Əsas Səhifə > Şou-biznes > Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir

Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir


6-01-2024, 17:37
Xalq artisti Prezidentin bağışladığı evə köçə bilmir
"Prezidentin mənə hədiyyə etdiyi evə köçə bilmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Yasin Qarayev deyib. Onun sözlərinə görə, həmin ev ona 2016-ci ildə - 70 illik yubileyi münasibəti ilə ölkə başçısı İlham Əliyev tərəfindən hədiyyə edilib:

"Mənə üç otaqlı ev hədiyyə edilib və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Yasamal rayonunda evlə təmin olunmuşam. Amma üstündən 7 il keçməsinə baxmayaraq, öz evimə köçə bilməmişəm. Səbəb belədir: bizim ev MAİN tikinti şirkəti tərəfindən inşa edilib. Həmin ev Bakının çıxacağında, Avtovağzalın üstündə, sol tərəfdə olan 22 mərtəbəli binaların birinin 5-ci mərtəbəsindədir. Ümumilikdə, 12 binadır. Onların 5-nin istismarına icazə verilib. Mənə verilən ev 21 saylı binadadır. Evin çıxarışı verilməyib. Həmin evdə indiyə qədər qeydiyyata düşə bilmirəm".

Aktyorun sözlərinə görə, ev verilən kimi yaşadığı bir otaqlı mənzili satıb:

"7 il bundan əvvəl yaşadığım bir otaqlı evi məcbur olub satdım ki, bu evi təmir etdirim. Evə ehtiyacı olan adamların 40-50 min pulu hardandır ki, mənzili təmir etdirsin. Evimə çıxarış almalıyam ki, burdan qeydiyyatdan çıxım, Prezidentin hədiyyə etdiyi evə qeydiyyata düşüm. Evi alan adam da məcbur edir ki, qeydiyyatdan çıx. Mənə ev verilən binada yaşayış da var".

Aktyor məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini qeyd edib:

"Onlar MAİN şirkətinə müraciət edib. Şirkət də eyni cavabı verib. Şirkət Bakı Şəhər İcra Hakimiyyətinə bildirib ki, məhkəməyə verə bilərsiniz. Dolaşıq bir vəziyyətdəyəm. Aidiyyatı qurumlardan kömək istəyirəm. MAİN şirkətini də günahlandırmıram. Sual verirəm, istismara verilməyən binadan mənə niyə ev vermisiniz? Qapı bağlı qalıb. Bu qapını açmaq lazımdır. Gedib birtəhər yaşayaram, amma bina istismara verilmədiyindən qeydiyyata icazə verilmir. 80 yaşlı kişi havadan asılı qalıb".

Geri qayıt