Əsas Səhifə > Şou-biznes > Azərbaycana qarşı yeni film: bu dəfə heç UNESCO da kömək etməyəcək

Azərbaycana qarşı yeni film: bu dəfə heç UNESCO da kömək etməyəcək


19-06-2024, 14:02
Azərbaycana qarşı yeni film: bu dəfə heç UNESCO da kömək etməyəcək
Qarabağın xristian irsinin guya Azərbaycan tərəfindən məhv edilməsi mövzusu erməni təbliğatının xəstə təxəyyülünü həyəcanlandırmaqda davam edir. Belə ki, “Rusiya Erməniləri İttifaqı” (SAR) ictimai təşkilatının prezidenti Ara Abramyanın təşəbbüsü ilə “Artsax kilsələrinin xilası” filmi çəkilib.

Bu filmdə Qarabağın “qədim erməni kilsələrini” xilas etmək çağırışı ilə UNESCO və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət var. SAR-ın məlumatına görə, bəşəriyyətin diqqətini bu problemə cəlb etmək məqsədilə film beynəlxalq təşkilatlara göndərilib və bu barədə dünya mətbuatında məlumat yayılıb.

Rusiya ictimai təşkilatı Azərbaycanı guya Qarabağın xristian abidələrini dağıdıb mənimsəməkdə ittiham etməklə yanaşı, həm də ölkəmizin daxili işlərinə qarışır, beynəlxalq strukturlara Bakı ilə bağlı nə etməli olduqlarını bildirir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan hakimiyyəti UNESCO missiyasının ölkənin Qarabağ bölgəsinə səfərinə mane olmur. Hələ 2023-cü ilin payızında rəsmi Bakı razılaşaraq missiyanın Ağdamdan keçərək Xankəndiyə getməsini və səfər zamanı Qafqaz Xirosiması adlanan Ağdamda erməni vandalizminin izlərinin də qeydə alınmasını təklif edib. Lakin UNESCO missiyası bununla razılaşmayaraq, erməni abidələrinin vəziyyətini qiymətləndirmək üçün birbaşa Xankəndiyə getmək istədiyini bildirib.

Təşkilatın bu mövqeyindən aydın olur ki, UNESCO ermənilərin 30 il ərzində Qarabağda törətdiyi vandalizm faktları ilə maraqlanmır. Yəni, UNESCO missiyası Ağdamda baş verən dağıntılara məhəl qoymayaraq, Xankəndiyə səfərdə israrla öz ikili standartlarını bir daha açıq şəkildə nümayiş etdirir.

UNESCO missiyası Ermənistan tərəfdən Azərbaycan ərazilərinin uzunmüddətli işğalının nəticələrini görmək istəmirdi. Çünki yaşayış məntəqələri yer üzündən silinmiş, məscidlər donuzxanaya çevrilmiş, Azərbaycan xalqının tarixi-mədəni irsi abidələri murdarlanmışdı.

Yeri gəlmişkən, 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” kitabı hazırlanaraq UNESCO-ya təqdim edilib. Burada Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəniyyət və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsinin təfərrüatı və alban kilsələrinin erməni kimi təqdim edilməsi əksini tapıb. Buna baxmayaraq, UNESCO-dan adekvat cavab gəlmədi.

Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşən xristian abidələri daha çox Qafqaz Albaniyasının tarixi irsidir ki, onlar uzun müddət erməniləşdirilməyə məruz qalıb. Bu cinayət əməllərinin məqsədi 19-cu əsrin əvvəllərindən etibarən ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı təkzibolunmaz faktları gizlətmək və onların bu ərazilərdə guya min illik mövcudluğuna dair saxta tarixi “dəlillər” yaratmaq niyyəti idi.

Baxmayaraq ki, erməni alimləri arasında həqiqətə çağıranlar da var idi. Məsələn, tarixçi B.İşxanyanın 1916-cı ildə Petroqradda nəşr olunmuş kitabında qeyd olunur ki, “Dağlıq Qarabağda yaşayan ermənilər qismən aborigenlər, qədim albanların törəmələri, qismən də Türkiyə və İrandan olan qaçqınlardır ki, onlar üçün azərbaycanlıların torpaqları zülm və təqibdən sığınacaq oldu”. (�?шханян Б. Народов Кавказ. Петроград, 1916).

Qarabağın guya qədim erməni torpağı olması barədə qondarma tarixi miflərə müraciət edən ermənilər bu torpaqlarda azərbaycanlıların çoxəsrlik məskəninin izlərini silmək üçün Azərbaycan xalqının tarixi-mədəni irsini dağıdıblar.

İki yüz ilə yaxın müddətdə epiqrafik yazılar silinib və ya dəyişdirilib, monastırların ərazisində basdırılmış Qafqaz Albaniyası hökmdarlarının məzar daşları dağıdılıb, alban xaçları erməni formasına dəyişdirilib, tikililərdə struktur dəyişiklikləri edilib. Ən əsası isə Qarabağın bütün xristian abidələri erməni xalqına məxsusdursa, bəs ermənilər niyə Xocalı rayonunun Ulubab kəndi yaxınlığında yerləşən Ptkes Berk Surb Gevorq monastırını zibilliyə çeviriblər?!

Öz xristian irsi ilə bağlı bu açıq-aşkar vandalizm faktı erməni təbliğatının Azərbaycanı bütün ölümcül günahlarda ittiham etmək üçün boş cəhdlərini bir daha inkar edir...

AYNA.az


Geri qayıt