Əsas Səhifə > Şou-biznes > "Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..."
"Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir..."12-06-2024, 09:06 |
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxıblar. Nazim Hüseynov işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib. Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir. Nazim Hüseynov və Aydın Hüseynovdan başqa prodüser Emil Nəcəfov da işdən çıxmaq haqqında ərizəsini təqdim edib. Bunu “Azərbaycanfilm” kinostudiyasının Mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov təsdiqləyib. Yada salaq ki, “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi. O da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı. Ovaxtkı mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Azərbaycanfilm”ə rəhbər “Salnamə”nin direktoru Nazim Hüseynov təyin edilmişdi. Ötən ilin aprelində Azərbaycan kinosunun 125 illiyi münasibətilə keçirilən tədbirdə N.Hüseynov bəzi məsələlərə aydınlıq gətirmişdi. O, 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən “Azərbaycanfilm”in payına düşən hissəsinin hesabatını vermişdi: “Nəzərinizə çatdırmaq istəyirəm ki, 2018- ci ildə dövlət büdcəsindən kinoya 1 milyon yarım ayrılıbsa onun ”Azərbaycanfilm"ə verilən qismi 372 780 manatdır. O da ümumi büdcənin 24.9 faizini təşkil edir. 2019-cu ildə kinostudiyaya 1 milyon 432 222 manat ayrılıb, bu, ümumi büdcənin 22 faizini təşkil edir, 2020-ci ildə 4 milyon 524 min manatdan kinostudiyaya 658.927 min manat ayrılıb, ümumi büdcənin 14.6 faizindən söhbət gedir. 2021 -ci ildə 6 milyon 500 min manatın 3 milyon dan bir az artıq hissəsi ayrılıb" deyə, o bildirib. O bildirib ki, əksər dövlət studiyaları bağlanıb: “Hazırda iki dövlət studiyası fəaliyyət göstərir: ”Salnamə" və “Azərbaycanfilm”. Qalan studiyaların hamısı bağlanıb: “Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur. Ayrılan büdcənin xərclənməsində ən qısa və şəffaf yol dövlət özəl studiyalarla tədbirlərin keçirilməsini faiz dərəcəsi ilə paylaşmaq, pitçinq, müsabiqə vasitəsilə o maliyyəni səmərəli istifadə edib normal filmlər ərsəyə gətirməkdir". Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” dövlət kinostudiyası 1920-ci ildə “Azərbaycan XMK-nın İncəsənət Şöbəsi” adı altında təsis olunub. Bəs niyə son direktor postuna uğurlu təyinat olmur? Təyin olunan direktorlar az keçməmiş bu postdan ya imtina edir, ya çıxarılırlar? Mövzu ilə bağlı kinoşünas Sevda Sultanova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir müddət əvvəl keçmiş sovet ölkələrində olan kinostudiyalar ilə bağlı araşdırma etmişdim. Belə bir nəticəyə gəldim ki, bu kinostudiyalar arasında ən bərbad vəziyyətdəki olan ”Azərbaycanfilm" kinostudiyasıdır. Mədəniyyət Nazirliyi, Kino Agentliyi, ümumiyyətlə bu sahəyə məsul olan məmurlar kinostudiyanın taleyi ilə bağlı nə düşünürlər, planları nədir, bunu bilmirəm. Bu haqda heç bir məlumat yoxdur, açıqlama da verilmir. Azərbaycan Kinematoqrafiyaçılar İttifaqı belə bir təkliflə çıxış etmişdi ki, yaxşı olardı müvəqqəti olaraq “Azərbaycanfilm” kinostudiyasının idarəçiliyi Kino İttifaqına verilsin. Lakin nədənsə, nazirlikdə bu təklif xoş qarşılanmadı. “Azərbaycanfilm” kinostudiyası bizim milli sərvətimizdir, Azərbaycan kino mədəniyyətinin təməl daşıdır. Buna görə də Mədəniyyət Nazirliyi və yaxud Kino Agentliyi kinostudiyanın taleyi ilə bağlı tez bir zamanda qəti addım atmalıdır. Hesab edirəm ki, digər MDB ölkələrində olduğu kimi “Azərbaycanfilm” kinostudiyasına milli status verilməlidir. Həqiqətən də bu gün “Azərbaycanfilm” kinostudiyası ölü vəziyyətindədir. Ümumi təəssürat isə belədir ki, sanki bu vəziyyət nə Mədəniyyət Nazirliyini, nə Kino Agentliyini, nə də ki, digər məsul şəxsləri narahat edir. Hər kəs bu haqda yalnız pərdəarxası danışır, publik olaraq danışan yoxdur. Məsələn, Nazim Hüseynov, Fariz Əhmədov, eləcə də Müşfiq Hətəmov doğrudan da bu gün “Azərbaycanfilm” kinostudiyasının taleyindən narahatdırlarsa, bu haqda analiz yazsınlar, desinlər ki, vəziyyət niyə bu cürdür, nə etmək lazımdır, öz təkliflərini bildirsinlər, zəhmət çəkib danışsınlar". “Bu məlumatı eşidən gündən mənim ürəyim ağrayır, çox ağır xəbər oldu”. Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib. Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib: “Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıb. 1276 nəfərlik studiya bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. ”Azərbaycanfilm" ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar". Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb: “Mədəniyyət Nazirliyi eyni zamanda ”Azərbaycanfilm" kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik". Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb: “Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”. Geri qayıt |