisini Allah yetirir. Heç kimə möhtac deyiləm” deyə o bildirib. Şəhla Həmidova illər əvvəl əməkdar artist Elza Seyidcahanla aralarında baş verən soyuqluqdan da danışıb: “Verilişlərdən birində kiçik anlaşılmazlıq baş vermişdi. O mənə irad bildirmişdi. Mənim həddim nədir ki, kiməsə durduğum yerdə irad bildirim, söz atım. Söhbət orada oldu və qurtardı. İndi ancaq salam-sağolumuz qalıb. Başqa münasibətimiz yoxdur. Mən bütün müğənnilərlə münasibətimə sərhəd qoymuşam. Bu sərhəd də həmişə qalacaq. O sərhədi aşmaq olmaz. Mən də heç vaxt aşmayacam” deyə Şəhla Həmidova bildirib. Geri qayıt |