Əsas Səhifə > Şou-biznes > "Teatrların kommunal xərclərinin azaldılması, onlar üçün güzəştli ödənişlərin tətbiq edilməsi vacibdir"

"Teatrların kommunal xərclərinin azaldılması, onlar üçün güzəştli ödənişlərin tətbiq edilməsi vacibdir"


8-08-2024, 08:41
"Teatrların kommunal xərclərinin azaldılması, onlar üçün güzəştli ödənişlərin tətbiq edilməsi vacibdir"
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) yeni seçilən sədri -Xalq artisti Hacı İsmayılov İttifaqın görəcəyi bəzi işlər barəsində danışıb.

Xalq artisti TNS-ə açıqlamasında əvvəlcə göstərilən diqqətə görə təşəkkürünü bildirib: “Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransının bir neçə ay sonra keçirilməsi nəzərdə tutulsa da, müəyyən vaxt dəyişikliyi oldu və iyulun 22-də baş tutdu.

Açıq səsvermə ilə yekdilliklə ATXİ İdarə Heyətinin sədri seçildim. Bu etimada görə təşəkkür edirəm. Göstərdiyiniz diqqət və təbrikə görə sizə də təşəkkür edirəm”.

İttifaqın gördüyü işlər barəsində danışan sədr son beş ildə keçirilən festivallar, xarici ölkə teatr xadimləri ilə görüşlər, yubiley tədbirləri haqqında məlumat verib.

Hacı İsmayılov öz təşəbbüsü ilə başladıqları “Qonaq teatr” layihəsi çərçivəsində həyata keçirilən işlərdən bəhs edib və layihəni davam etdirəcəklərini vurğulayıb.

Sədr ən əsas hədəflərindən birinin İttifaqın “Aktyor evi”nin bərpası ilə bağlı olduğunu vurğulayıb: “Teatrların kommunal xərclərinin azaldılması, onlar üçün güzəştli ödənişlərin tətbiq edilməsi vacibdir. ATXİ-nin A.M.Şərifzadə adına “Aktyor evi”nin əsaslı təmirə ehtiyacı var. Oranı təmir etdirməyi, teatrsevərlər üçün gözəl bir məkana çevirməyi çox arzu edirəm. Qurumun bunun üçün maliyyə imkanları yoxdur. Ona görə, bu işdə teatr sənətini sevən insanların dəstəyinə ehtiyac var. Planlar çoxdur və zamanla həyata keçirməyə çalışacağıq”.

Geri qayıt