Əsas Səhifə > Şou-biznes > "Petyanı çox axtardım, dedilər ki, efirə çıx"
"Petyanı çox axtardım, dedilər ki, efirə çıx"14-12-2023, 08:40 |
“Sehrli xalat” filmi nəinki azyaşlıların, həmçinin böyüklərin də çox sevdiyi Azərbaycan filmidir. Filmdə baş rollarda çıxış edən qəhrəmanların ara-sıra müsahibələrini sizlərə təqdim edirik. Ekran işində Arif rolunu canlandıran Nazim Mustafayev özəl olaraq Moderator.az-a danışıb. O bildirib ki, filmə təsadüf nəticəsində çəkilib. “Anamla rejissor Həbib İsmayılovun həyat yoldaşı birlikdə çalışırdılar. Bir gün anam onlara gedəndə məni də özü ilə apardı. Birdən qəfil otağa Həbib müəllim daxil oldu və mənə dedi ki, “gəl, mənimlə gedək, nə var qadınların yanında oturmusan?”. Onun kabinetinə getdik. Məndən soruşdu ki, “ “Ögey ana” filminə baxmısan?”. Baxdığımı və filmi çox sevdiyimi bildirdim. Bu filmi özünün çəkdiyini dedi. Məndən şeir deməyimi istədi. Sonra mənə dedi ki, “hazırda “Sehrli xalat” adlı bir film çəkirlər, gəl səni sınayaq”. Bir neçə gün sonra bu filmin foto və kino sınağına getdim. Elə oldu ki, məni filmə təsdiq etdilər. Filmi rejissor Əlisəttar Atakişiyev çəkirdi. Heç düşünmürdük ki, film bu qədər baxımlı olacaq, illər sonra da yaşayacaq. Biz uşaq idik, sadəcə öz həyatımızı yaşayırdıq. Fikirləşmirdik ki, bizi kənardan kimsə çəkir” deyə Nazim Mustafayev deyib. O daha sonra əlavə edib. “O yeni film gələndə kinoteatrlarda növbə olurdu, biri bilet tapırdı, biri yox. Uşaqlarla kinoteatra gəldik. Gördük ki, camaat yığışıb, bilet də qurtarıb. 5-6 uşaq idik. Gördüm ki, Möhsün Sənani gəlir. Məni görüb dedi ki, “sən burada neynirsən?”. Kinoya gəldiyimi dedim. Özü başa düşdü ki, bilet tapmamışam. Nəzarətçiyə dedi ki, “o uşaq mənimlə birlikdədir”. Mən də əlimlə ona işarə etdim ki, tək deyiləm, yanımda uşaqlar var. Güldü, dərindən ah çəkdi və dedi ki, “bu uşaqların hamısı mənimlədir” (gülür). Uşaqların hamısını zala buraxdılar. Bu hadisəni bu gün də xatırlayıram” deyə sənətçi bildirib. Nazim Mustafayev filmdəki Petya rolunun ifaçısından da danışıb. “Kolya Loginovu çox axtarsam da, tapa bilmədim. Amma bu günlərdə onun haqqında bir məlumat əldə etdim. Bu yazı instaqramda qarşıma çıxdı. Petya haqda məlumat verən şəxs yazırdı ki, “1998-2000-ci illərdə atam dostu ilə bizə gəldi. O da atam kimi böyük maşın sürürdü. Atam mənə dedi ki, “bu şəxs vaxtilə Petya rolunda çəkilən Kolya Loginovdur. Oturub söhbət etdik, filmdən danışdı” deyə yazısında qeyd etmişdi. Hətta Kolya onlara deyib ki, “həyatda saçım qara olsa da, film üçün rəngləmişdilər”. Mən həqiqətən də belə bir şeyi xatırlayıram. Hətta Yusif Şeyxovdan da soruşdum. Ona görə də bu yazıya inandım. Mən çox maraqlandım, dedilər ki, Kolya başqa ölkəyə köçüb. Sonra Yusifə dedim, dedi ki, “bəlkə axtarış edən verilişlərə deyəsən?!”. Solmaz Hətəmova, Yusif Şeyxovla illər sonra “O üz” verilişində görüşdüm. İndiyə qədər bir araya gələ bilmirdik. Qismət olmurdu. Rəşid rolunun ifaçısı Amerikada yaşayır. Onunla nəinki mən, heç Solmazla Yusif də görüşə bilmir” deyə sənətçi bildirib. Nazim Mustafayev sonradan filmlərdə çəkilməməsinə belə aydınlıq gətirib. “Axı o vaxt gündə bir uşaq filmi çəkmirdilər. Bəlkə olsaydı dəvət edərdilər. Mən də böyük məmnuniyyətlə çəkilərdim. Məktəbdə oxuyurdum, çəkilişi bitirən kimi yenidən məktəbə qaçırdım. Dərslərimi öyrənməyə vaxt tapmırdım. Məktəbi bitirdim, ayrı peşənin ardınca getdim. Sonradan ağlıma da gəlmirdi ki, aktyorluq edim. Bu gün filmi izləyəndə o qayğısız illərim üçün darıxıram. Kaş bircə dəfə olsaydı o illəri yaşayardım. Fasilə olan kimi qaçıb futbol oynayırdıq. Yay vaxtı olduğuna görə tərləyirdik. Əlisəttar müəllim əsəbləşirdi əlimizdən. Amma bununla belə bizə böyük diqqət göstərilirdi. Bu filmə keçmişdə qalan gələcək kimi baxmaq olar” deyə Nazim Mustafayev deyib. Geri qayıt |