Əsas Səhifə > Şou-biznes > Azərbaycan kino sahəsində yeyintilər:
Azərbaycan kino sahəsində yeyintilər:22-12-2023, 08:07 |
Hesablama Palatasının kino sahəsi ilə bağlı apardığı növbəti yoxlamaların hesabatı müzakirələrə səbəb olub. Palatanın dekabrın 20-də yaydığı məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikası Kino Agentliyində (ARKA), Cəfər Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” kinostudiyalarında və Dövlət Film Fondunda yoxlamalar aparılıb və ciddi maliyyə pozuntuları aşkarlanıb. Palatanın ötənilki hesabatında da Mədəniyyət Nazirliyində ciddi maliyyə pozuntuları olduğu bildirilirdi. Tövsiyə olunurdu ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar. Palatanın builki məlumatında o da qeyd olunur ki, ötən il üçün diqqətə çatdırılan qanun pozuntuları hələ də həllini tapmayıb. Məhz bunun nəticəsidir ki, aşkarlanan hallarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq, müvafiq materiallar Baş Prokurorluğa göndərilib. Son bir neçə ildə Mədəniyyət Nazirliyində iki nazir dəyişib. Eyni zamanda, struktur dəyişikliyi də olub. Maliyyə yeyintiləri ilə bağlı həbslər baş verib. Keçirilən film müsabiqələrinin qaliblərinin pul mükafatları ödənilməyib. Son iki ildə dövlət büdcəsindən maliyyələşən bir dənə də olsun tammetrajlı bədii film çəkilməyib. Bu və digər hallar kino ictimaiyyəti arasında narazılıqlara səbəb olub. Kino mütəxəssisləri hesab edirlər ki, Azərbaycan kinosunun probleminin kökündə 1998-ci ildə qəbul olunmuş köhnə kino qanunun yenilənməməsi dayanır. Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi, hüquqşünas, Rejissorlar Gildiyasının sədri Fikrin Bektaşi Meydan TV-yə deyir ki, Azərbaycan kinosundakı bütün problemlərin kökündə qanunvericilik islahatlarının olmaması dayanır. Çıxış yolu nədədir? “Qanunvericilik boşluqları, faktiki olaraq hüquqi biliyi az olan kino camiəsi üçün bir tələ, yoxlayıcı təşkilatlar üçün isə təsir mexanizmidir. Müasir kino istehsalının standartları mövcud qanunvericiliyə uyğunlaşdırılmayıb. Nəticədə kino və mədəniyyət uduzur”, – Fikrin Bektaşi deyir. Onun sözlərinə görə, köhnə qanun kino sahəsində inhisarçılıq yaradıb, özəl sektorun və özəl prodüser şirkətlərinin yaranması və inkişafını ləngidib: “2010-cu ildə “Kinematoqrafiya haqqında” Qanun layihəsini yazıb, Mədəniyyət Nazirliyinə göndərdim. Nazirliyin Kino şöbəsi bir çox təklifi layihədən çıxardı, sonda isə ümumiyyətlə qanunvericiliyin təkmilləşdirilməsi prosesini dayandırdı. Yazdığım qanun layihəsində yeniliklər çoxdur. Layihə hazırda Milli Məclisdədir. Amma daha müasir tələblərə cavab verməsi üçün qanun layihəsinə bir çox təkliflərim var ki, filmin istehsalı və distribusiyasını tam əhatə edən mexanizmləri özündə ehtiva edir”. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə problemin qanunvericiliklə bilavasitə əlaqələndirməyi doğru hesab etmir: “Bu, səhlənkarlıqla, eyni zamanda qeyri-peşəkarlıqla bağlı olan məsələdir. Qanunvericiliklə bağlı hansısa məsələ olanda, qanunda əlavə və düzəlişlər edərək gerçəkləşdiririk”. Hesablama Palatasının Kollegiya iclasında iştirak edən deputat deyir ki, toplantıda kino sahəsində olan nöqsanlar, ayrılan vəsaitlərin müəyyən dərəcədə səmərəsiz xərclənməsi və başqa məsələlər ekspertlər, auditlər tərəfindən açıq şəkildə ortaya qoyulub: “Hesablama Palatası da göstərdi ki, törədilən əməl subyektiv amillərlə bağlı məsələlərdir. Fikrimcə, obyektiv yanaşmadır. Bunu hüquq-mühafizə orqanları da araşdıracaq”. “Kino qanunu yenilənməlidir” Bununla belə, komitə sədri hesab edir ki, “Kinematoqrafiya haqqında” Qanun yenilənməlidir: “Otuz ilə texnologiyada xeyli dəyişikliklər olub. Müəyyən terminoloji baxımdan da müəyyən yeniliklər ortaya çıxıb. Bu qanun layihəsi bizdə layihə formasında işlənilib. Ora yeni müddəalar nəzərdə tutulub. Yaxın aylarda biz mütləq dinləmə keçirməyi nəzərdə tuturuq. Çünki mütləq bu istiqamətdə addımlar atılmalıdır”. “İctimai dinləmədən sonra bütün tərəflərin – mütəxəssislərin, vətəndaş cəmiyyəti institutunun fikirlərini aldıqdan sonra bir daha mükəmməl qanun layihəsi hazırlayıb, ortaya qoya biləcəyik. Bu istiqamətdə iş gedir”, – deyə o qeyd edib. “Qüvvədə olan qanunla da yaxşı iş ortaya qoymaq olar” Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor və prodüser Əli İsa Cabbarov isə hesab edir ki, Hesablama Palatasının sənədində göstərilən pozuntular qanun boşluqları və yaxud standartlarla bağlı deyil: “Bu, daha çox konkret insanların əməlləri ilə əlaqəlidir. Təbii ki, hər bir qanunun daha kamil forması ola bilər. Lakin qüvvədə olan kino qanunu, normativlər çox effektiv və yaxşı iş ortaya qoymağa imkan verir. Baş verənlər konkret olaraq qeyri-peşəkarlıq və vicdansızlıqdır. Kinomuzun nüfuzuna zərərdir, xələldir”. Geri qayıt |