Əsas Səhifə > Şou-biznes > "Gecə yatanda televizoru söndürmürdü ki, səsi gəlsin"
"Gecə yatanda televizoru söndürmürdü ki, səsi gəlsin"25-01-2024, 08:28 |
“Arif ölümdən, qaranlıqdan qorxurdu. Gecə yatanda televizoru söndürmürdü ki, səsi gəlsin. Yadımdadır, təxminən 1995-ci il idi. O çarpayıda, divanda yox, yerdə yatırdı. Pişik keçmişdi, nəsə tıqqıltılı bir səs gəlmişdi. Bir də gecə vaxtı gördüm ki, Arif geyimlərini qucağına alıb qaçır. Bir az aralıda bir qohumumuz yaşayırdı. Dedi ki, “burada yatmıram, qorxuram, gedib onlarda yatacam”. Nə illah etsəm də gedib gecəni orada yatdı. İndi təsəvvür edin onun ölümü bir anlıq mənə yuxu kimi gəlir. O anları, o günləri xatırlamaq mənim üçün çox ağırdır, əzab çəkirəm. Xatırlayanda istər-istəməz stress keçirirəm. İndi də qapı döyüləndə elə bilirəm ki, odur gələn. Gözüm hər yerdə onu axtarır. Hər filmdə, hər serialda, həm teatr tamaşasında onu görürəm. Gəncədə qastrolda olanda tamaşaçılar əyləşəndən sonra bizi gəlib özü zala buraxdırırdı. Həmişə də qabaq cərgələrdə otururduq. Camaat da elə bilirdi ki, aktyorlarıq. Əl çalırdılar, bizi hörmətlə qarşılayırdılar”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin bacısı Zərifə Rəhimova deyib. O daha sonra əlavə edib. “Övladları, nəvələri bəzən Gəncəyə gəlib-gedirlər. Yanlarında ataları haqda heç nə danışmıram. Çünki onların atası dünyadan nakam köçdü, həyatda bir gün görmədi. Elə də mən özüm. Biz uşaqlıqdan ayrı düşdük. Çünki nə atamız oldu, nə də anamız. Bu dəqiqə onun həyat yoldaşı Gülzar xanım xəstədir. Uşaqlar bu dəfəki gəlişlərində onu gətirə bilməmişdilər” deyə sənətkarın bacısı bildirib. Sənətkarın bacısı qardaşı Arif Quliyevlə uzun illərdən sonra 1988-ci ildə görüşdüyünü bildirib. “Biz 1988-ci ildə görüşdük, birləşdik. O vaxtdan bu vaxta qədər daha da doğmalaşdıq. Xoşqədəm Baxşəliyevanın “Səni axtarıram” verilişinə gündə bir qadın çıxırdı ki, Arifin anasıyam. Arif mənə təklif etdi ki, gəl verilişə çıxıb, hər şeyə aydınlıq gətirək. Mən buna razılıq vermədim. Çünki efir adamı deyiləm, qətiyyən müsahibə vermirəm. Təkcə sizdən keçə bilmirəm. Ariflə biz doğmadan da doğma idik. Sadəcə olaraq Arifin atasının kim olduğunu, mən anamın kim olduğunu bilmədim. Çünki bizim yaşlılarımız deyirdi ki, “Arif anamın arxasınca gəlib”. Sonra anam ağır xəstə olub, aparıb onu əmimin arvadına verib. Mənim anamı yerbəyer edəndən sonra Arifi aparıb uşaq evinə veriblər. Arifi uşaq evinə atamın birinci həyat yoldaşının bacısı verib. İkinci həyat yoldaşı da mənim anam olub. 11 yaşım olanda atam dünyasını dəyişdi. Sonra əlaqələrimiz kəsildi. İllər sonra görüşdük. 3 gün evimizdə qonaqlıq verdik. O vaxt kamera yox idi. Çətin illər idi. Bircə ona görə heyfsləndi ki, kaş kamera gətirərdim. Evimizə nə qədər sənətkarları gətirmişdi. Nəsibə Zeynalova da bizdə olub. Ən yaxın dostu aktrisa Naibə Əlibəyova ilə bizə gəlirdi” deyə sənətkarın bacısı bildirib. Geri qayıt |