Əsas Səhifə > Şou-biznes > "Kimsə teatrlar və ya kino haqqında pafoslu danışsa..."

"Kimsə teatrlar və ya kino haqqında pafoslu danışsa..."


2-02-2024, 08:12
"Kimsə teatrlar və ya kino haqqında pafoslu danışsa..."
Azərbaycanda kino sahəsinin acınacaqlı vəziyyətdə olması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir.

Dövlətin hesabına çəkilən filmlərin dünya standartlarına cavab verməməsindən, həmçinin beynəlxalq festivallarda nümayiş olunmamasından şikayətlənənlər də çox olur.

Son dörd-beş ildə isə kinoya büdcədən pul ayrılsa da, film istehsalatı tamamilə dayanıb.

Kinoya cavabdeh Mədəniyyət Nazirliyi bununla bağlı açıqlama vermir, pulların hara və necə xərclənməsinin hesabatını təqdim etmir.

Ekspertlər Azərbaycan kinosunda son dörd-beş ildə vəziyyətin kritik olduğunu deyirlər.

Kino tənqidçi Sevda Sultanova söyləyir ki, ölkədə kino siyasətinə məsul olan yüksək rütbəli məmurlar artıq qərara gəlməli və açıq bəyan etməlidir: Azərbaycanda kinonun olmasını istəyirlər, ya yox?!

Ötən ilin sonlarına doğru Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası yaradıldı.

Kinoya senzuranın tətbiqi kino ictimaiyyəti arasında narazılıq və müzakirələrə səbəb oldu.

Ümumiyyətlə, dövlət kinoya, incəsənətin digər sahələrinə pul ayırmalıdırmı? Bəs dövlətin maliyyə yardımının arxasında hökumətin senzurası dayanırsa, onda necə?

“İncəsənətin istənilən növü – kino, teatr, yazıçılıq maksimum müstəqil olmağı seçməlidir”.

İqtisadçı Toğrul Vəliyev belə düşünür.

Onun fikrincə, müstəqil olmaq üçün ilk şərt dövlətdən vəsait almamaqdır:

“Dövlət heç bir halda film çəkilişində iştirak etməməli, kino siyasəti olmamalıdır. Çünki dövlətin hətta “ən yaxşı motivlər” uğrunda apardığı siyasət sonda senzuraya çevriləcək. Ola bilər ki, dövlət hansısa qadağan olunmuş mövzuları təyin edə bilər. Amma bu mövzular onsuz da Cinayət Məcəlləsi və ya digər qanun və normativ sənədlər ilə tənzimlənir”.

İqtisadçı hesab edir ki, dövlətin kinoya dəstəyi subsidiyalar, yaxud da klassiklərin əsərlərinin çapı, müvafiq tamaşaların qoyulması, ya da hər hansı mövzuya dair sənədli filmlərin çəkilməsi istiqamətində ola bilər:

“Kimsə teatrlar və ya kino haqqında pafoslu danışsa – bilin ki, sadəcə, dövlət büdcəsindən vəsaiti heç bir səy göstərmədən öz cibinə qoymaq istəyir. Kino və teatr həmişə gəlir gətirməyi məqsəd görüb. Hər şeyi dövlətdən gözləmək – bu, sadəcə, senzuranı dəstəkləmək deməkdir”.

Geri qayıt