Əsas Səhifə > Şou-biznes > "O sanki özünü oynayırdı"

"O sanki özünü oynayırdı"


1-07-2024, 07:04
"O sanki özünü oynayırdı"
“Atam əslən Xızılı olsa da, Bakıda doğulub, boya-başa çatıb. Akademik Milli Dram Teatrında işləyib, orada rollar oynayıb. Amma onu tamaşaçılar daha çox “Bir cənub şəhərində” filmindəki Həsən obrazı ilə tanıyıb, seviblər. Filmdə olan obrazın xarakterinin 70-80 faizi atamda var idi. O sanki özünü oynayırdı. Yəqin ki, elə həmin xarakterlərə görə aktyorları rejissor bir filmdə cəmləyib. Atamı rejissor Eldar Quliyev sınaq çəkilişlərindən sonra filmə dəvət edib. Atam çəkilişlər haqda ürəkdolusu danışırdı. Həmişə deyirdi ki, o filmə çəkiləndə xoş dəqiqələrimi, xoş günlərimi yaşamışam, günün nə vaxt başa çatdığını bilməmişəm. Hətta 45 il sonra həmin filmin çəkildiyi məkana gedib, orada çəkilişlərdə iştirak etmişdi”

Bunu Moderator.az-a açıqlamasında mərhum aktyor Məcid Dadaşovun oğlu, tanınmış aktyor Manaf Dadaşov deyib. O daha sonra əlavə edib.

“Atamın zəhmini indi də hiss edirik. Baxmayaraq ki, artıq bir neçə ildir həyatda yoxdur, amma siması gözümüz önünə gələndə onun sözləri yadımıza düşür, ciddiliyini hiss edirik. Onun zəhmini mən az hiss etmişəm, çünki ərköyün olmuşam. Qardaşlarımın, bacımın yanında atamın adını bu gün də çəkəndə özlərindən asılı olmayaraq durub-otururlar. Bu gün atam xarakterində olan aktyorlar yoxdur deyə bilmərəm. Əlbəttə ki, var. O vaxt atam bu filmə çəkiləndə teatrdan çıxmışdı. Buna səbəb də rejissorlarla tutuşmayan xarakteri, münasibəti idi. Atam söz götürən adam deyildi. Bundan əlavə teatrda dolanışıq da zəif idi. Teatrdan çıxandan sonra idarələrdə rəhbər, lager müdiri, kinoteatrlarda rəhbər vəzifələrdə çalışıb. Ailəsini dolandırmaq üçün bütün bu addımları atmışdı” deyə aktyor bildirib.

Manaf Dadaşov bildirib ki, məşhur restoranlarda atasının şəkilindən istifadə olunur.

“Bir çox restoranlarda atamın “Bir cənub şəhərində” filmindəki şəkilindən istifadə edirlər. Bu mənə xoş təsir edir. Sevindirici bir haldır. Heç onlar bilmir ki, həmin şəxs mənim atamdır. Şəkildir də, vurublar. Lap yaxşı! Millətin, xalqın yadına salırlar. Tamaşaçılar bir daha atamı xatırlayırlar. Bunun nəyi pisdir ki?” deyə aktyor bildirib.
Geri qayıt