Əsas Səhifə > Şou-biznes > “İndi bütün Gülnazlar Sərvərləri qoyub Məşədi İbadların yanına gəlirlər...”

“İndi bütün Gülnazlar Sərvərləri qoyub Məşədi İbadların yanına gəlirlər...”


21-02-2024, 09:15
“İndi bütün Gülnazlar Sərvərləri qoyub Məşədi İbadların yanına gəlirlər...”
XX əsrin ortalarında çəkilən və bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” filminə qadağa qoyulması təklif edilir. Son dövrlər ölkəmizdə artan erkən nikah statistikasını əsas tutanlar bildirirlər ki, bu kimi filmlər erkən nikahın təbliğində rol oynayır. Belə ki, filmdə Məşədi İbadın elçi düşdüyü Gülnazın 14 yaşı var. Gülnazın atası onu Məşədi İbada, daha doğrusu, Məşədi İbadın puluna ərə getməyə məcbur edir. Doğrudur, bu izdivac baş tutmasa da, Gülnaz sonda 14 yaşı olduğu halda öz sevdiyi Sərvərə ərə gedir... Bu isə açıq-aşkar erkən nikahın təbliğidir.

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu isə Pravda.az-a açıqlamasında deyib ki, keçmişə düzəliş etmək faydasız və mənasız işdir: “Keçmiş artıq donmuş bir mirasdır. Mən belə istəyirəm, sən elə istəyirsən, nə olsun? Faşistlərin çəkdikləri filmləri belə göstəririk, o demək deyil ki, faşisti təbliğ edirik. Bu, tarixdir, xronikadır. O dövrü kino dili ilə ifadə edən bir sənət əsəridir. Onda Üzeyir bəy Hacıbəyovu da bəstəkarlıqdan, mədəniyyət tarixindən çıxarıb ataq ki, Üzeyir bəy azyaşlı qızların nikahını təbliğ edirdi? Filmin ssenari müəllifi Sabit Rəhmanı da mədəniyyət tariximizdən silək. Keçmişə qulp qoymaq bekar qalmaqdan irəli gəlir. Yaxşı, düzəliş ediriksə, o dövrdə qanun var idi ki, 18 yaşına çatmamış şəxslərə nikah qadağan olunurdu. Amma Üzeyir bəy hələ əsəri normal hala gətirib, Gülnazı 14 yaşında göstərib. Halbuki şəirətimiz 9 yaşında qızın nikahına icazə verir. Papaq atırlar, qız yıxılmadısa, deməli, ərə gedə bilər. Belə adətlər var. Filmə qadağa qoyulması mənasız və gülünc iddiadır. Bunu ciddi qəbul etmək lazım deyil. Hələ indiki dövrdə 12 yaşlı qız hamilə qalır, nişanlanır... Axı filmdə heç Gülnazın yaşı bilinmir. Əməlli-başlı ərə gedən yaşda görünür. Guya Gülnaz evdə qalıb nə edəcəkdi? Universitet oxumur, pioner, komsomolçu, partiyaçı deyil. Gülnazdır də, evdə oturub. Qoy evində oturmasın, getsin Sərvərin evində otursun”.

B.Vəziroğlu bildirib ki, özü bu filmə düzəliş etsəydi, Gülnazı Məşədi İbada ərə verərdi: “Çünki Sərvər “bir həsirdir, bir də Məmmədnəsir”, avaranın biridir. Amma Məşədi İbad gözəl, yetişmiş bir kişidir. Pulu-parası, hörməti-izzəti, evi-eşiyi... Üzeyir bəy filmin ikinci seriyasını çəksəydi, Gülnazla Sərvərin faciəvi həyatını çəkərdi ki, biabırçılıq... Əgər real həqiqəti çəksəydilər, ikinci seriyada, inanın, Gülnaz Məşədi İbadın yanına qayıdacaqdı ki, mən böyük səhv etmişəm, başım xarab olub, gərək, əvvəldən bu kişini seçərdim. Vallah, həyat budur də. Görmürsünüz ki, indi bütün Gülnazlar Sərvərləri qoyub Məşədi İbadların yanına gəlirlər? Hazırda məşədi yox, hamısı “hacı” olub. Gülnazların hamısı “hacı"ların yanına getmir? Həmin şeydir...”

Geri qayıt