Əsas Səhifə > Şou-biznes > “Bir an təsəvür etsəm ki, sənətdə yoxam o an ölə bilərəm”

“Bir an təsəvür etsəm ki, sənətdə yoxam o an ölə bilərəm”


17-12-2023, 13:46
“Bir an təsəvür etsəm ki, sənətdə yoxam o an ölə bilərəm”
Mingəçevir Dövlət Dram teatrının aktrisası, xalq artisti Ella Yaqubova Moderator.az-ın suallarını cavablandırıb.

-Ella xanım, Mingəçevir Dövlət Dram teatrının ilk aktrisalarından birisiniz. Birinci, ilk olmaq necə bir hissdir?

-Birinci olmaq məsuliyyətdir. Və o birinciliyi sıra nömrəsi kimi deyil, sona qədər birinci kimi saxlamaq lazımdır. Bu əlbəttə ki, gözəl hissdir.

-Siz öncə Gəncə Dövlət Dram teatrında çalışmısınız. Böyük sənətkarların kaprizləri ilə üzləşirdiniz?

-Əlbəttə ki, onların arasında kapriz edənlər də olurdu. Çünki onlar dahi sənətkarlar idi. Mən onların böyüklüyünə, sənətlərinə dərin hörmət bəsləyirdim və bunun qarşılığını gözləyirdim.

-Səhv etmirəmsə xalq artisti Arif Quliyevlə tələbə yoldaşı olmusunuz. O illəri necə xatırlayırsınız?

-Bəli, tələbə yoldaşı olmuşuq. Mən Gəncə, onlar isə Mingəçevir teatrına təyinat aldılar. Arif Quliyevin acınacaqlı bir həyatı var idi. Bilirsiniz ki, o uşaq evində böyümüşdü. Çox gözəl dost, insan idi. Hər kəsə qayğı ilə yanaşırdı. Onu çox sevirdilər. Teatrda iki dəfə yubileyim qeyd olunub, ikisinə də Arif gəlmişdi. Biz yaxşı dost idik. Həyatdır da.. Xəstələndi.. Onun qəfil ölümü mənə çox pis təsir etdi.. O qədər çətin, ağır həyat yaşamışdı ki, imkansız, kimsəsiz adamları görəndə onlara kömək edirdi, maddi yardım göstərirdi.

-Teatr sahəsində çox rollar oynamısınız. Hansı rol həyatınızla daha çox səsləşir?

-İsa Hüseynovun “Təcili teleqram” əsərindəki Artıq obrazı həyatımla səsləşir, mənə çox yaxın roldur.

-Ella xanım, teatr sahəsində hər zaman intriqalar, qalmaqallar olub. Özünüzü bu hallardan necə qorumusunuz?

-Sənətdə zəif olanlar saydığınız ünsürlərlə məşğul olurlar. Mən sənət fədaisiyəm, heç vaxt məğlub olmamışam, alçalmamışam, onları haqq səsimlə məğlub etmişəm. Onlara yaratdığım obrazlarla, sənətimlə cavab vermişəm. Mənim 77 yaşım var, səhnəsiz yaşaya bilmərəm. Bir anlıq təsəvvür etsəm ki, sənətdə yoxam, o an ölə bilərəm. Səhnə güzgüdür. Əyri əyridir, düz isə düzgündür.

-Mingəçevir Dövlət Dram teatrının fəaliyyətini bu gün necə qiymətləndirirsiniz?

-Yüksəklik, teatrın inkişafı rəhbərliyindən asılıdır. Teatrda idarəetməni əla bilən direktorumuz və yaradıcılıqla məşğul olan istedadlı, peşəkar baş rejissorumuz var.
Mingəçevir Dövlət Dram teatrı respublikada ön sıralardadır. Repertuarımız da qənaətbəxşdir. İstedadlı gənclər bu gün teatrda çalışır.

-Arzuladığınız bütün rolları oynaya bilmisiniz?

-368 obrazın ifaçısıyam. 60 ilə yaxındır səhnədəyəm. Bütün obrazlarımı sevə-sevə ifa etmişəm. Hamısı mənə övlad kimidir. Birini sevib, o birini sevməmək mümkün deyil.

-Ella xanım, bəzən aktrisalar deyir ki, şəxsi həyatımı sənətə qurban verdim. Sizdə də belə olub yoxsa tam əksinə?

-Bəli, belədir. Bu da sənətə olan bağlılıqdır. Bu qismətdən asılı olan bir şeydir. Mənim ömür-gün yoldaşım da aktyor olub. Bir yerdə teatrda çalışırdıq. Onun ailəsi mənə, mənim də ailəm ona böyük hörmətlə yanaşırdı.

-Bizim sənət aləmində belə bir təsəvvür yaranıb ki, aktrisasansa mütləq ayrılmalısan, tək-tənha yaşamalısan..

-Bəzən doğmalarından da uzaq olursan. Onlar bu sənəti duymurlarsa..

-Ella xanım, əbəs yerə deyil ki, sizi teatrın “Qrinviç meridianı” adlandırırlar. Mingəçevir Dövlət Dram teatrının nəzdində teatr studiyası yaratmısınız. İstərdim bu haqda danışaq..

-Öz şəxsi təşəbbüsümlə teatrda 1998-ci ildə “Ümid-İnam” gənc aktyor studiyası yaratdım. Məktəblilərdən, tədbirlərdən istedadlı uşaqları seçib, onlarla məşğul olurdum. Elan verdim, gənclər toplandı. Respublikada heç bir teatrda belə studiya yox idi. Sonra Mədəniyyət Nazirliyi sərəncam verdi, studiya rəsmiləşdi. Hal-hazırda həmin studiyanın yetirmələri ştatda aktyor kimi fəaliyyət göstərirlər. Məqsədim teatrı, sənəti yaşatmaqdır. Teatrda direktorumuz İntiqam Soltanın təşəbbüsü ilə mono tamaşalar festivalı hazırlandı. Mən də bu festivalda 2 mono tamaşa hazırlamışdım. Bu gün teatrda “Münəccim Səlimin nağılı” tamaşasında qarı obrazını ifa edirəm. Hər dəfə də rejissor Vüsal Mehrəliyevi izləmişəm ki, onun istədiyi kimi oynayım.
Geri qayıt