Əsas Səhifə > Şou-biznes > “Oqtay Mirqasımovla Tariyel Qasımov məgər indiyə qədər kino üçün nəsə ediblər?”

“Oqtay Mirqasımovla Tariyel Qasımov məgər indiyə qədər kino üçün nəsə ediblər?”


8-03-2024, 09:02
“Oqtay Mirqasımovla Tariyel Qasımov məgər indiyə qədər kino üçün nəsə ediblər?”
“Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib: “Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır, mən orada yoxam”.

Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib: “Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı, mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.

Xatırladaq ki, martın 6-da ikiyə bölünmüş Kinematoqrafçılar İttifaqı birləşib. Yeni yaradılan kino ittifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayev təsdiq edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilərkən heç də hamının yeni qurumdan razı olmadığı üzə çıxıb.

İdarə heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla, 30-dan çox şəxsin adı təsdiqlənib.

Xalq artisti, rejissor Oqtay Mirqasımova idarə heyətində təmsil olunması təklif edilsə də, o, birləşmənin əleyhinə olub.

“Bu birləşmə dağıdıcı proses ola bilər. Burada bizim sədrimiz və idarə heyətimiz oturub. Yuxarı orqanlara müraciət etmişik ki, səsvermə şəraiti bərabər deyil. Biz istədik ki, Azərbaycan mentallığı ilə səsləşən bir səsvermə aparaq”, - deyə Oqtay Mirqasımov bildirib. Bu zaman qalmaqal yaşanıb, belə ki, qurumun üzvlərindən biri Xalq artistinin fikirlərinə müdaxilə edib. Oqtay Mirqasımov isə “sən mənim sözümü niyə kəsirsən?” deyərək, sərt etirazını bildirib.

Eləcə də Şeyx Əbdül Mahmudovun adı idarə heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib. “Belə idarə heyəti heç kimə lazım deyil. Hər kəsə uğurlar arzulayıram. Könüllü surətdə üzvlükdən imtina edirəm”, - deyə Şeyx Əbdül Mahmudov bildirib.

Rejissor Zamin Məmmədov isə idarə heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə, üzvlükdən çıxdığını bəyan edib.

Rasim Balayev isə bütün bu etirazlarla bağlı “Yeni Müsavat”a açıqlamasında münasibət bildirib: “Əgər kino çəkilərsə, həmin sənətkarların başı kinoya, işə qarışar. Bütün bunlar bekarçılıqdandır. İş olmayanda biri o birisinə sataşır, digəri o birinə söz atır və sairə. İş olan yerdə söz-söhbət də az olur”.

Beləliklə, kino ittifaqları birləşdi, amma yenə narazılar var. Səbəb nədir? Bundan sonra kinoçular bir araya gələ biləcəkmi?

Məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı “Yeni Müsavat”a danışıb: “Rasim Balayev bundan sonra qazandığı hörməti xalq üçün xırdalamalıdır. Prezident Rasim Balayevin xətrini çox istəyir. Ola bilər ki, hansısa məsələ ilə bağlı zəng etsin, bu zaman deyə biləcək ki, "mən Rasim Balayevəm". Bu nöqteyi-nəzərdən Rasim Balayev bir çox işləri həll edə bilər. Mən demirəm ki, Rasim Balayev kino sahəsini “beşbarmağı” kimi bilir, onu deyirəm ki, hər halda, Rasim Balayev hörmətli şəxsiyyətdir. O, şəxsiyyətini camaat, xalq üçün işlətsə, məncə, məsələlər öz həllini tapar. O ki qaldı Oqtay Mirqasımov, Tariyel Qasımovun fikirlərinə, onlar məgər indiyə qədər kino üçün nə edə biliblər? Yaxşı, Tariyel Qasımov aktyor kimi filmə çəkilib, bəs Oqtay Mirqasımov nə edib?"

“Bundan sonra da kino sahəsində sənətkarlar bir araya gələ bilməyəcək” sualına xalq artisti bu cür cavab verdi: “Ümumiyyətlə, kinomuzun gələcəyi ilə bağlı hələ ki heç nə görmürəm. Bu sistem yenidən qurulmalıdır. Amma yenidən qurulma da o demək deyil ki, Rasim Balayevi çıxardıb, yerinə Vaqif Mustafayevi və yaxud Afaq Bəşirqızını qoysunlar. Azərbaycan kinosunun konsepsiyası olmalıdır. Ayıbdır! Müharibəni bitirdik, qələbə qazandıq, hələ də Qarabağ haqqında film yoxdur. Yalnız "Fəryad" filmi var. Bir də ki, nə zaman sənətkarlar, incəsənət xadimləri bir masaya toplandı? Şəxsən məni həmin konfransa dəvət etməmişdilər, dəvətnamə gəlməmişdi. Çünki bilirlər ki, qalxıb danışacaqdım, ona görə..."

Geri qayıt