Əsas Səhifə > Şou-biznes > Rasim Balayev: NİYƏ YOX?..
Rasim Balayev: NİYƏ YOX?..6-03-2024, 08:18 |
Bu gün iki kino ittifaqı birləşdi, yerində Azərbaycan Kinematoqrafçılar İttifaqı adlı yeni təşkilat yarandı və Rasim Balayev də sədr seçildi. Çox təəssüf ki, Azərbaycanda cəmiyyətin və dövlətin kinoya münasibət dəyişməyib. Kino - ideoloji sahədir və nəhəng sənayedir. Bu sahəyə ölkənin strateji və ideoloji konturlarını müəyyən edə bilən şəxslər rəhbərlik etməlidir. Şübhəsiz ki, R.Balayev əxlaqlı adamdır, böyük aktyordur və milli kino tariximizə əvəzsiz töhfələr verib. Amma o, ən ağır dövlərindən birini yaşayan müasir kino sənayesinin inkişafı üçün heç nə edə bilməz, dövlətin ideoloji perspektivləri haqqında ciddi təfəkkürə, enerjiyə və iradəyə sahib deyil. O, menecer də deyil, əlində böyük pul kütləsi olan və dünyanın müxtəlif ölkələrində yaşayan varlı azərbaycanlıları bu sahənin inkişafına cəlb edə biləcək gücü də yoxdur. Ona cansağlığı arzulayıram, amma güclə yeriyir. Kimin titulu çoxdur və daha çox məşhurdursa, onu da önə çəkirlər. Kino sahəsini də monopoliya ağuşuna alıb, gənclər hələ də diqqətdən kənarda saxlanılır. Mədəniyyət Nazirliyi haqqında isə danışmaq istəmirəm. Müstəqillik dövründə Azərbaycan tarixinin ən böyük hadisəsi Qarabağın işğaldan azad edilməsi oldu. II Qarabağ savaşından sonra telekanallarda ailə-məişət mövzusunda çəkilən qurşaqdan aşağı serialların, filmlərin çəkilməsi də geniş vüsət aldı. Nə I, nə də II Qarabağ müharibəsindən sonra bu sahədə əhəmiyyətli iş ("Fəryad" filmindəki psixoloji notlar istisna olmaqla) ortaya qoya bilmədik. Qısası, R.Balayevin bu posta uyğun gələn əsas cəhətlərindən biri mühafizəkar adam və təcrübəli aktyor olmasıdır. Amma bu sahəyə təcrübəli aktyor yox, bu sahənin strateji problemlərini dərindən bilib onları həll etmək gücünə sahib olan texnoloq lazımdır. Samir Feyruzov - dia-az.site Geri qayıt |