Əsas Səhifə > Şou-biznes > "Hörmətim xalq artistlərindən böyükdür, amma..."
"Hörmətim xalq artistlərindən böyükdür, amma..."1-02-2024, 12:14 |
"Cəmiyyətdə mənə olan hörmət xalq artistlərinə edilən hörmətdən böyükdür". Bunu Qaynarinfo-ya açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev deyib. Aktyor əməyinin qiymətləndirilməməsinin səbəbini belə açıqlayıb: "Ad, mükafat marağında olmamışam, nəyinsə arxasınca düşməmişəm, qapılar döyməmişəm, kimlərinsə qarşısında diz çöküb boyun əyməmişəm. Belə bir ömür yaşamışam, ona görə də mənim üçün fərqi yoxdur, sənətim qiymətləndirilib, ya yox. Sadəcə, hərdən ürək bulanır, dünənki uşaq-muşaq, səviyyəsi olmayan adam fəxri ada layiq görülür, sənəti, əziyyəti olan da kənardan baxır. Onların nə yolla fəxri ad aldıqlarını hamı gözəl bilir. Mən şəxsiyyətimə, mənliyimə sıxışdıra bilmirəm ki, kiməsə ağız açım. Amma başqaları üçün ağız aşmışam və açaram da. Yeri gələndə, kiminsə problemi olanda yalvarmışam da, sağ olsunlar məni eşidiblər. İnanın mənə, Xalq artisti var ki, onun illərdir həll edə bilmədiyi problemini həll etmişəm. Bu gün ətrafıma baxanda, xalq artistlərindən də hörmətliyəm. Bir dəfə xalq artistlərindən birinin problemini həll etdim. Bir il gedib-gəlirdi, həll edə bilmirdi. Xahiş etdi ki, bəlkə bu məsələnin həlində ona dəstək olum. Tanımadığım bir adamın yanına getdik, müdir idi. Problemi dedim, 5 dəqiqənin içində onu həll etdik. Halbuki bir il idi yollarda qalmışdı, heç qapıdan içəri girə bilmirdi. Bilirsən ona nə dedi otaqda, "sən Xalq artisti ola bilərsən, amma Natiq ola bilməzsən". Bu mənim üçün milyona dəyərdi, nəyimə lazımdır onun qondarma adını? Mənim elə Natiq adım bəs edir. Əsas odur ki, Natiq kimi təmiz adım var". Natiq Fərzəliyev dünyada təmiz adla yaşamağın qarşılığı olmadığını qeyd edib: "5 gün ömür yaşayıram, bu həyatda təmiz adla yaşamaq milyon adlara dəyər. Mən bu sənətə gəldiyim üçün heç vaxt heyifslənməmişəm. Məni bu sənət hörmətli edib. Uşaqlıqdan bu sənətdə, səhnədə olmuşam. Səhnə mənim üçün müqəddəsdir. Səhnəyə, sənətimə xəyanət edə bilmərəm. Fəxri ad boş şeydir. Bu gün mənim üçün ən böyük hədiyyə səhnədə olmaq və dostlarımdan təbrik almaqdır". Geri qayıt |