Əsas Səhifə > Şou-biznes > Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər
Aygün Bəylər, Xalq artisti meyarı, təzadlı fikirlər17-01-2024, 16:50 |
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra onunla bərabər hələ də Xalq artisti fəxri adı verilməyən bir sıra sənətçilərin adları çəkilir. Ölkə.Az Əməkdar artist fəxri adına layiq görülməsinin üzərindən 9-10 və daha çox il ötən bir sıra tanınmış sənətçilərin siyahısını hazırlayıb. Azərbaycanlı məşhur müğənni və "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımova 2008-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Həmin dövrdən 16 il ötür. Sevilən müğənni Firuzə İbadova isə 18 il əvvəl 2006-ciı ildə Əməkdar artist adını alıb. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Rita Əmirbəyova isə 1991-ci ildə, yəni düz 33 il əvvəl fəxri ad alıb. Sevilən müğənni Teymur Əmrah isə 2012-ci ildə, yəni 12 il əvvəl bu ada layiq görülüb. Hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist kimi çalışan xanəndə Almaz Orucova da Teymur Əmrahla eyni ildə fəxri ad alıb. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasında aparıcı solist kimi çalışan vokal ifaçısı və aktrisa Aygün Zeynalova 12 il əvvəl Əməkdar artist adına layiq görülüb. Sevilən aktrisa Kəmalə Müzəffər isə 13 il əvvəl Əməkdar artist fəxri adını alıb. O da uzun illərdir, Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan teatr, televiziya, kino və dublyaj aktrisası Şəfəq Əliyeva da 11 ildir ki, Əməkdar artistdir. Sənətçilərə fəxri adların verilməsi ilə bağlı siyahı Mədəniyyət Nazirliyi tərəfindən dövlət başçısına təqdim olunur. Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona Xalq artisti fəxri adının verilməməsi müzakirələrə səbəb olmasından sonra yerli mətbuata danışan sabiq nazir Əbülfəs Qarayev bunu vaxt məsələsi ilə izah etmişdi: "Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir". Maraqlıdır ki, Aygün Bəylərə Əməkdar artist fəxri adı verilməsindən (2002) Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən (2006-2020) azad edilənədək bu məsələdən artıq 18 il vaxt ötmüşdü. Fəxri ad məsələsində isə ən çox adı çəkilən 2 sənətçi isə müğənni Miri Yusif və Röya Ayxan olmuşdu. Röya Ayxan 2015-ci ildə Əməkdar artist, 2019-cu ildə isə Xalq artisti adına layiq görülüb. Miri Yusif isə 2018-ci ildə Əməkdar, 2019-cu ildə isə Xalq artisti adını alıb. Röya Ayxan bu fəxri adları 4, Miri Yusif isə cəmi 1 il fərqlə alıb. Qeyd edək ki, yuxarıda adı çəkilən sənətçilər hər birinə fəxri adların verilməsi və ya fəaliyyətinin böyük hissəsi məhz sabiq nazir Ə.Qarayevin vaxtına təsadüf edir. Onun xələfi Anar Kərimov 2 ildən bir qədər az müddət vəzifədə olub. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə vəzifə müddətinin hələ 1 ili tamam olmayıb. Qanunvericiliyə əsasən, Xalq artisti fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər Əməkdar artist və ya Əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir. Həmçinin qeyd edilir ki, Xalq artisti və Xalq rəssamı fəxri adları, bir qayda olaraq, müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər. Bu yaxınlarda, daha dəqiq desək, 27 dekabr 2023-cü ildə jurnalist və Milli Məclisin 4-cü çağırış deputatı Etibar Hüseynov hələ Aygün Bəylər vəfat etməzdən əvvəl hazırkı mədəniyyət naziri Adil Kərimliyə müraciət etmişdi. Jurnalist yeni nazirin ədalətinə güvəndiyini deyərək həm A.Bəylərə, həm də Aybəniz Haşımovaya Xalq artisti adlarının verilməsi ilə bağlı xahiş etmişdi. Son olaraq sənətçilərə "vaxtında qiymək" və ya "dəyər vermək" anlayışlarına gəldikdə isə bu çox mücərrəddir. Bu dəyəri, sadəcə, fəxri adlarla ölçənlərlə yanaşı, maddi olaraq, yəni hədiyyələri meyar bilənlər də var. Amma bununla belə, kifayət qədər sənət adamı var ki, heç kim adını çəkməsə, özü də səsini çıxarmaz, bir kənarda səssizcə fəaliyyəti ilə məşğul olar. Yəni Xalq artisti olmaq üçün uzun müddət gözləyən sənətçilərin siyahısı bizim yazımızda adı çəkilən şəxslərlə məhdudlaşmır. Onların sayı kifayət qədərdir. Və onların heç də hamısı ad davası eləmir. "İncəsənət qurban tələb edir" deyib özünü sənətinə verən və sənətin mütləq fəxri adla qiymətləndirildiyini düşünməyən xeyli sayda sənətçimiz var. Bu məsələdə cəmiyyətin də mövqeyi birmənalı deyil. Məsələn, Azərbaycan sevilən müğənnisi Zeynəb Xanlarova Yeni ildən sonra tənqidlərin hədəfinə çevrilmişdi. Uzun illərdir Xalq artisti fəxri adını daşıyan sənətçinin hər il olduğu kimi 2023-cü ilin son günü də AzTV-də konsert proqramında çıxış etməsini "sıxıcı" adlandıranlar olmuşdu. Fəxri adlara kimin daha çox və ya az layiq olduğunu biz deyə bilmərik. Amma cəmiyyətin dediyi kimi, dəyər verilən sənətçinin qınandığını, "dəyər verilməyən" sənətçilər üçün isə müzakirə açıldığını görürük. Xalq artisti Afaq Bəşirqızı da 2020-ci ildə yerli mətbuata verdiyi açıqlamasında fəxri adlarla bağlı bu sözü söyləmişdi: "Fəxri ad aktyora teatrın yükünü çiynində apardığına, teatrın sütunu olduğuna, teatrın kassasına gəlir gətirdiyinə görə və ən əsası da xalq tərəfindən sevildiyinə görə layiq görülür. Bəziləri düşünür ki, “əgər mən çox rol oynamışamsa, çox mahnı oxumuşamsa, artıq Əməkdar və yaxud Xalq artisti adını almalıyam. Bizim sənətdə həmişə keyfiyyət kəmiyyəti üstələyib". Xalq artisti Hacı İsmayılov isə açıqlamalarından birində demişdi ki, fəxri adların verilməsi adi hal almamalıdır. Geri qayıt |