Əsas Səhifə > Şou-biznes > "Görün indi oğlu, mənim atam nələr çəkir..."
"Görün indi oğlu, mənim atam nələr çəkir..."7-02-2024, 09:55 |
“Fəxr edirəm ki, mənim Aliyə Ramazanova kimi nənəm olub. Və çox heyfslənirəm ki, bu sözü keçmiş zamanda deyirəm.. Hələ də nənəmin itkisini qəbul etmək çətindir. İndiyə qədər başa düşə bilmirik ki, nə baş verib?! Nənənin evi bizim üçün isti ocaq idi. Kimin harada yaşamasından asılı olmayaraq hamımız nənəmizin evində yığışırdıq. İşdən, görüşlərdən çıxandan sonra evə getməmiş nənəmin yanına gedirdim. Artıq bu vərdişlər yoxdur. Ailəmizdə böyük bir boşluq yaranıb. Elə bil nəsə çatışmır. Nənəmi itirəndən sonra başa düşdük ki, sən demə o bizi ətrafına yığırdı, bir yerə toplayırdı. Gözümüz hər zaman onu axtaracaq” Bunu Moderator.az-a açıqlamasında görkəmli rəqqasə, əməkdar artist Aliyə Ramazanovanın nəvəsi Rövşən Ramazanov deyib. O daha sonra əlavə edib. “Qızım Zülfiyyə ilə rəqs etməyə başlamışdı, onunla məşğul olurdu. Bir də görürsən ki, Zülfiyyə deyir ki, “nənənin yanına...” Sonra qəfil yadına düşür ki, nənə artıq həyatda yoxdur. O hələ nəticəsidir onu belə yad edir. Görün indi oğlu, mənim atam nələr çəkir.. Nənəmin bir övladı var, o da mənim atamdır. Baxmayaraq ki, özü nəvə sahibi idi, amma həmişə nənəmlə məsləhətləşirdi. O mənim üçün tək nənə yox, həm də bir ana olub. Düzdür, doğma ananın yerini heç kim vermir, amma mən nənəmdən o doğmalığı hər zaman görüb, hiss etmişəm. Yanımızda olmasa da ürəyimizdə hər zaman yaşayacaq” deyə sənətkarın nəvəsi bildirib. Rövşən Ramazanov nənəsinin uşaq evində böyüdüyünü bildirib. “O çətin günlərini, ağır keçən uşaqlıq illərini bizə danışmırdı. Baxmayaraq ki, uşaq evində böyümüşdü. Bizi hər zaman pozitivə kökləyirdi. Sadəcə uşaq vaxtı nadinclik edəndə və bizə nəyisə başa salanda deyirdi ki, “mən valideynsiz böyümüşəm, öz gücümə hər zaman zirvələri fəth etmişəm”. Düşünürəm ki, Allah insandan nəyisə alanda, nələrisə ona verir. Nənəmə böyük istedad vermişdi. Nənəm heç vaxt qeybət etməyib, kiminsə arxasınca danışmayıb. Neqativləri özündən uzaqlaşdırırdı. Baxmayaraq ki, sənət aləmində ələxsus da rəqs sənətində böyük intriqalar olur. Bu intriqalar nənəmdən də yan keçməmişdi. Amma hər zaman o insanları bağışladığını deyirdi. Nənəmi hər zaman efirlər, televiziyalar özləri dəvət edib. Kiməsə zəng edib deməyib ki, gəlin məni çəkin. Nənəm dinə çox bağlı idi. Biz nəvələrinə uşaq yaşlarımızdan “Kəlmeyi şəhadət”-i öyrətmişdi. Bu da onu ruhən, daxilən sakitləşdirirdi” deyə sənətkarın nəvəsi bildirib. Rövşən Ramazanov bildirib ki, atasının xəstəliyi nənəsinə böyük stress yaşadıb. “Atam insult olanda bacım qızının ad günü idi. Hamı evdə olub. Nənəm danışırdı ki, yaxşı ki, özümü itirmədim. Həqiqətən də kiməsə bir şey olanda ilk özünü çatdıran nənəm idi. Təcili yardım gələnə kimi ilk yardımı atama nənəm göstərib. Hamıya təsəlli verib ki, heç kim özünü itirməsin, şoka düşməsin. Nənəm danışırdı ki, “atanı xəstəxanaya yerləşdirəndən sonra hönkür-hönkür ağlamağa başladım ki, bu stresi canımdan çıxarım”. Həmin gün nənəm böyük stress yaşayıb. Səhəri gün mən gəldim, onunla görüşdüm. Gözlərində də böyük yorğunluq var idi. Deyirdi ki, “ola bilməz ki, övlad valideynindən əvvəl dünyasını dəyişsin. Həyatdır, hər şey ola bilərdi” deyə Rövşən Ramazanov bildirib. Rövşən Ramazanov nənəsinin son günlərini də xatırlayıb. “Hər şey elə tez baş verdi ki, özümüz də bilmədik ki, nə oldu?! Bakının bütün həkimləri nənəmi tanıyırdı. Ayda bir dəfə gedib özünü yoxlatdırırdı. Bir dəfə də özünü yoxlatdırmağa gedib. Mədə bağırsaq həkimi bizimlə əlaqə saxlayıb dedi ki, “uzi edəndə şübhəli nəyəsə rast gəldim, amma onu onkoloji həkimə göstərin”. Qulağım belə bir söz heç vaxt eşitməmişdi. Nənəmi müayinədən keçirtdik. Məlum oldu ki, xərçəng xəstəsidir. Həkim dedi ki, “elə bir xərçəngdir ki, bunu biz heç əməliyyatla da sağalda bilmərik. Bu xəstəlik bir anda yaranır, 3-4 aya insan həyatını puç edir”. Bunu nənədən gizlətdik, demədik. Şübhələnirdi, bəzən bizə deyirdi ki, nə olub ki? Bu həkimdən o həkimə aparırsız, ondan da buna.. Ölümündən 1 həftə öncə yatağa düşdü. Artıq özü başa düşmüşdü ki, ömrünə az qalıb. Başladı hamını yanına çağırıb, vidalaşmağa... Yaddaşı yerində idi. Sonuncu dəfə doğum günümdə mənə mesaj yolladı, zəng edib video görüntü ilə danışdım. Həkim demişdi ki, hazır olun, elə bir ağrıları olacaq ki... Elə oldu ki, komaya düşdü, heç o ağrıları hiss etmədi. Həyat yoldaşım Svetlana xanıma, bacım Zülfiyyə xanıma vəsiyyət edib demişdi ki, “sənətimi yaşadın, qoymayın sənətim itib-batsın”. Çünki qızımla məşğul olurdu, fərəhlənirdi.. Əlimizdən gələni edəcəyik ki, nənəmin sənət irsini layiqincə yaşadaq.. Bu həm də bizim borcumuzdur. Nənəm hər zaman diqqətlə əhatələnmişdi. İstər ailəsi tərəfindən, istərsə də sevənləri, sənət dostları tərəfindən.. “Xalq artisti” fəxri adına layiq olsa da bu adı ona layiq bilmədilər.. Bu diqqətsizliyin kökündə də hamı bilir ki, nə dayanır.. Sənətdə düzgün insan olmaq bəzən həmin şəxsi bir çox şeylərdən, imtiyazlardan uzaqlaşdırır. Nənəm sənətini sevirdi, medal, fəxri ad, şöhrət arxasınca qaçmırdı. Bu sənətdə olan sənətkarlardan kim Aliyə xanım qədər kitab yazıb?! Mən görməmişəm. Nənəm 3 kitabın müəllifi idi. Bunu ona görə etməyib ki, özünü yada salsın. O bunları sənət üçün, tarix üçün edib. Sənətdə bu qədər xidmətləri olan insan nədəndə gözdən yayınıb.. Zaman özü hər şeyi həll edir. Yəqin ki, həmin şəxslər illər keçəndən sonra başa düşəcək ki, kimə qarşı haqsızlıq ediblər” deyə Aliyə Ramazanovanın nəvəsi Rövşən Ramazanov bildirib. Qeyd edək ki, bu gün Aliyə Ramazanovanın doğum günüdür. Yaradıcılığı boyu milli rəqsləri təbliğ edən sənətkar sevənlərinin qəlbində hər zaman yaşayacaq. Ruhunuz şad olsun! Geri qayıt |