Əsas Səhifə > Şou-biznes > “Atamla anamı paxıllıqdan ayırdılar, adlarına şayiə yaydılar, əslində isə onlar...”
“Atamla anamı paxıllıqdan ayırdılar, adlarına şayiə yaydılar, əslində isə onlar...”22-01-2024, 08:59 |
Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslan Moderator.az-ın suallarını cavablandırıb. -Eldar bəy, siz bizim böyük sənətkarımız Siyavuş Aslanın kiçik övladısınız. O komediya janrının ölkəmizdə ən layiqli nümayəndəsi idi. O dövrdə Siyavuş Aslanın tamaşalarını, filmlərini izləyib gülənlər, bu gün nəyə gülürlər? -Söhbət təkcə komediyadan getmir. Ümumi incəsənət sahəsində bayağılaşma baş alıb gedir. Bu da sənətdə son 15-20 ildə baş verən boşluqların nəticəsidir. Tamaşaçılar sənətdən uzaqlaşdırılıblar. İnsanlar bilmir ki, nəyə gülsünlər. Yaxşı ssenarilər, əsərlər olmalıdır, yazılmalıdır ki, bu sənət inkişaf etsin. Yeni əsərlərə izdiham yoxdur. Bəlkə də o izdihamı mən görmürəm. Baxılası bir şey yoxdur. Gündəmə gətirilən mövzular yalnız şit komediyalardır. Onlara əsər də demək olmaz. İnsanları şit danışıqlarla məcburi güldürürlər. Son 100 ildə görün Azərbaycana nə qədər görkəmli şəxsiyyətlər gəldi. Mənim valideynlərim də onlardan biri olub. Onlar Azərbaycan mədəniyyətinin formalaşmasında böyük zəhmət çəkiblər. Onlar hamısı bir dalğa kimi 100 ildə gəlib, böyük işlər gördülər. Əfsuslar olsun ki, onlar əvəzolunmayan insanlardır. Əvəzolunanlar olsaydı biz bu gün onları görərdik. Rəhmətlik atam deyirdi ki, “mən Lütfəli Abdullayevdən böyük sənət dərsi almışam”. Tək atam yox, o nəsil sənətkarların hər biri özlərindən öncəki sənətkarlardan ibrət götürüblər. Əfsuslar olsun ki, biz artıq o məktəbi görmürük. Nə aktyorluq, nə də ki, ifaçılıq sənətində. Müğənnilərin əksəriyyətinin başı toylara qarışıb. Ona görə də qıtlığ var. 2-3 adam var ki, nəsə edir. Filmlər çəkilmir, dublyaj sektoru məhv olub gedib, kanallarımız ancaq qeybət edir. Ya kimisə evləndirib, ya da kimisə boşatdırırlar. Bu da insanların pxisologiyasına mənfi təsir edir. -Sizcə Siyavuş Aslanı sevənlər çox idi yoxsa sevməyənlər? -Atamı sevənlər də, sevməyənlər də çox olub. Paxıllıq edənlər də kifayət qədər var idi. Paxıllıqdan irəli gəlirdi ki, ailəmiz haqda mediada, qəzetlərdə həqiqətə uyğun olmayan, dedi-qodu söhbətləri yer alırdı. Bütün bunlara biz alışmışdıq. Atamla anamın xoşbəxtliyini gözləri götürməyənlər də var idi. Dedi-qodular atamla anamı bir-birindən uzaqlaşdırdı, aralarında qısqanclıq yaratdı. Yalandan deyirdilər ki, guya Ofeliya xanımın kiminləsə əlaqəsi var, Siyavuş müəllim kiminləsə görüşür, ailə həyatı quracaq. Ortada heç nə yox idi. Ayrılmaqlarına səbəb də qısqanclıq idi. Bu dedi-qoduları yayan bəzi insanları tanıyırdım. Əlbəttə ki, onlarla ünsiyyəti sıfıra endirmişdim. -Sizcə Siyavuş Aslan rol xiffəti çəkdi? Onu nədənsə filmlərə çox çəkmədilər.. -Atamın sənət həyatı dolu olub, qaynayıb-daşıb. Düşünürəm ki, elə obraz olmayıb ki, atam onu oynamasın. Bir müddət komediyadan uzaqlaşıb, Akademik Milli Dram teatrına getdi, ciddi rollar oynadı. Bir ona görə heyfslənirəm ki, atamın çox filmləri ola bilərdi, amma ondan kino sahəsində istifadə etmədilər. Kino arxivi bu gün azdır. Ən azından 100-ə yaxın filmə çəkilə bilərdi. Bu tərəfində bir az boşluq görürəm. Atam kinoya özü də can atmırdı, hətta bir çoxlarından imtina edirdi. -Bir müddət əvvəl qardaşınız Çingizin ölüm xəbəri ilə sarsıldınız. Doğma qardaş olsanız da fərqli xarakterlərə, xasiyyətlərə malik insanlar olmusunuz. Onu heçmi qoruya bilmədiniz? -Qardaşım 14 yaşından bəri bu yolu özü seçmişdi. Anamla atam son günlərinə qədər onun əziyyətini çəkdilər, onu qorudular. Özüm də bir qardaş kimi əlimdən gələni ondan əsirgəmirdim. 14 yaşından bəri başladı evə gəlməməyə, atamı-anamı incitməyə. Səsi ya hansısa klubdan, ya restorandan, ya da polisdən gəlirdi. Çingiz 22 il həbsxanada yatdı. Bu da hamısı dələduzluq və digər məsələlərə görə idi. Öz həyatını məhv etdi. Sonradan düzəlmək də istəmədi. Atamı itirəndən sonra istədim ki, onu düzəldim, amma alınmadı. 1 il “Semaşka” xəstəxanasında onu pulsuz-parasız yatızdırdıq, dərmanlarını bizə təmənnasız verdilər. Qaraciyərində 4-cü dərəcəli xərçəng var idi. Ona qətiyyən içki içmək, narkotik istifadə etmək olmazdı. Amma o öz işində idi. Bütün bu müalicələr boşuna gedirdi. Sonda xəstəlikdən dünyasını dəyişdi. Bizim qardaşlığımız o qədər də sıx olmayıb. Mən onu illərlə görməmişəm. Həyat tərzimiz bir deyildi. Atamla anam qardaşımla yaxınlıq etməyimi istəmirdilər. Valideynlərimiz dünyasını dəyişəndən sonra biz birləşməkdənsə ayrıldıq. Nə qədər çalışdıqsa birləşə bilmədik. 2019-cu ildən bəri ona-buna yalvararaq onun müalicəsini aparırdım. Çingiz ata evini götürüb bərbad vəziyyətə saldı, sonra da satdı. -Heç atanızın yolunu davam etdirmək istəmisiniz? -Sözün düzü o vaxt belə bir fikrim var idi. Uşaqlıqdan bir çox filmlərdə epizod rollarda çəkilirdim. Özbəkistanda bir dəfə iki seriyalı filmdə çəkildim. “Yol əhvalatı” filmində də çəkilmişdim, sadəcə olaraq material çox olduğu üçün montaj etmişdilər. Sonradan başa düşdüm ki, mən Siyavuş Aslanın yolunu davam etdirə bilməyəcəm. Bilirdim ki, mənim etdiklərim atamın etdiklərinin kölgəsində qalacaq. İndi heç peşman da deyiləm. Görürəm də aktyorlarını vəziyyətini. Mən də onlardan biri olacaqdım, batıb gedəcəkdim. Bir oğlumda, bir də qızımda o istedadı görürəm. Təvəkkül Allahdan. Gələcək göstərər. -Hazırda hansı sənətin sahibisiniz? -Mən Ali Menecment üzrə, idaarəetmə sahəsində mütəxəsisəm. Son 20-25 ildə bu yolu seçib işləmişəm. Təəssüf ki, hazırda çalışmıram. Həm də səs aktyoruyam. Bu mənim xobbimdir. Hal-hazırda səslə bağlı, dublyajla bağlı öz ölkəmizdən dəvətlər almıram. Daha çox rus dilində Rusiya kontingenti üçün səsləndirmələr edirəm. -İş üçün aidiyyatı qurumlara müraciət etmisiniz? -Hanısa şirkətdə təcrübəmi göstərə bilərəm. Ölkəmizdə bir iş tapa bilmədim. Nə qədər səy göstərdim, amma alınmadı. Hətta müəyyən qapıları da döydüm, insanlarla görüşdüm, amma alınmadı ki, alınmadı. Nazirliklərə, qurumlara yazıb, müraciət etmişəm. İncikliyim təkcə budur. Son 10 ildə vətənimdən kənarda qalıb, idarəetmədə işləmişəm. Ziyalı ailəyə bu cür münasibəti başa düşə bilmirəm. 55 yaşım tamamdır. Amma işləyə bilərəm. Belə gedişatla ölkədən kənara çıxıb, işləyəcəm. Geri qayıt |