Əsas Səhifə > Şou-biznes > “Sənət üçün it kimi darıxıram, Qəzənfər Topçuyevə görə teatrdan çıxdım”

“Sənət üçün it kimi darıxıram, Qəzənfər Topçuyevə görə teatrdan çıxdım”


14-03-2024, 09:56
“Sənət üçün it kimi darıxıram, Qəzənfər Topçuyevə görə teatrdan çıxdım”
“Artıq bir müddətdir ki, doğulduğum Neftçala rayonundayam. Bakıya gəlmirəm. Yay ayında gələcəyəm. Rayonda məni hamı tanıyır. Özü də 5 barmaqları kimi. 74 yaşım tamam oldu. Deyir ki, “74-ü vurdun başa, görüm səni 100 yaşa” (gülür). Tez-tez xəstələnirəm, dizlərim ağrıyır, güclə gəzirəm”

Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist, “Hicran” televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib. O daha sonra əlavə edib.
“Ötən günlərim üçün çox darıxıram. Tək “Hicran” tamaşasını yox, bütün sənət həyatımı gündə bəlkə də 10 dəfə yada salıram. Mənimlə çalışan, tərəf müqabili olan aktyorların hamısı dünyasını dəyişib. İndi cavanlardır. Sənət üçün it kimi darıxıram. Yaş öz sözünü deyirdi, ona görə də uzaqlaşdım. Bu yaşda səhnəyə çıxıb nə edim? Qoca yaşında səhnəyə çıxan aktyorların arxasınca bilirsiniz nələr danışırlar?! Mən bunu edə bilmirəm. Əvvəldən özümə demişdim ki, vaxtında sənətdən gedəcəm. Belə olanda hörmətli olursan. Böyük sənətkarımız Müslüm Maqomayev də səhnədən çox tez getdi. Yaraşıqlı, hündürboy kişi idi. Bunun səbəbini ondan soruşanda demişdi ki, “artıq cavan deyiləm ki, öz səsimə yiyə durum, cavanlıqda səsimi idarə edə bilirdim. İndi yaşlaşmışam, ola bilər ki, oxuduğum yerdə xoruz buraxım”. O istəyirdi ki, hamı onu köhnə Müslüm Maqomayev kimi tanısın. “Əməkdar artist” fəxri adını daşıyıram. Bəlkə də qalıb işləsəydim “xalq artisti” də olardım. 20 il o vaxtkı Musiqili Komediya teatrında işləmişəm. Həmin illərdə bir az çətinliyə düşdük. Teatrımız təmirə bağlandı, aktyorlar pərən-pərən düşdülər. Yarısı Hacıbaba Bağırovla gedib Tənqid və Təbliğ teatrında işlədi. O vaxtın ən məşhur sənətkarları Kübra Əliyeva, Siyavuş Aslan da teatrı tərk etdi. Bir-iki nəfər qaldı teatrda. Klubda bizə yer verdilər. Sonra Qəzənfər Topçuyev adlı bir adamı gətirib teatra rəhbər qoydular. O da soyuq havalarda bizi məktəblərə uşaq tamaşaları oynamağa göndərirdi. Uşaq tamaşalarında da məşğul idim. Bir dəfə məktəbə gedib xəstələndim. İdman zallarında əynimizi geyinib-dəyişirdik. Otaqlar buzxana idi. Bir dəfə xəstələndim. Ona dedim ki, getməyəcəm. Çünki vokalistəm, xəstələnəndən sonra tamaşada ariya, mahnı oxuya bilmirəm, xır-xır xırıldayıram. Qəzənfər Topçuyev mənim bu sözlərimə etiraz etdi. Heç yaxşı adam deyildi. Bilmirdi ki, vokalist nədir? Aktyor nədir? Aramız dəydi, ərizəmi yazıb teatrdan getdim. 1995-ci ildə Hacıbaba Bağırov teatra direktor təyin olundu. Kimlər ki, getmişdi hamını geri çağırdı. O vaxtı da Opera və Balet teatrında işləyirdim. Artıq birinci yox, ikinci partiyaları oxuyurdum. Bu teatrda da 20 ilə yaxın işlədim. Mən bütün ömrümü incəsənətə qurban vermişəm. Hətta Dövlət Xor Kopellasında da çalışmışam. Məktəbdə də uşaqlara vokaldan dərs demişəm. Həmişə iş başında olmuşam. İndi artıq işsizliyə dözə bilmirəm. Hazırda təqaüddəyəm. Nəvələrim var, yanıma gəlirlər, başımı qarışdırıb oynayıram” deyə sənətkar bildirib.

Sənətkar məşhur “Hicran” televiziya tamaşasından da danışıb.
“Böyük sənətkarlarla tərəf müqabili olmaq mənim üçün şərəf idi. Bu tamaşa improvizə üzərində qurulmuşdu. Rejissor belə baxanda öz səhnə əsərini tanımamışdı. Hicran rolunu aktrisa-müğənni Sona Həsənova oynayırdı. Tamaşanı oynayanda onun 50, mənim isə 32 yaşım var idi. Həmişə deyirdi ki, pensiyaya çıxan kimi bir dəqiqə də teatrda qalmayacam. O vaxtı estrada müğənnisi idi. Rusdilli idi, Azərbaycan dilində o qədər də yaxşı danışa bilmirdi. Əvvəl rusca deyirdi, sonra beynində tərcümə edib danışırdı” deyə sənətkar bildirib.

Geri qayıt