Əsas Səhifə > Şou-biznes > "Parlament yatmaq yeri deyil"
"Parlament yatmaq yeri deyil"22-07-2024, 09:29 |
“Parlament seçkilərinə namizədliyi irəli sürülən şəxslərlə bağlı “atalar getdi, indi isə oğulları gəlir” yanaşması yanlışdır. Bu dünyada heç kim heç kimi əvəz etmir. Dünyada 8 milyarda yaxın insan var, heç birinin barmaq izi eyni deyil. Ola bilsin ki, böyük bir məmurun oğlu vətənpərvər, işgüzar, namuslu, xalqına xidmət edəsi biridir. Nə dəxli var ki, onun atası məmurdur, yoxsa kənddə torpaqsulayandır? Əsas fərdin özü, insani xüsusiyyətləri, elmi, biliyi, dünyagörüşü, Vətəninə münasibəti, ürəyindəki eşqidir. Bunlar hansı dərəcədədir? Əsas odur. Yoxsa biz bəzən kimisə qaralayırıq ki, “filankəs filankəsin oğludur”, yaxud “kasıbın oğludur”. Belə yanaşmalar tamamilə səhvdir. Bəli, yumşaq dillə desək, özünü “hərəkətsizlikdə”, heç bir fayda verməməkdə ifşa etmiş adamlar parlamentə yenidən can atırlar. Bu, tamam başqa məsələdir və buna kəskin mövqeyimi həmişə bildirmişəm. İllərdir, parlamentdə oturmusan, hələ də yaralı barmağı sarımamısan, amma yenə gedib parlamentdə oturmağa iddialısan. Parlament yatmaq yeri deyil. Toxunulmaz hüququ qazanırsan ki, gedib alver edəsən? Deputat olacaqsan ki, “mənə toxunmasınlar””. Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. “Əvvəllər demişdim ki, parlament tamam təzələnməlidir, amma yenə nəsə "gözüm su içmir", açıq deyirəm. Axı xalqın daha yaxşı oğulları var. 10 milyondan çoxuq. Məgər ləyaqətli 125 təmsilçi tapa bilmirik? Doğrudan da, gülüncdür. Bir var, 10 min deputat olardı, deyərdik ki, parlamentə təsadüfi insanlar düşüb. 125 insanı isə gərək ora zərrəbinlə seçib göndərək ki, bizim simamızdır, xalqın simasıdır. 125 adam 10 milyon xalqın təmsilçisidir. Bu insanları 10 milyon seçib. Düzdür, nə dərəcədə seçib, ya seçməyib, bunu deyə bilmərəm. Hər halda 10 milyonun güzgüsü bu 125 adamdır. Gərək, elə seçək ki, dünya qarşısında xəcalətli olmayaq. Bunu dəfələrlə demişəm ki, parlament, icra strukturlarımız Prezidentə layiq olsunlar. Bizdə isə dağ-dərə fərqi var. Prezident dünyanın ən güclü liderləri sırasındadır. Onunla ikiəlli görüşürlər. Biri qorxusundan, biri şəxsiyyətinə pərəstişdən Prezidentlə qucaqlaşıb öpüşür, etimad, sevgi göstərir. Dağdan dərəyə enib deyirsən ki, ay Allah, bu nə parlamentdir, bu nə icra başçıları, nə nazirlərdir? Cənab Prezidentin səviyyəsinə qalxmaq mümkün deyil, heç olmasa ona yaxın olsunlar. Sentyabrdan sonra baxaq görək nə var, nə yox. Yenə də deyirəm, "gözüm su içmir". İnanmıram ki, real bir parlament olsun. İdealdan danışmırıq, heç olmasa babat olsun. Danmıram ki, parlamentdə gözəl insanlar var. Köhnə parlament üzvlərindən bəziləri yenidən o sıraya qatılsalar, yaxşı olar. Məsələn, Novruz Aslan, Fazil Mustafa... Onları parlamentdə yenidən görmək istəyirəm. Fazil Mustafanı istənilən tribunaya çıxar, danışığı, savadı ilə səni ləyaqətlə təmsil edəcək. İkisinin adını çəkdim, amma görürsünüz, ikisindən uzağa gedə bilmirəm. Gülməlidir. Əslində hamını tanıyıram, amma üçüncüsünü artıq fikirləşirəm. İstəyirəm, ən azından 125-dən 100-nün adını çəkim ki, ləyaqətlidir. Necə deyərlər, naxırın içində ala dana da olur, bunsuz mümkün deyil. Görək nə olur...”, - o bildirib. Geri qayıt |