Əsas Səhifə > Şou-biznes > “Milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik”
“Milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik”3-08-2024, 09:47 |
Hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü qeyd olunur. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Artıq Azərbaycan kinosunun yaranmasından 126-cı il ötür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur. Milli Kino Günü münasibəti ilə “Yeni Müsavat”ın əməkdaşı Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudovla söhbətləşib. Müsahibəni təqdim edirik: - Əbdül bəy, öncə Milli Kino Günü münasibəti ilə sizi təbrik edirik. Milli kinomuzda sizin də özünüzə məxsus yeriniz, imzanız var. Bu gün “Azərbaycan kinosu can verir”, “milli kinomuz çoxdan çöküb” kimi fikirlərlə tez-tez rastlaşırıq. Necə düşünürsünüz, milli kinomuz əvvəlki simasına nə zaman geri dönə biləcək? - Bəli, 2 avqust bizim bayramımızdır. Bu münasibətlə Nizami Kino Mərkəzində böyük tədbirimiz olacaq (müsahibə 2 avqustda alınıb). Yəni, hazırda olmayan, amma nə vaxtsa olan kinomuzun bayramını keçirməyə çalışırıq. Gün o gün olsun ki, milli kinomuz əvvəlki simasına geri dönsün, bərpa olunsun, həmin günü də bayram kimi qeyd edək. Bəli, bu gün milli kinomuz elə bir vəziyyətdədir ki, biz onu yalnız dövlət səviyyəsində xilas edə bilərik. Aşağı səviyyədə biz yalnız onun müzakirəsini aparıb, təkliflər verə bilərik. Yəni, kinonuzun yenidən dirilməsi üçün yüksək səviyyədə dövlət qayğısı lazımdır. Ümumiyyətlə, biz bu məsələni 30 il uzatdıq, gecikdirdik, əlimizdə olan texnika da artıq müasir tələblərə cavab vermir. Amma nə yaxşı ki, bu gün Mədəniyyət Nazirliyində bu məsələ ilə bağlı ciddi maraqlanırlar, xüsusi qayğı var. Şəxsən mən özüm nazir Adil Kərimli ilə dəfələrlə görüşüb, kinomuz haqqında müzakirələr aparıb, təkliflərimi vermişəm. Görünəni budur ki, Adil Kərimli kinomuzun dirçəlməsinə çalışır və biz də ümid edirik ki, yaxın vaxtlarda uğurlu nəticə olacaq. Hesab edirəm ki, teatrlar kimi kinomuza da dövlət statusu verilsin. - 126 il ərzində xeyli filmlərimiz çəkilib. Həmin filmlər arasında hansı sizin üçün klassikadır, möhtəşəmdir? - Bugünkü eybəcər, rüsvayçı prodakşnların fonunda bizim bütün milli kinolarımız klassikadır. - Son vaxtlar hansısa milli kinolarımızın məsxərəyə qoyulduğunu, barəsində “heç bir mənası yoxdur” kimi fikirlər səsləndiyinin şahidi oluruq... - Bir daha qeyd edirəm, hazırda prodakşnların çəkdiyi filmlərin heç bir peşəkarlığa, milli kinomuza dəxliliyi, aidiyyəti yoxdur. O ki qaldı köhnə filmlərimizə, qeyd etdiyim kimi, onların hər biri yeni çəkilənlərin fonunda klassikadır. - Məlum olduğu kimi, bu ilin mart ayında iki kino ittifaqı birləşdi, sədri Xalq artisti, dəyərli aktyorumuz Rasim Balayev seçildi. Bu dövr ərzində kinematoqrafiyaçılar arasında birlik yarana bildimi, bir araya gəlindimi? - Bəli, Allaha şükür ki, iki ittifaqı bir araya gətirib, birləşdirdik. Amma bir məsələ var, prinsipə əsasən kino ittifaqının kino istehsalatına heç bir aidiyyəti yoxdur. Yəni, Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı sadəcə kinoda ömür-gün sürən, hazırda xəstə, ehtiyacı olan kinoçulara müəyyən dəstək verir və yaxud barələrində prezidentə, nazirliyə müəyyən təqdimatlar, məktublar göndərirlər. Bir daha qeyd edirəm, qurum kimi onun Azərbaycan kino yaradıcılığına heç bir aidiyyəti, təsiri yoxdur, yalnız ictimai işlərlə məşğuldur. O ki qaldı kinoçuları birləşməsinə, bir araya gəlməsinə, bəli, birləşdik. Xatırlayırsınızsa, mart ayında quruma sədr seçiləndə alayarımçıq, gülməli də olsa bir konfrans keçirdik. Rasim Balayev quruma sədr seçildi, Şəfiqə Məmmədova da rəsmi istefa verdi. Buna baxmayaraq, Şəfiqə Məmmədova 5 aydır ki, ittifaqa aid olan otağı, nə də maşının açarını təhvil vermir. Ümumiyyətlə, bu məsələni kinoya aid etmək, qarışdırmaq olmaz. Bu, ictimai problemdir və hesab edirəm ki, yaxın zamanlarda öz yoluna qoyacağıq. - Bəs Şəfiqə Məmmədova ilə münasibətləriniz necə, düzəlibmi? - Çox yaxşıdır. Biz onunla tələbə yoldaşı olmuşuq. Konfransda istefa verəndən sonra gördüm ki, tək-tənha qalıb. Ətrafında, başında birləşib, onun hesabına gündəmə gələnlərdən biri də həmin vaxt ona yaxın gəlmədi. Amma mən ona yaxınlaşdım, qucaqlayıb, öpdüm, təsəlli də verdim. O da bunu normal qarşıladı. Ümumiyyətlə, həmin konfrans çox qəribə şəkildə keçirilmişdi və mətbuat da bilir, mən seçkidə iştirak etmədim. Konfransda nə hesabatlar verildi, nə müzakirələr aparıldı. Tələm-tələsik Şəfiqə Məmmədovaya istefa verdirib, Rasim Balayevi sədr seçdilər. Amma 5 aydır ki, təşkilat yoxdur, Rasim Balayev bir qapıda, Şəfiqə Məmmədova da digər qapıda qalıb. Yəni ortada bir anlaşılmaz vəziyyət var. Amma bir daha qeyd edirəm, əsas məsələ milli kinomuzun dirçəlməsi, kinostudiyamızdır. - Kinostudiyadan söz düşmüşkən, bu günlərdə “Azərbaycanfilm”in rəhbərliyi gözlənilmədən istefa verdi, sonrada qurumda xeyli sayda istefalar olduğunu eşitdik. Nə məsələdir? Kinostudiyada nə baş verir? Hazırda vəziyyət necədir? - Mən ayda 3 dəfə hazırda xarabalığa çevrilmiş o kinostudiyaya gedib baxıram, kövrəlirəm, ağlayıram, əsəbiləşirəm, sonra da geri dönürəm. Demək, vaxtilə 2 mindən çox işçisi olan kinostudiyada bu gün cəmi 40 adam qalıb. Hazırda studiyanın rəhbəri bizim öz kadrımız, Moskvada təhsil almış Azər müəllimdir. Onunla görüşdüm, mənə dedi ki, cəmi 40 işçisi var, onların da arasında 2 nəfər xanım analıq məzuniyyətindədir, digər iki nəfər də xəstədir. Kinostudiyanın işıq və su pulunu da ödəyə bilmirlər, gəlib tez-tez kəsirlər, onlar da qaranlıqda, susuz qalırlar. Yəni hazırda kinostudiyada vəziyyət bu cür acınacaqlıdır. - Tamaşaçılar sizi daha çox “Yeddi oğul istərəm” filmindəki Qasım obrazı ilə tanıyırlar. Yəni Şeyx Əbdül Mahmudov deyəndə gözümüzün önünə ilk olaraq, Qasım obrazı gəlir. Bəs sizin üçün hansı obraz və yaxud hansı film daha doğma, yaxındır? - Mənim üçün obrazın böyük-kiçiyi yoxdur. Mənim ruhumun rolu “Nəsimi” filmindəki Dərvişdir, amma mədəni ideologiyamın başında “Yeddi oğul filmi” dayanır, insan obrazı kimi isə məni çox kövrəldən “Şərikli çörək” flmindəki aldadılan oğlan obrazıdır. Ruhum və əqidəm isə “Şah İsmayıl Xətai”, “Ağa Məmməd Şah Qacar” filmidir ki, onların da artıq ssenarisi hazırdır və son nəfəsimə qədər çalışacağam ki, onları çəkim, ərsəyə gətirim. - May ayında sizin 80 yaşınız tamam oldu. Amma nədənsə yubiley tədbirini görmədik. Səbəb nədir? İl ərzində 80 illik yubileyinizi qeyd etməyi düşünürsünüzmü? - Səbəb mənim kinomuz uğrunda apardığım mübarizədir. Hər zaman haqqı tələb edirəm. Fikirlərim də çox zaman kimlərinsə xoşuna gəlmir. Doğrudur, mədəniyyət naziri Adil Kərimli şəxsən məni çağırıb, yubileyimi təbrik etdi. Alim Qasımov və digərləri də orada idi. Amma yubileyim yaradıcılıq şəklində qeyd olunmadı. Milli Kino Gününü geridə qoyum, bundan sonra bu məsələni gündəmə gətirəcəm. İnsanların zəhmət haqqını vermək lazımdır. - Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı da yubileyinizə biganə yanaşdı? -Bəli. Onlar mənə düşmən kimi yanaşırlar. Məni heç təbrik də etmədilər. Halbuki iki kino ittifaqını mən birləşdirdim, Rasim Balayev də gəlib sədr seçildi. Sözün doğrusu, mən onlardan heç təbrik gözləmirdim də. Çünki onlar mənim üçün kino adına heç bir əhəmiyyət kəsb etmirlər. Halbuki, həmin ittifaqda oturanlar zamanında məni özlərinə müəllim kimi görür, mənimlə görüşməyi özlərinə şərəf sayırdılar. Bəs indi nə oldu, nə dəyişdi? Mən ömrümün 60 ilini bu kinoya həsr etmişəm. Hətta Xalq artisti Hacı İsmayılov məni təbrik edib və mən həmin vaxt ölkədə olmadığım üçün təbrik teleqramını ittifaqa göndərib, ittifaq isə o məktubu belə mənə verməyib... Amma bu gün, 2 avqust bizim bayramımızdır. Ona görə də bütün kinoçuları bu bayram münasibəti ilə təbrik edirəm. İnanıram ki, milli kinomuz tezliklə bərpa olunacaq. Geri qayıt |