Əsas Səhifə > Şou-biznes > “Valideynlər övladlarının hansı musiqiləri dinlədiyinə xüsusi diqqət yetirməlidirlər”
“Valideynlər övladlarının hansı musiqiləri dinlədiyinə xüsusi diqqət yetirməlidirlər”15-02-2024, 09:16 |
“Valideynlər övladlarının hansı musiqiləri dinlədiyinə xüsusi diqqət yetirməlidirlər”. Bu fikirləri kriminal üslubda yazılan musiqilərin yeniyetmə və gənclərə neqativ təsirindən danışan psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, gənclər kriminal mahnının təsiri altına zərərli vərdişlərə yiyələnirlər: “Son dönəmlərdə kriminal üslübda yazılan mahnıların sayının çoxaldığına şahidi oluruq. Xüsusilə də gənclərin və yeniyetmələrin buna marağı artır. Yeniyetməlik dövründə olanlar hər zaman böyümək arzusunda olduqları üçün bəzən valideynlərinin etdiyi səhvləri də təkrarlaya bilirlər. Məsələn, siqaret çəkir, içki qəbul edir, bədənlərinə müxtəlif döymələr vurdurur, kriminal aləmə məxsus insanlara pərəstiş etməyə başlayırlar. Belə mahnılara maraq da elə bu səbəbdən yaranır. Bu elə bir yaş dönəmidir ki, beyin “ağ ilə qara” arasında olur, gənclər doğrunu yanlışdan ayıra bilmirlər. Yeniyetmələr bu dönəmdə bəzən müəyyən yaşa qədər valideynlərindən ala bilmədikləri azadlığı zorla əldə etmiş olurlar. Bəzən mühafizəkar ailələrin övladlarında da bu meylləri müşahidə etmək mümkündür. Həmin ailələrdə gənclər azadlıq əldə etdikdən sonra onlarda müxtəlif davranış pozuntuları özünü biruzə verməyə başlayır. Kriminal məzmunlu mahnılarda daha çox ritmik, insan beyninə həzz verən notlar olduğu üçün gənclər həmin musiqinin təsirinə düşür. Gənclər kriminal mahnının təsiri altına düşdükdən sonra isə zərərli vərdişlərə yiyələnir, hətta cinayət də törədə bilirlər. Fikrimcə, bu üslubda yazılan musiqiləri qadağan etmək lazımdır. Musiqi insan həyatında böyük rol oynayır. Orduda da əsgərlərə ruh yüksəkliyi verən marşlar olur ki, hərbçilər onların təsiri ilə düşmənə qalib gəlir. Valideynlər övladlarının hansı musiqiləri dinlədiyinə xüsusi diqqət yetirməli və mahnını ifa edən şəxsin övladlarına nə mesaj ötürmək istədiyini anlamalıdır”. Geri qayıt |