Əsas Səhifə > Şou-biznes > Maral Tahirqızı onunla bağlı paylaşıb edib, lağa qoyanlara SƏSLƏNDİ
Maral Tahirqızı onunla bağlı paylaşıb edib, lağa qoyanlara SƏSLƏNDİ15-01-2024, 10:07 |
Müğənni Maral Tahirqızı Moderator.az-saytının suallarını cavablandırıb. -Maral xanım, söhbətimizə sənət həyatınızdan danışmaqla başlamaq istərdim. Fəaliyyətiniz necə davam edir? -Nə iş görürəmsə hamısını yutuba, tik-toka və instaqram səhifəmə yükləyirəm. Sənətdəyəm, işimin başındayam. Sırf özümə məxsus olan mahnılarım yoxdur. Köhnə mahnıları yeni aranjimanda təqdim edirəm. -Vaxtilə böyük sənətkarlardan dərs aldığınızı söyləmisiniz. Kimlər olub müəllimləriniz? -Arif Babayev, Qəzənfər Abbasov, Qaraxan Behbudov, Əlövsət Qarabağlı və Rafiq Əliyevdən dərs almışam. Məktəbə daxil olanda istər-istəməz səs yoxlanılır. Müəllimlərim də səsimin gözəl olduğunu bildirmişdilər. Səsim pis olsaydı əlbəttə ki, məni məktəbə qəbul etməzdilər. -Siz həm də sosial media fenomenisiz. Tik-tokdan, instaqramdan qazanc əldə edə bilirsiniz? -İndi əvvəlki kimi reklamlar yoxdur. Xırda-xuruş şeydir. Qazancım sırf məclislərdəndir. Toylar da olur. Sənətlə heç nə əldə edə bilməmişəm. Əvvəllər mağazam olub, işlədib qazanmışam. Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, Tikinti idarəsində kadrlar şöbəsinin rəisi, Yeyinti Sənayesi Nazirliyində işləmişəm. 25 yaşımdan vəzifələrdə çalışmışam. -Prodüsseriniz var? -Hazırda yoxdur. Bir ara var idi. Böyük işlər olanda özümlə prodüsser aparıram. Gərək böyük məbləğ qazanım ki, prodüsseri də dolandıra bilim. Məclislərə yarım saatı 300 manata gedirəm. Öncədən beh alıram. Ayda 5-6 məclisim olur. Özümü dolandırıram. O pulu da sənətimə, səsyazmaya, geyimlərimə xərcləyirəm. -Yeni il gecəsi 50 min qonorara tədbirə gedən müğənnilər var idi.. -Eşidin amma inanmayın. 50 mini kimdir onlara verən?! Bu sadəcə sözdür. Hamısı 50 manata, 100 manata gedir. Söhbət elə məşhur müğənnilərdən gedir. Onların getdiyi restoranları da mən tanıyıram. Həmin restoranların direktorları özləri deyir ki, “biz ən məşhur müğənniyə 100 manat ödəyirik”. Necə oldu ki, indi 50 min verdilər?! Yalan söhbətdir. Yenə də elə ən baha gedənlərdən də mən baha gedirəm. -Sənətdə kimlərlə dostluq edirsiniz? -Heç kəslə! Hamıyla “salam-sağol” edirəm. Hər kəsin bir xasiyyəti var. Ən yaxın dostum anamı mənə əvəz edən böyük bacımdır. -Kimlərlə duet oxumaq istərdiniz? -Mən heç kimlə duet oxumaq istəmirəm. Özləri oxuyub sənətlərini göstərsinlər. Duet təklifləri gəlib, amma qəbul etməmişəm. Onların səsi tam başqa, mənim səs tembrim tamamilə başqadır. Xanımın xanımla duet oxumasını qəbul edə bilmirəm. Buna pis baxıram. -İllər öncə sizin sayənizdə reytinq qazanan məşhurlar, verilişlər oldu.. -Mənim səsim, sənətim göz qabağındadır. Ona görə də qalmaqal yaratmıram. Məsəl var, “yel əsər qayadan nə aparar?”. Əlbəttə ki, toz. Yutubda haqqımda bəzi paylaşımlar edib, səsimi lağa qoyurlar. Mən haqqımı onlara halal etmirəm, söyürəm. Deyirəm ki, “Allah bəlanızı versin”. Allah ürəyiniz qədər payınızı versin. Onlar mənim sənətimə kölgə sala bilməzlər. Xaincəsinə, düşməncəsinə edirlər. Məqsədləri məni gözdən, nüfuzdan salmaqdır. -Nəticədə pul qazanırlar.. Yenə də onlara reytinq verirsiniz.. -Haramları olsun. Bu haramdır. Özləri ələ salınmış adamlardır. Siz kiminlə lağ edirsiniz? Səviyyəli, şəxsiyyətli, özünə hörmət qoyan adam belə bir şey etməz. -Hər məclisə gəlişiniz böyük səs-küy yaradır. Sosial şəbəkələrdə bunun şahidi oluruq.. -Bəli. Sonuncu məclisdə mötəbər bir rəisin doğum günündə idim. Onun xəbəri yox idi ki, mən gələcəyəm. Ailəsi ona sürpriz etmişdi. Həmin rəis mənə pərəstişlik edirdi. Sonradan həyat yoldaşı ilə də görüşdüm. Çox insanın həyat yoldaşı məni dəvət edir. Hamısından çox razıyam. Nə danışıramsa o qədər də qonorar alıram. Bəzi məclislərdə əlavə hörmət edənlər də olur. Tamahkarlıq edən adam deyiləm. Heç vaxt demirəm ki, mənə onu versinlər, bunu versinlər. Müğənnilər var ki, bunu edirlər, amma mən edə bilmirəm. -Bir az da ailə həyatınızdan danışmağınızı istərdim. -Anam pandemiyada dünyasını dəyişdi. Bakıda yaşayıram. 8 bacı-qardaşıq. Hamısının övladları, nəvələri var. 6 bacım məndən böyükdür. Səsimi, sənətimi dəstəkləyirlər. Evdə mənə qarşı çıxan yeganə şəxs atam idi. Sevmirdi ki, xanım müğənni olsun. O da səsimi dinləyəndən sonra razılıq verdi. Dedi ki, “sən oxu, səs səndədir, ayağını geri çəkmə”. Atam səsə böyük önəm verirdi. Səssiz adamı sevməzdi. Televizorda səsi olmayan müğənni görəndə söndürürdü. Deyirdi ki, “avaraçılıqından müğənni olub”. Həyatımda mənim üçün heç nə çətin olmayıb. Bir qardaş, bir bacımı və ata, anamı itirmişəm. Hər biri mənim üçün özəl idi. Atamı evdə hamımız daha çox istəyirdik. Atam dünyasını dəyişəndə elə bil dünyam köçüb getdi. -Bəs şəxsi həyatınız...? -Ailəli olanda 16 yaşım var idi. Bu Allahın qismətidir. Hər bir xanım istəyər ki, ailəsi, övladları olsun. Övladım yarımçıq doğulduğu üçün qalmadı. İkinci dəfə ailə həyatı qurmaq istəmədim. Kiminləsə sevgili olub, dünyaya övlad gətirmək istəməmişəm. İstəmişəm ki, dünyaya gətirdiyim uşağın atası olsun. -Efirlərə dəvət alırsınız? -Dəvət edirlər, amma özüm getmirəm. Çünki televiziyalardan hörmətsizlik görmüşəm. Məni qeybətə, qalmaqala çağırırlar. İndiki televiziyaların bir çoxu sosial verilişlərdən ibarətdir. Səsi, sənəti tərənnüm etmirlər. Qeybət axtarırlar ki, rezonans yaratsınlar. -Tamaşaçılarınıza nə demək istərdiniz? -Onlara gözəl-gözəl günlər arzulayıram. Həyatın bütün gözəlliklərindən zövq alsınlar. Geri qayıt |