Əsas Səhifə > Şou-biznes > "Əziyyət çəkən biz, itirən kinomuz... Onların nə vecinə?!"
"Əziyyət çəkən biz, itirən kinomuz... Onların nə vecinə?!"3-02-2024, 14:00 |
Azərbaycan Kinematoqrafçılar İttiqaqı (AKİ) İdarə heyyətinin üzvü, kinorejissor Tahir Tahiroviç AYNA-ya müsahibəsində Azərbaycan kinosunun vəziyyətini təhlil edib. Beləliklə: - Müstəqillik dövrümüzü kinomuzun da müstəqillik dövrü hesab etmək olar? - Azərbaycan kinosunun 100-dən çox yaşı var ki, onun da 70 ili sovet dövrünün payına düşür. Amma 80-ci illərin sonları – 90-cı illərin əvvəlində istehsal olunmuş Azərbaycan filmlərinin sayı bütövlükdə sovet dövründəkilərdən çox idi və böyük bir bum vardı. Əslinə qalsa, Azərbaycan kinosunun inkişafı 20-ci əsrin sonlarına təsadüf edir. Bu, bir yüksəlmə dövrü idi. Həmin dövrdə müəllif filmlərinin inkişafına xüsusi yer ayrıldı, sponsorların sayı artmağa, müstəqil kinostudiyalar yaranmağa başladı. İş adamları ilə bərabər dövlət təşkilatları da maliyyə ayırırdı o vaxt. Düzdür, o zamankı iş adamları indiki kimi deyildilər. Amma sonradan təəssüf ki, bu tendensiya davam etmədi və proses hazırkı eniş vəziyyətinə gətirib çıxardı. - “Bu kino ki var, o, çox qəliz məsələdir” Azərbaycanda. Səbəb? - Ümumiyyətlə, kinonu dünyanın 7 möcüzəsindən biri saymaq olar. Nəriman Nərimanovun oxuma-yazmadan, elmdən uzaq olan toplumlar üçün yaxşı bir deyimi var: “Kino ən yaxşı ünsiyyət vasitəsidir”. Çünki onun vizual təsiri daha effektlidir, insanları asanlıqla özünə cəlb edə bilir. Bəli, kino qəlizdir, Azərbaycanda isə çox qəliz məsələdir. Birincisi ona görə ki, Azərbaycanda kino və onunla məşğul olanlar kasıbdırlar. Əslinə qalsa, bu, ayrı bir dərddir. Keçək kino istehsalına. Burada vergi sisteminin də, “Satınalma”nın da günahı var. İmkan vermirlər ki, kino inkişaf etsin. Mədəniyyət Nazirliyi isə kinoya mane olan dövlət qurumları ilə məsələni həll edə bilmir və işlər yubanır. Təsəvvür edin ki, əcnəbi filmlər Kann festivalın, Oskar mükafatı uğrunda mübarizə aparır, bizdə isə “Satınalma” imkan vermir ki, nazirlik kino proyektlərinə maliyyə ayırsın. Belə durum onların nə vecinə?! Əziyyət çəkən bizlər, itirən isə kinomuzdur. - Azərbaycanda müstəqil kinonun inkişafı üçün nə lazımdır? - Əvvəla, imkan yaradılmalıdır ki, müstəqil kino şirkətləti inkişaf etsin. Bunu da deməyi özümə borc bilirəm ki, dövlət studiyalarının bəziləri bərpa olunmalı və büdcədən çox asılı qalmalı deyil. Mədəniyyət Nazirliyinin onlara yaratdığı texniki və təşkilati dəstəkdən istifadə edib kənardan maliyyə gətirməlidirlər. Nazirliyin maliyyəsindən asılılığı azaltmaq lazımdır. Təəssüf ki, bizdə belə deyil. Öyrəşiblər ki, nazir qol çəksin, kino şöbəsi pulu göndərsin, vəssalam! Belə çox gedə bilməz. Kinoxronika isə ümumiyyətlə yoxdur. Proses belə davam edərsə, açığını deyim ki, gələcək nəsillər bizi qınayacaq. Deyəcəklər ki, siz hara baxırdınız?! Haqlı olaraq bildirəcəklər ki, biriniz adınızı rejissor, biriniz prodüser, biriniz kino tənqidçisi qoymuşdunuz, bəs hara baxırdınız ki, vəziyyət bu həddə gəlib çatdı?! - İllərdir bu sual hələ də tam cavabını gözləyir: Azərbaycan kinosu 25 ildir 21-ci əsrdə addımlayır, amma hələ də 20-ci əsrin ortalarındakı səviyyəsinə gəlib çata bilmir. Niyə? - 20-ci əsrin ortalarında bizim çəkdiyimiz filmləri “planka” kimi göstərə bilmərik. Bu gün Azərbaycanda çox istedadlı rejissorlar var. Əsasən də gənclər. Amma onlara yiyə çıxmaq lazımdır. Bir nümunə deyim sizə. Son zamanlar çəkilən bəzi filmlərimiz Türkiyədən və ya Rusiyadan festivallara çıxsaydı, ən nüfuzlu festivallarda nəticə əldə edəcəkdi. Səbəbi isə məlumdur. İnanın, ara-sıra rejissorlarımız filmlər, həm də çox uğurlu filmlər çəkirlər. Məsələn, son illərdə Asif Rüstəmovun, Vaqif Mustafayevin, Hilal Baydarovun, İlqar Nəcəfin filmlərini nümunə gətirmək olar. Üz ağardan filmlərdir. Amma onların sayı çox azdır. Dövlət film istehsalını çoxaltmalıdır. Nə qədər çox film çəkilsə, nəticə o qədər yaxşı olacaq. Bir də onu deyim ki, inanın, Azərbaycan kinosunun adı festivallardan çox Hesablama Palatasında və ya prokurorluqda çəkilir. Sadəcə məyus oluram. Kimlərsə bundan zövq alır. - Qərb ölkələrini qoyaq bir kənara, "sovet yoldaşımız" Qazaxıstanın "Tomris"i səviyyəsində bir film ərsəyə gətirməyimizə nə mane olur: pulsuzluq, istedadsızlıq, yoxsa...? - Kino istehsalının olmadığına görə bu vəziyyətdəyik. Mədəniyyət Nazirliyi kinoya dəstək verməlidir, ayrılan pulları saxlamamalıdır. Halbuki, həmin pulları xərcləmək, sənətə yönəltmək lazımdır. İnanın ki, Qazaxıstanda Azərbaycandakı qədər istedadlı rejissor, ssenarist, operator yoxdur. Sadəcə olaraq onlar öz peşəkarlarına şərait yaradır, biz isə hələ də dövlət orqanları ilə uğraşırıq. Bu gün Azərbaycanda kinonun hörməti azalıb. Təsəvvür edin ki, kino müsabiqəsi keçirilir, teatrşünas gəlib o müsabiqədə juri olur. Heç bir tammetrajlı filmdə prodüser kimi çalışmayan adam jüridə oturur. Amma Azərbaycan müsiqiçiləri özlərinə hörmət edirlər. Məsələn, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə kimi peşəkar musiqiçilər keçirdikləri musiqi müsabiqələrində imkan verməzlər ki, bir nəfər kinorejissor, teatrşünas gəlib jüridə otursun. Çünki öz sənətlərinə hörmət qoyurlar, ağsaqqallıq, ağbirçəklik edirlər. - İçərisində olduğunuz sahənin durumunu göz önündə canlandıraq və: nə etməli? - Yenə deyirəm: pulu saxlamaq olmaz! Maliyyəni rejissorlara, ssenaristlərə, prodüserlərə paylamaq lazımdır. İndi kinoya ayrılan vəsaitin bölgüsünə ARKA cavabdehdir. İşi sürətləndirmək və tezliklə istehsala başlamaq lazımdır. Adlarını çəkdiyim dövlət orqanları kənara çəkilməlidir. Yeni sistem axtarmaq lazım deyil. Kinosu inkişaf etmiş ölkələr belə, yüz ildir eyni sistemlə işləyir. Vəssalam! Geri qayıt |