Əsas Səhifə > Şou-biznes > Balaəli dekan olsa da, qandığı bir məlumat olmayacaq

Balaəli dekan olsa da, qandığı bir məlumat olmayacaq


24-05-2024, 10:42
Balaəli dekan olsa da, qandığı bir məlumat olmayacaq
Meyxanaçı Balaəli "Xəbər-ətər" proqramında orta məktəbi bitirsə də, ali təhsil ala bilmədiyini bildirib. Onun "Təhsilsizəm, amma hansı universitetə getsəm, dekan işləyərəm" sözləri hər kəsdə təəccüb doğurub.

dia-az.site xəbər verir ki, meyxanaçının sözləri müzakirələrə səbəb olsa da, qanunvericiliyə görə, o, dekan işləyə bilər.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, bunun üçün Balaəlinin fəxri adı, titulu və ya mükafatı olmalıdır:

"Qanunvericiliyə nəzərən müxtəlif laureatlar, müəyyən yarışların qalibləri, istər respublika, istərsə də beynəlxalq səviyyəli hər hansı bir qabiliyyəti olanlar dövlət başçısının müvafiq sərəncamı əsasında və yaxud da aidiyyəti qurumun əmri əsasında hansısa bir vəzifəyə təyin oluna bilər.

Əlbəttə, biz onun tərəfdarı deyilik ki, hər hansı bir ixtisas istiqaməti üzrə müəyyən bilik və bacarıqları olmayan şəxslər harasa rəhbər təyin olunsun. Bu, sonrakı mərhələdə vəzifəyə təyin olunan həmin şəxs tərəfindən əhəmiyyətli qərarların verilməməsi ilə nəticələnir.

Balaəlinin dekan vəzifəsinə təyin olunması qanunvericiliyə görə mümkündür, amma onun vəzifə səlahiyyətləri nədən ibarət olması, təhsil haqqında qanunvericilikdən tutmuş, ali təhsil haqqında qanunvericiliyə qədər və digər məsələlərlə bağlı yəqin ki, qandığı bir məlumat olmayacaq.

Amma təəssüf ki, Balaəli dünya səviyyəli hansısa musiqi yarışmasında qalib olarsa, yaxud da ona fəxri ad və ya orden verilərsə, hansısa vəzifəyə getməsinə qanunvericilik imkan verir. Ona görə də düşünürəm ki, qanunvericilikdəki bu boşluq aradan qaldırılsa daha yaxşı olar".

Bununla belə ekspert bildirib ki, Balaəlinin hansısa beynəlxalq mükafata və yaxud da fəxri ad alması real görünmür:
"Düşünmürəm ki, Balaəli Xalq artisti və ya Əməkdar artist adı alsın, getsin haradasa çalışsın. Ola bilər ki, o ad alarsa, hansısa qəsəbə mədəniyyət idarələrində və s. direktoru olsun. Amma ali təhsil ocağında onun hansısa vəzifəyə gətirilməsi mümkün deyil. Bu sahələrdə konkret olaraq təhsil menecmenti üzrə oxuyan, ümumi idarəetmə bilikləri olan şəxslər işləsə daha yaxşı olar".

Geri qayıt