Əsas Səhifə > Şou-biznes > "Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər"

"Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər"


14-08-2024, 09:47
"Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər"
“Cəfər Cabbarlının nəvəsi olmaq insanda həm məsuliyyət, həm də fəxr hissləri yaradır. Bu adın üstümüzdə bir ağırlığı, xüsusi çəkisi var. Cəfər Cabbarlının nəslindən olduğum, onun qanını daşıdığım üçün fəxr edirəm. Nəsə addım atanda birinci onu düşünürük ki, onun adına layiq hərəkətlər edək. O məsuliyyət hissi hər zaman bizimlədir"

Bunu Moderator.az -a açıqlamasında Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Qəmər Bağırova (Seyfəddinqızı) deyib. O daha sonra Cəfər Cabbarlının kino fəaliyyətindən danışıb.

"Bu il Cəfər Cabbarlının 125 yaşı tamam oldu. O yazıçı-dramaturq, eyni zamanda böyük teatr, kino xadimi, rejissor olub. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərib. Azərbaycan milli kinosunun yaranmasında Cabbarlı çox böyük işlər görüb. Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər, o çətin illərdə Cabbarlı Azərbaycanda yenicə yaranmış kino sənəti üçün çalışmağa başlayır. O dövrdə kinostudiya "Azərbaycan Kino fabriki" adlanırdı. Azərbaycanın ilk milli kinosenaristi olur. Onun ssenarisi əsasında 1928-ci ildə, Mirzə Fətəli Axundovun ölümünün 50 illiyi münasibəti ilə "Hacı Qara" filmi çəkilir. Cabbarlı həm ssenarist idi, həm də çəkilişlərdə birbaşa özü iştirak edirdi. O təkcə ssenari yazmırdı, Cabbarlı eyni zamanda kino sənətinə yeni milli kadrların cəlb olunması, hazırlanmasında da böyük işlər görürdü. Əcnəbilərin kinostudiyada çalışması onu narahat edirdi. Bizimkiləri ancaq texniki işlərdə işlədirdilər. Cabbarlı bunu heç vaxt qəbul edə bilmirdi. Hətta onun bir məqaləsi də var idi ki, “Hara gedir Azərkino?”. Məqalə rus dilində idi. Öz etirazını bildirirdi.. Bu münasibətlə o bir sıra milli kadrları kinoya cəlb etmişdi. Bunlara misal olaraq Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, ilk kino aktrisamız İzzət Orucovanı xüsusilə qeyd etmək istəyirəm. Cabbarlı "Sevil" filminin ssenarisini yazandan sonra 1929-cu ildə filmi çəkməyə başlayırlar. O filmin çəkilişlərində Cabbarll həm rejissor kimi iştirak edir, həm də əsas rejissor işini da o görür, ssenari işini də. Çünki Sevil roluna erməni aktrisasını artıq dəvət etmişdilər, filmin rejissoru da erməni idi. Cabbarlı bununla heç cür razılaşa bilmirdi ki, Azərbaycan qadınının obrazını erməni aktrisa yaratsın. Ona görə də Cabbarlının təkidi ilə Sevil roluna azərbaycanlı qızı çəkildi. Cabbarlınln İzzət Orucovanı axtarıb tapması da çox böyük çətinliklə başa gəlmişdi. Sonrakı vaxtlarda da "Almaz" filminin çəkilişlərində də İzzət xanım iştirak etdi və Almaz rolunda çəkildi" deyə o bildirib.

Ədibin nəvəsi bildirib ki, babasının adının bu gün "Azərbaycanfilm" kinostudiyası ilə bağlılığı belə qalmayıb. O faktlarla danışıb.

"Cabbarlının kino fəaliyyətini nəzərə alıb, əlbəttə ki, o vaxt kinostudiyaya Cəfər Cabbarlının adı verilib. Bu kişinin adı kinostudiyaya elə-belədən verilməyib. Çox təəssüflər olsun ki, son vaxtlarda Cabbarlının adını biz orada görmürük! Sadəcə "Azərbaycanfilm" kinostudiyası gedir. Mən maraqlanıb soruşdum ki, həqiqətən belə bir rəsmi xəbərdarlıq olubmu ki, sizə Cəfər Cabbarlının adını oradan siləsiz?! Dedilər ki, xeyr belə bir xəbərdarlıq yoxdur, sadəcə görünür ki, Cabbarlı adı onlara mane olur. Ona görə də belə lazım biliblər. Əgər bu kişinin adı rəsmi götürülməyibsə, niyə adını çəkmirsiz?" deyə görkəmli ədibin nəvəsi deyib.

Geri qayıt