Əsas Səhifə > Şou-biznes > “Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir”
“Onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir”9-01-2024, 06:03 |
"Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Sərəncamın verilməsi ilk növbədə Azərbaycanın dövlətçilik ənənələrinə sədaqətdir. Digər yandan Azərbaycan Xalq Cümhuriyyətinə, qurucu babalarımıza, Rəsulzadənin parlaq şəxsiyyətinə olan sevgi və etiramın ifadəsidir". Bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor, "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsinin üzvü Qulu Məhərrəmli deyib. Professor bildirib ki, yubileylər şəxsiyyətləri, tarixi hadisələri yenidən xatırladır, yada salır, ən önəmlisi Cümhuriyyət irsinin dövlətçilik və demokratik ənənələrini öyrədir: "Bu baxımdan Sərəncamın böyük əhəmiyyəti var. Cəmiyyətimizdə çox təəssüf ki, Rəsulzadənin şəxsiyyətinə anlaşılmaz qısqanclıq var və bunu qəbul etmək olmur. Ona görə qəbul etmək olmur ki, adam bütün ömrünü, ailəsini, sağlamlığını, varlığını Azərbaycanın müstəqilliyinə, onun istiqlal uğrunda savaşına həsr edib. M.Ə.Rəsulzadə Azərbaycan tarixinin çox parlaq simasıdır. Müstəqil dövlətin yaradılmasında, müstəqillik ideologiyasının formalaşmasında, milli hərəkatın aparılmasında Rəsulzadə həlledici rol oynayıb. Cümhuriyyət yaranan dövrdə Milli Şuranın sədri, müstəqil Azərbaycanın ilk dövlət başçısı olub. Ona görə də Rəsulzadəni sıralamaq, sıralarda yerini dəyişmək arzuolunmaz davranışdır". Q.Məhərrəmli Rəsulzadə irsinin öyrənilməsinin çox önəmli olduğunu söyləyib: "Bir neçə il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı verilmiş Prezident Sərəncamı böyük rəğbətlə qarşılandı, cəmiyyətə yeni biliklər verdi. Həmçinin Cümhuriyyət haqqında yeni araşdırmalar ortaya çıxartdı. İstər-istəməz hər bir azərbaycanlının şüurunda bir dövlət təsəvvürü və düşüncəsi, dövlət ənənəsi öz yerini kifayət qədər möhkəmlətdi. Rəsulzadə bu prosesdə həlledici rol oynayıb. Rəsulzadənin adını əbədiləşdirmək, onun adını Bakı Dövlət Universitetinə qaytarmaq, ev muzeyini yaratmaq vacib məsələlərdir. Rəsulzadə irsinin təbliğinə ciddi önəm verilməlidir. "1-ci Beynəlxalq Rəsulzadə qiraətləri" tədbirində Avropadan gəlmiş qonaqlardan biri çox yaxşı fikir bildirdi. Dedi ki, Rəsulzadənin demokratiya düşüncəsi bugünkü Avropa dəyərləri ilə üst-üstə düşür. Deyirdi ki, siz Rəsulzadənin demokratik dövlətçilik irsini yüksək səviyyədə dünyaya çatdırmalısınız. Rəsulzadə irsinin təbliği, əslində, Azərbaycanın siyasi təfəkkürünün dünyaya təqdimatıdır. Azərbaycanlıların müsəlman aləmində ilk demokratik dövləti yaratması, parlamentli respublika qurması, Şərqin çağdaşlıq möcüzəsi olan demokratik Cümhuriyyətə sahib olması kimi məqamlar geniş təbliğ olunmalıdır". Professor vurğulayıb ki, Rəsulzadəni öz xırda məqsədlərinə tabe etmək istəyən adamlar var: "Araşdırmaçılar arasında da belələri var. Rəsulzadəni həmin şəxslərin maraq dairəsindən çıxararaq yüksəyə qaldırmaq lazımdır. Nə yaxşı ki, bu istiqamətdə ötən dövr ərzində xeyli iş görülüb. Məsələn, professor Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin əsərlərinin 5 cildini çox böyük zəhmətlə, bir institutun işini görməklə ortaya çıxarıb. Rəsulzadənin Cümhuriyyət dövrünədək, ondan sonra və mühacirət illərində yazdığı müxtəlif əsərləri çap olunub. Bunlar çox ciddi nailiyyətlərdir. Rəsulzadə irsinin peşəkar səviyyədə araşdırılması üçün xüsusi elmi araşdırma mərkəzi olmalıdır. Dövlətin himayəsində olarsa, daha yaxşı olar. Onun irsinin təbliğatı tamamilə yeni müstəviyə qaldırılmalıdır. Burada ağıl, intellekt, düşüncə, peşəkar yanaşma, tədqiqat işinin effektli aparılması ön planda olmalıdır. Cəmiyyət, xüsusən gənclər tarixə baxır və tarixdə kimin hansı rolu oynadığını çox gözəl görür və öz şüurunda hər kəsin yerini müəyyənləşdirir. O baxımdan yeri çox yüksəkdə olan Rəsulzadənin irsinin, əsərlərinin geniş təbliğ olunması bizim dövlətçiliyimizə hörmətimizin ifadəsi olmalıdır". Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur: "Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb". Geri qayıt |