Əsas Səhifə > Şou-biznes > “Fəxriyyə xanım, siz mənim adımı çəkmisiniz, bu məni o qədər sevindirdi ki”
“Fəxriyyə xanım, siz mənim adımı çəkmisiniz, bu məni o qədər sevindirdi ki”8-01-2024, 08:13 |
“Aygün Bəylərin ölüm xəbəri Azərbaycan ictimaiyyətini üzdü, məni də həmçinin. Ona görə ki, Aygün Bəyləri mən səhnəyə gəldiyi ilk illərdən tanıyırdım. Təbii ki, Aygün Bəylər öz imici ilə hər kəsdən seçilirdi. O baxımdan ki, hələ Azərbaycanda ona qədər bu imici kimsə təkrar etməmişdi. İlk dəfə bunu o təqdim etmişdi. Bu onun səhnə imici idi. Kişi geyim elementlərindən istifadə edirdi. Əslində bu imic onunla birlikdə harmoniya təşkil edirdi. Uzun illər o bu imicdə çıxış etdi, tamaşaçı da onu belə tanıyıb, belə sevdi” Bunu Moderator.az-a açıqlamasında tanınmış modelyer-dizayner Fəxriyyə Xələfova deyib. O daha sonra əlavə edib. “Verilişlərdən birində mənə sual verdilər ki, “İncəsənət sahəsindən kimin imicini fərqli görürsünüz?”. Mən düşünmədən dedim ki, Aygün Bəylərin. O vaxtı bu cavabım çox əks-səda doğurmuşdu. Aygün Bəylər uzun zaman keçəndən sonra mənimlə görüşəndə dedi ki, “Fəxriyyə xanım, siz mənim adımı çəkmisiniz, bu məni o qədər sevindirdi ki”. Mən də ona cavab verdim ki, “Bəli, Aygün, bu imicdir, imic yaradılan obrazdır, sən sterotipləri qırmağı bacardın”. Mən bu cavabımla Aygün Bəylərin imicini sanki rəsmiləşdirdim. Təbii ki, onun da bu imici seçməkdə öz səbəbləri var idi. O zaman üçün cəmiyyətdə birmənalı qarşılanmırdı, amma mən modelyer olaraq Aygün Bəylərin imicini dəstəklədim. Bu müsahibəmlə də onun imicini qəbul etməyən insanların söz-söhbətinə son qoydum, onları bu müsahibəmlə sanki susdurdum. İndiyə qədər səhnə üçün yaradılan müxtəlif imiclər olub. Bir neçə dəfə də ona tövsiyyə etdim ki, bəlkə yenidən imicini dəyişib, xoş bir xanım obrazına üstünlük verəsən?! Sonra gördüm ki, Aygün bunu da etdi. Çox xoş xanım-xatun obrazında efirlərə çıxdı. Mənimlə məsləhətlər edirdi, ona tövsiyyələrimi verirdim. Daha sonra yenidən öz imicinə geri döndü. Aygün Bəylərin səsi, sənəti, xasiyyəti gözəl idi. İndiyə qədər eşitməmişəm ki, Aygün Bəylər kiminsə xətrinə dəysin, kiminsə arxasınca danışsın. Sənətini çox sevirdi. Həyatı asan olmamışdı. Son görüşümüz Heydər Əliyev Mərkəzində baş tutdu. Aygün Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış edirdi. Ana mahnısını ifa etdi. Bu fərqli, çox təsirli bir ifa idi. Hər zaman hal-əhval tuturduq, söhbətləşirdik. Xəstəliyi haqda danışdı. Ümüdlü idi ki, sağalacaq. Konsertləri, növbəti planları haqda danışırdı. Xəstəliyi onun səhhətinə də, planlarına da təsir etmişdi. Sona qədər mübarizə apardı. Təəssüf ki, mübarizəsini yarımçıq saxladı. İndi də düşünürəm ki, nə yaxşı ki, mən onun imicini vaxtilə dəstəklədim, həmin müsahibəni verdim. Bu ona çox xoş gəlmişdi. Düşünürəm ki, mən tərəfdən onun imicinə verilən qiymət vacib idi. Ruhu şad olsun” deyə Fəxriyyə Xələfova bildirib. Geri qayıt |