Əsas Səhifə > Şou-biznes > “Aktrisalara niyə nifrət edirlər ki?..”
“Aktrisalara niyə nifrət edirlər ki?..”18-12-2023, 07:01 |
Əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb. -Hicran xanım, bu gün sizdə əvvəlki sənət eşqi, sənət şövqü qalıbmı yoxsa tam əksinədir? -Aktyora rejissor lazımdır. Təkbaşına yalnız mono tamaşalar hazırlamaq olar. Aktyor işlədikcə öz enerjisini tamaşaçıya verir, ondan da enerji alır. Hər uğuru ona stimul gətirir, daha çox işləmək istəyir. Necə ki, metalı sürtürsən parıldayır, aktyor da işlədikcə parıldayır, oturduqca yox. -Seriallarda çəkilsəniz də sizi nədənsə filmlərdə görmürük. Buna səbəb nədir? -Son illər epizodlarda çəkilmişəm. Gənclik illərimdə baş rollara dəvət olunsam da, çəkilmək qismət olmayıb. Yəqin ki, tanışım olmayıb. Hətta film çəkilib ekranlara çıxandan sonra rejissorlardan biri mənə dedi ki, “sən yox, biz uduzduq”. Türkiyə və Özbəkistanda çəkiləcək filmlərə dəvət almışdım. Uşaqlarım körpə olduğu üçün gedə bilmədim. Alman və ərəb rejissoru ilə birlikdə çalışmışam. Amma seriallarda, televiziya tamaşalarında çox çəkilmişəm. -Ömrünüzün hansı illərinə qayıtmaq istərdiniz? -Yaradıcılıqda ən gözəl illərim 1976-dan başlayır. O vaxt bir dövlət kanalı var idi. Hamını əlbəttə ki, dəvət etmirdilər. Mən bayram verilişlərində, dövlət tədbirlərində iştirak edirdim. Elə verilişlər var idi ki, hər həftə çəkilirdim. O illərin mənim üçün əvəzi yoxdur. O illəri əlbəttə ki, geri qaytarmaq mümkün deyil. -Bu gün bir çox sənətkarlar gənclərin eqosundan, onların yaşca böyük aktyorlara hörmətsizliyindən gileylənirlər. Gənclər də sənətdə sözünü demiş insanlarda nümunə götürməlidir. Sizcə onlar gənclərə nümunə ola bilirlərmi? -Bilmirəm gənclərdən kimlər şikayətlənir?! Hər aktyorun yəqin ki, bir dövrü olur. Çox istedadlı gənclərimiz var. Gənclər də deyir ki, “böyük sənətkarlar bizim qarşımızı kəsir”. Bu söz mənim də çox xətrimə dəyir. Heç kəs kiminsə qarşısını kəsmir. Qoca gəlib cavan rolu oynamır ki. Bəzən də görmüşük ki, gənci gətirib qoca rolu verib, onu qrimlə, geyimlə qocalaşdırırlar. O rolu bizlər də oynaya bilərik də. Hərə öz yerində yaxşıdır. -Sənətdə, şəxsi həyatınızda daim bəxtiniz gətirib. Bəs nədə yarım qalmısınız? -Çox şey edə bilərdim. Əlbəttə ki, qarşımı kəsməsəydilər. Tək-tük aktrisalardanam ki, həm ailəmi, həm də sənətimi qoruyub saxlaya bildim. Ailə də çox vaxtımı alırdı. Buna görə peşman deyiləm. Gözəl övladlarım, nəvələrim var. Maşallah olsun! Amma sənətdə çox şey edə bilərdim. Nə veriblərsə oynamışam. İstəyir tragediya, istəyir dram, istəyirsə də komediya. Hamısının da öhdəsindən gəlib təriflənmişəm. Hər oynadıqca da hiss edirdim ki, ayağımın altı qazılır. Yolumu kəsənlər çox olub. Bax oralarda yarım qalmışam. Bəlkə daha tələbkar olmalı idim. Öz iş yoldaşlarım bir dəfə mənə dedi ki, “sən 1990-cı ildə artıq xalq artisti fəxri adını almalı idin, gərək düşəydin üstünə”. Necə yəni? Mən niyə üstünə düşməli idim?! Mən həmişə, indi də fikirləşirəm ki, biz özümüz qapı döyüb nəyinsə üstünə düşməli deyilik, bizi görüb qiymətləndirməlidirlər. Heç kəsə paxıllıq etmirəm, halal xoşları olsun. Mənim fəxri ad alan həmkarlarımdan heç nəyim əskik deyildi. Amma mənə maneə yaratdılar. Uğurlarım çoxlarını qıcıqlandırırdı. Həmin Hicranam ki, ulu öndər Heydər Əliyev mənim iki tamaşamda olub və yalnız mənim səhnəmdə alqış gedib. Bunu o tamaşalarda oynayan aktyorlar da deyə bilər. Niyyətim özümü tərifləmək deyil, amma çox şeyləri yada salanda görürsən ki, haqqım tapdalanıb. Rəhmətlik truppa müdirimiz Qürbət əmi bir dəfə mənə dedi ki, “qızım, sən bilirsənmi ki, kassadan sənin adına biletlər alınır?”. Əgər mən büdcəyə xeyir gətirirdimsə, niyə qiymətləndirilmirdim?! İndi şikayət etmirəm, Allahdan özümə can sağlığı arzulayıram. -Bu gün aktrisa adını bədnam edən həmkarlarınızın sayı elə də az deyil. Çoxu onların açıq-saçıq geyinməsindən şikayətlənir. Bəlkə elə buna görədir ki, aktrisalara çox adam nifrət edir? -Aktrisalara niyə nifrət edirlər ki? Nifrət etsinlər müğənnilərə! Aktrisa yaradıcılığı ilə seçilməlidir, geyimi ilə yox. Əgər rolundan asılıdırsa o ayrı məsələdir. Amma müğənnilərin çıxarmadığı biyabırçılıqlar qalmayıb. Açıq-saçıqlıq sənət demək deyil. Sənət ayrı şeydir. Aktrisaya rola görə lazımdır açıq-saçıq geyinmək, amma müğənniyə niyə görə lazımdırsa mən onu deyə bilmərəm! Mənbə: Moderator.az Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU) Geri qayıt |