Əsas Səhifə > Şou-biznes > Kino müsabiqəsinin qaliblərinə verilməyən 300 min manatın aqibəti araşdırlacaq
Kino müsabiqəsinin qaliblərinə verilməyən 300 min manatın aqibəti araşdırlacaq16-02-2024, 08:41 |
Mədəniyyət naziri Adil Kərimli “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə ödənilməyən 300 min manatın aqibəti ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Bu barədə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilir ki, mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib. “Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, – məlumatda deyilir. 2021-ci ilin sonlarında Mədəniyyət Nazirliyi 300 min manat büdcəsi olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi. 2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi. Qalib gələn müstəqil kino-studiyaları bunlar idi: 1. “Ata və oğullar” – “Buta Film” MMC; 2. “Əlvida, noyabr” – “Ultra Production”; 3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC; 4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co; 5. “Müqəddəs inək” – “Narimanfilm” MMC; 6. “Ölü Həsən” – “Ultra Production” “Qıfıl” layihəsi müsabiqədə qalib olan kinorejissor Tahir Tahiroviç (Əliyev) Meydan TV-yə demişdi ki, layihənin çəkilməsinə dəstək məqsədilə 45 min manat ayrılsa da, nazirlik hələ də həmin məbləğ verməyib. “Mandarin Agency”dən Meydan TV-yə bildirilmişdi ki, nazirlik şirkətin müsabiqəyə təqdim etdiyi “Mavi sviterli adam” layihəsinə 35 min manat ayırıb. Lakin həmin məbləğ şirkətə təqdim olunmayıb. Qalib olan digər şirkətlər də Meydan TV-yə müsabiqə çərçivəsində vəd olunan 300 min manatdan onlara çatan hissəni almadıqlarını demişdilər. Mədəniyyət Nazirliyindən isə məsələyə münasibət bildirilməmişdi. Mövsu yenidən gündəmə gəlib. Bu gün, fevralın 15-də kinotənqidçi Hacı Səfərov Mədəniyyət Nazirliyinə video-müraciət edərək, müsabiqədə jüri üzvü olduğu halda, hələ də qonorarını almadığını bildirib. 2021-2022-ci illərdə mədəniyyət naziri Anar Kərimov olub. Onun nazir olduğu dövrdə, 2022-ci ildə Azərbaycan kino tarixində ilk dəfə olaraq tammetrajlı bədii film istehsalına pul ayrılsa da, bir film də çəkilməyib. Hər il dövlət büdcəsindən kinoya təxminən 6,5 milyon manat vəsait ayrılır. Həmçinin 2022-ci ildə “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin 7 qalibinə 300 min manat ödənilməyib. 2022-ci ilin iyulunda Dövlət satınalmalarının vahid internet portalında dövlət büdcəsindən İkinci Qarabağ müharibəsindən bəhs edəcək səkkiz seriyalı bədii filmin çəkilişləri üçün 1 milyon 700 min manat vəsait ayrılması haqda məlumat yerləşdirilmişdi. Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə filmlə bağlı keçirilən mətbuat konfransında demişdi ki, serialın bir bölümü 212 min dollara başa gələcək. Yəni serialın istehsalının ümumi məbləği 3 milyon manat olacaq. Serialın çəkilişinin Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirkətinə həvalə olunduğu bildirilirdi. Şərti adı “Qarabağ Vətən müharibəsi” olan serialın sonrakı aqibəti hələ də bəlli deyil. 2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yaydı. Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar. Bundan bir neçə gün sonra noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi və mədəniyyət nazirinin sabiq birinci müavini, Elnur Əliyev, nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanıldı. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürüldü. Ardınca, 2022-ci il dekabrın 22-də İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad etdi. Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları olduğu deyilirdi. Rüfət Həsənov 2023-cü ilin sentyabrında Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub. O, hazırda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir. Geri qayıt |