Əsas Səhifə > Şou-biznes > “İcra başçılarının yerində olsaydım, işdən çıxıb yığdığımı xərcləməyə gedərdim...”
“İcra başçılarının yerində olsaydım, işdən çıxıb yığdığımı xərcləməyə gedərdim...”5-06-2024, 11:39 |
Növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanda yeni idarəçilik modelinin tətbiq olunacağına dair xəbərlərin intensivləşməsi iqtidar komandasında əməlli - başlı canlanma yaradıb. Son vaxtlar hakim düşərgədə təmsil olunan ayrı-ayrı şəxslərin, xüsusilə icra başçılarının əhali ilə təmasları artırması müzakirələrə səbəb olub. Milli Məclis üzvlərinin də analoji qaydada davrandığını müşahidə etmək mümkündür. Bəs buna səbəb nədir? Necə oldu ki, birdən-birə əhali, onun gün-güzəranı deputatların yadına düşdü? Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu məsələyə münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında prezidentin uğurlu siyasəti fonunda parlament və icra strukturlarının ayaqlaşa bilmədiyini qeyd edib: “Mən bundan əvvəl də dəfələrlə demişəm ki, istər icra strukturları, istərsə də parlament bizim prezidentə yaraşmır. İnanın ki, onlar ölkəmizin bugünkü inkişafına, çapına, prezidentimizin nüfuzuna uyğun deyil. Təsəvvür edin ki, böyük bir zibillikdə gözəl bir ev tikilib. Axı evi tikəndə gərək ətrafdakı zibillikləri də təmizləyəsən. Bu gün bizim bütün dünyada fəxr edəcəyimiz prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Tutaq ki, jurnalistlər gəlir prezidentlə söhbət edirlər və görürlər ki, dünyanın bütün dillərində özlərindən də qat-qat yaxşı danışan, əzəmətli bir liderlə görüşüblər. Daha sonra hansısa deputat və ya icra başçısı ilə görüşəndə düşünürlər ki, biz bayaq Azərbaycandaydıq, indi hardayıq? Elə bil ki, antaqonist bir ziddiyyət var”. Baba Vəziroğlu bəzi icra başçılarının və deputatların əl-ayağa düşməsini saxta adlandırıb: “Prezidentimiz də dəfələrlə deyib ki, mənim sözüm imzamdır. Həqiqətən də bir çox icra başçılarını, nazirləri yeni kadrlar əvəz etməyə başlayıb. Yəni bir çox yerlərdə artıq bu islahatlar özünü göstərir. Amma bu hələ başlanğıcdır. Finala çox var. Bu köhnə sistem elə oturuşub ki, sanki çayırlar zəmidə kök salıb. Onları üstdən qırmaqla kökünü kəsmək mümkün deyil. Gərək onların kökünü qazıb atasan. Artıq Azərbaycanda daha sadə və əlverişli inzibati bölgü tətbiq olunmağa başlayıb. Qarabağ və Şərqi Zəngəzurda bu nümunədən istifadə olunur. Mən əminəm ki, digər regionlarımızda da buna bənzər icra strukturları birləşdiriləcək. O ki, qaldı “köhnə quldurların” özlərini yaxşı göstərməsi, guya zəhmətkeşlərin qayğısına qalmasına, bu Abdullah Şaiqin “Tülkü həccə gedir” təmsilinə bənzəyir. Bir şeyi ki, ürəkdən deyil, vəzifə xətrinə edirsənsə, heç etməsən daha yaxşıdır. Mən o icra başçılarının yerində olsaydım, biabırçı şəkildə qovulmamışdan, həbsə salınmamışdan qabaq, sakitçə deyərəm ki, mən bu yeni kursla ayaqlaşa bilmirəm. İndiyə kimi yetimlərin, süpürgəçilərin, iş qurmaq istəyənlərin əlindən tutub aldığım pulları rahatca gedim xərcləyim. Onlarda heç belə cəsarət, istefa mədəniyyəti də yoxdu. Gözləyirlər ki, prezident çağırıb itin abrını verib yola salsın”. Geri qayıt |