Əsas Səhifə > Şou-biznes > Bəs bu yenilik kino sahəsinə necə təsir edəcək?

Bəs bu yenilik kino sahəsinə necə təsir edəcək?


10-01-2024, 16:56
Bəs bu yenilik kino sahəsinə necə təsir edəcək?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri film istehsalı üzrə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Dövlət Vergi Xidmətinə aid fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planında mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərə, o cümlədən milli kinofilm istehsalçıları və dublyaj fəaliyyətinə təşviqlərin verilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə film istehsalını və dublyaj fəaliyyətini həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.

Bəs bu yenilik kino sahəsinə necə təsir edəcək?
Mövzu ilə bağlı kinoprodüser Fehruz Şamıyev Musavat.com-a danışıb.

O qeyd edib ki, hazırda Azərbaycanda kino və dublyaj sahəsi acınacaqlı vəziyyətdədir:

"Belə bir məqamda bu sahəyə böyük güzəştlərin verilməsi daha məqsədəuyğun olardı. Çox təəssüf ki, ölkə başçısına təqdim olunan hesabatlar düzgün araşdırılmır və bunun da müqabilində yerli kino bazarı məntiqli güzəşt əldə etmir. Ortada müəyyən məmurlar özlərinin işlərini, fəaliyyətdə olduqlarını göstərmək üçün müəyyən təkliflər hazırlayırlar. Amma onlar başa düşmür ki, bu təkliflərin yerli film istehsalçıları üçün heç bir xeyri yoxdur.

Məsələn, sözügedən fərmanda deyilir ki, güzəştlər mikrosahibkarlıq subyekti olmayan şirkətlər üçün nəzərdə tutulur. Azərbaycan kino bazarında isə film istehsalı ilə məşğul olanların 90 faizi mikrosahibkarlardır. Deməli, bu qərarın milli kinonun inkişafına xidmətindən söhbət gedə bilməz. Halbuki film istehsalı ölkəmizdə mədəniyyət sahəsinin prioriteti olmalıdır. Bİz artıq audiovizual məhsullarımızla ölkədə və ölkədən kənarda özümüzü müdafiə, təbliğ edə bilərik. Bir filmin beynəlxalq festivalda nümayişi və tanıtımı birbaşa ölkənin mədəni səviyyəsinin göstəricisidir. Biz öz filmlərimizlə sivil ölkələrlə ayaqlaşmağı bacarmalıyıq. Hazırda bütün dünyada audiovizual məhsulların istehsalına, tanıtım filmlərinə xüsusi önəm verilir. Demək olar ki, bütün beynəlxalq təqdimatlarda ən önəmli məsələ tanıtım filmləri hesab olunur. Deməli, film, audiovizual məhsul həm yerli, həm də beynəlxalq aləmdə bizim üçün önəmli olmalıdır. Amma bununla belə, bizim müəyyən dairələr hələ də bu məsələyə biganədir və ancaq hansısa lazımi məqamda əl-ayağa düşürlər ki, "hansı filmlərimiz?"

Fehruz Şamıyev bildirib ki, ölkədə kinosənayenin inkişafı üçün festivallar, yerli istehsal ən önəmli məsələdir:

"Amma təəssüf ki, yerli istehsala stimul verən hansısa ciddi addımlar atılmır. Bu addımlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən dəstəklənməlidir.

Azərbaycan kino bazarında fəaliyyət göstərən şirkətləri kiçik sahibkar da adlandırmaq olmaz. Çünki hazırkı kino sənayemiz ona imkan vermir ki, bir şirkət 10 və daha artıq şəxsi daimi işçi kimi öz komandasında saxlasın, ona məvacib versin. Bu baxımdan da sözügedən qərarın bu sahədə fəaliyyətdə olan yalnız 2-3 şirkətə aid olacağını demək olar".

Geri qayıt