Əsas Səhifə > Şou-biznes > “40 ildir işləyirəm, fəxri adım yoxdur, amma 3-5 il işləyənlərin fəxri adı, mükafatı var”

“40 ildir işləyirəm, fəxri adım yoxdur, amma 3-5 il işləyənlərin fəxri adı, mükafatı var”


10-01-2024, 10:30
“40 ildir işləyirəm, fəxri adım yoxdur, amma 3-5 il işləyənlərin fəxri adı, mükafatı var”
“Mingəçevir Dövlət Dram teatrına nə fəxri ad üçün, nə də başqa məqsədlər üçün gəlmişəm. Necə ola bilər ki, mən 1 ilin içində gəlib burada işləyim, mənə fəxri ad versinlər?! Bu teatrın illərdir işləyən aktyorları var. Mənim öz iş yerim var. Gənc Tamaşaçılar teatrından adım dəfələrlə təqdimata gedib, nazirlik də xəbərdardır, amma fəxri ad verməyiblər. Vermirlər heç verməsinlər. Məqsədləri nədir bilmirəm?! 3-5 il teatrda işləyən fəxri ad, mükafat alır. Mən isə 40 ildir işləyirəm. Mən deyəsən ömrümün axırına qədər öz adımla qalacam”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib. O daha sonra Əməkdar artist İntiqam Soltanın dəvəti ilə Mingəçevir Dövlət Dram teatrına getdiyini bildirib.

“Mingəçevir Dövlət Dram teatrından əvvəl bir çox bölgə teatrlarında çalışmışam. Rayondan Bakıya köçmək ərəfəsində olanda ilk müraciət etdiyim sənət ocağı bu teatr oldu. Orada həm dostlarım, həm də həmyerlilərim var idi. Özüm Yevlaxdanam, bu teatr da mənə yaxın ərazidə yerləşir. O zaman Yevlaxda olan rəhbərliyim imkan yaratmadı, icazə vermədi, ona görə də 1988-ci ildə birbaşa Bakıya gəldim. 2013-cü ildə Mingəçevir Dövlət Dram teatrına gəldim, Sərvər Əliyevin quruluş verdiyi uşaq tamaşasında oynadım. Mənim şəkilimi afişaya vurandan, efirdə reklam olunandan sonra dublyorumun olmasına baxmayaraq 7 günə 25 tamaşa oynadım. Dedilər ki, “biletlər sənə görə satılıb”. Teatr gənclik illərimdən mənə əzizdir. Bu gün də İntiqam Soltanın rəhbərliyi altında bu teatrda çalışıram. İntiqam Soltan mənə dedi ki, “mənə dəstəyin bu ola bilər ki, yanımda, teatrda olasan”. Mən də rəsmi qaydada Gənc Tamaşaçılar teatrının direktoru Naidə İsmayılzadənin adına ərizə yazıb, icazə alıb, ikinci bir teatrda çalışmağa başladım. Əsas iş yerimin iş prinsiplərini pozmuram. İşimi elə qururam ki, hər iki teatra uyğunlaşa bilim. Xalq artisti Valeh Kərimov da mənimlə birlikdə bura gəldi. O gələn kimi Əli Əmirlinin “Varlı qadın” tamaşasına quruluş verdi. O tamaşanı mən bir neçə quruluşda oynamışdım. Əli Əmirli bu əsərdəki rolu demək olar ki, mənim üçün yazmışdı. Bu tamaşanı oynayıb, təhvil verdik. İndiyə qədər anşlaqla qarşılanır. Teatrın baş rejissoru Vüsal Mehrəliyevin quruluşunda “Açarını itirənlər” tamaşasını da təhvil verdik. Bu tamaşanı Bakıda da gəlib oynayacağıq. Yeni ildə Arzu Soltanın “Uzaqdakı krallıq” əsəri səhnələşdirildi və orada Kral obrazını mən oynadım. Bu teatrdan böyük doğmalıq görürəm, kollektiv xətrimi çox istəyir. İntiqam Soltan və Vüsal Mehrəliyev teatra gələndən burada böyük inkişaf var. Teatrı sıfırdan yaradıblar. Onlar bu teatrda iki festival keçiriblər. Bir də onu qeyd edim ki, İntiqam sadə insandır. Aktyor olmayan direktor aktyoru nadir hallarda başa düşür, amma İntiqam həm də aktyor olduğu üçün bizi çox gözəl anlayır. Aktyor olmayan direktor məmur olur” deyə Natiq Fərzəliyev bildirib.
Aktyor müasir dövrdə çəkilən seriallardan da danışıb.

“Bir evdə uşaqlar ayrı, ata-ana ayrı ləhçə ilə danışırlar. Bu necə ola bilər ki?! Bunu çəkən rejissor görmür? Müdaxilə edə bilmir? Belə ailə olur?! Ssenarilərimiz hadisə üstündə qurulmur. Mənasız-mənasız söz oyunları yazırlar. Aktyorlar, rejissorlar, ssenaristlər peşəkar deyillər. Kim pul, sponsor tapırsa film, serial çəkir. Yaxşıları da var. Məsəl üçün Rövşən İsaxı və çəkdiyi serialları misal çəkə bilərəm. Onun çəkdikləri baxımlı olur. Niyə? Çünki peşəkardır, məktəb görüb. Küçədən kimisə gətirib demir ki, gəl bu rolu oyna! Başqa seriallarda aktyorun ağzı söz tutmur ee! Onlara aktyor demək olmaz. “Xalturşiklər” dir. Nə var, nə var ki, aktyora 5-10 manat verəcəklər. Tamaşaçılar yolda görüb soruşurlar ki, niyə çəkilmirsiniz? Çünki mən heç kimdən xahiş etməmişəm ki, sən Allah məni də filminə, serialına çək!. Kimə sərf edibsə mənimlə işləyib” deyə sənətkar bildirib.

Geri qayıt