Əsas Səhifə > Şou-biznes > “Teatrın başında o illərdə bədii rəhbər olsaydı aktyorlar çayxanada boş-boşuna oturmazdılar”
“Teatrın başında o illərdə bədii rəhbər olsaydı aktyorlar çayxanada boş-boşuna oturmazdılar”20-12-2023, 09:14 |
“Cənab prezidentimiz ayıqdır, sayıqdır, hər şeyi izləyir, görür və qiymətini də verir. Cənab prezident Azərbaycanın problemini həll etdi. Bir əlində qılınc, bir əlində üç rəngli bayraq qorxmadan, çəkinmədən, böyük bir fateh kimi aparıb sancdı Xankəndinə! Teatrı da belə himayə etdi. Xankəndində vaxtilə Maksim Qorki adına erməni teatrı var idi. Ora Xan teatrı adlansın, Azərbaycan teatrı olsun. Xan deyəndə mən Azərbaycanın fatehini nəzərdə tuturam” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əli Nur deyib. O daha sonra teatrda rejissorun vacibliyini vurğulayıb. “Teatr müasirliyi, yeniliyi sevir. Yeni estetika, yeni forma tapmaq lazımdır. Bunu rejissor tapmalıdır. Ola bilsin ki, dünyanın ən məşhur aktyorları teatrda işləsin, amma teatrda rejissor olmasın. Bu o deməkdir ki, teatr artıq ölüb. Teatrı canlandıran rejissordur. Rejissor dəqiq və müdrik olmalıdır. Onun sonsuz fantaziyası olmalıdır. Rejissor tamaşanın formasını, plastikasını tapır. Azərbaycan teatrında Adil İsgəndərovun, Tofiq Kazımovun vaxtında elə tamaşalar olub ki, Moskvada həsəd aparıblar. Elə teatr direktorları var ki, onları yalnız pul maraqlandırır. Amma mən Sumqayıt Dövlət Dram teatrında direktor olduğum vaxtlar “Afət” tamaşasını səhnələşdirdim. Əziz Şərif yazdı ki, bu tamaşa ilə bütün dünyanı gəzmək olar. Moskvadan rejissor gətirib “Müfəttiş” tamaşasını səhnələşdirdim. Teatr repertuarla tanınır. Rol bölgüsündə rejissor səhv etməməlidir. Əgər o zəif aktyorlarla işləyirsə, müharibəyə silahsız getmiş əsgərə bənzəyir. Gec-tez o əsir düşəcək. Rejissor varsa teatr var, yoxdursa teatr yoxdur” deyə sənətkar bildirib. O uzun illər Akademik Milli Dram teatrında bədii rəhbərin olmamasından şikayətlənib. “Uzun illər Azərbaycan teatrının başında bədii rəhbər olmadı. Bədii rəhbər olsaydı teatr bu günə qalmazdı. Bədii rəhbər olsaydı aktyorlar çayxanada boş-boşuna günlərini keçirməzdilər. Bədii yaradıcılıq olsaydı teatrda fantastik dərəcədə yaradıcılıq olardı. Faciə burdadır. İndi şükür hər şey dəyişib, bədii rəhbər də var” deyə xalq artisti bildirib. Geri qayıt |