Əsas Səhifə > Şou-biznes > “Heydər Əliyev “Qaynana” filminə baxıb demişdi ki, bu arvada niyə əziyyət verirsiz?”

“Heydər Əliyev “Qaynana” filminə baxıb demişdi ki, bu arvada niyə əziyyət verirsiz?”


12-12-2023, 09:05
“Heydər Əliyev “Qaynana” filminə baxıb demişdi ki, bu arvada niyə əziyyət verirsiz?”
“O vaxt Musiqili Komediya teatrında “Qaynana” tamaşası ən məşhur səhnə əsərlərindən biri idi. Hətta yadımdadır ki, o qədər tamaşaçı gəlirdi ki, atlı polislər də teatrın qabağında keşik çəkirdilər. Öz gözlərimlə görmüşəm. Musiqili Komediya teatrına Heydər Əliyev gəlmirdi. Niyə? Onun mühafizəçiləri oranın yaxşı qorunmadığını bilirdilər. Ona görə ona bu teatra gəlməyi məsləhət görmürdülər. Heydər Əliyev riskə gedib teatra gəlmişdi. Gəlib tamaşaya baxmışdı, danışırdılar ki, qəşş edirdi gülməkdən. Tamaşadan sonra hər zamankı kimi kulis arxasına keçib, aktyorlarla görüşürdü. Oradakı söhbətdə mən olmamışam. Cavan uşaq idim o vaxt. 1969-cı il idi. Orada söyləyib ki, “bu əsər belə qala bilməz, mütləq film çəkilməli və gələcək nəsillərə yadigar qalmalıdır”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cahangir Novruzov deyib. O daha sonra əlavə edib.

“Film çəkilib qurtarandan sonra ilk Heydər Əliyevə göstərilmişdi. Filmə baxandan sonra demişdi ki, “bu arvad nə edib ki, buna bu qədər əziyyət verirlər?!”. Bu filmlə rəhmətlik Hüseyn Seyidzadə gözə girmək istəyib. Orada hər bir şey var idi də, gözəl bir şəkildə bunu çəkə bilərdi. Tamaşaya baxanda Heydər Əliyev deməyib ki, bu arvada niyə əziyyət verirlər?! Deməli arvad tamaşada nəsə edir ki, ona əziyyət verilmir. Orada gənclər, oğlu, gəlini özlərini qadından müdafiə edirlər” deyə sənətkar bildirib.

Cahangir Novruzov anası Nəsibə xanımın Heydər Əliyevlə yaxın dost olduğunu bildirib.

“Heydər Əliyev Naxçıvana qayıtmışdı. Bir gün qəfildən Nəsibə xanım dedi ki, “mən gedirəm Naxçıvana”. Dedim ki, bunu mənə əvvəldən deyərdin də. Dedi ki, “sən mənə lazım deyilsən, özüm gedəcəm”. Səbəbini soruşanda dedi ki, “Heydər Əliyevlə görüşəcəm”. Bizim orada qohumlarımız var. Bibim Naxçıvanda uzun illər gəlin olub. Tapşırdım ki, anamı orada qarşılayın, ondan muğayat olun. Bibimin yoldaşı Ulu öndərlə Nəsibə xanımın görüşünün şahidi olub. Danışır ki, ikisi də duyğulanıb, qəhərləndi. Nəsibə xanım bir kəlmə deyib ki, bacı qardaşa bəs hansı gündə dayaq olmalıdır?! Sədaqət, insana olan münasibət çətin gündə ortaya çıxır. O sənət insanını, elm insanını unutmayan bir şəxsiyyət idi. Mən hər Bakıya gəlişimdə anamın, Heydər Əliyevin, bir də Zərifə xanımın məzarına baş çəkirəm. Anamın Zərifə xanımla münasibətləri yaxşı idi. Bir-birlərinə dəfələrlə zəng edərdilər. Bərabər olduqları günlər çox olub. Mən də bir neçə dəfə bu görüşlərdə iştirak etmişəm. Hökümət evində bir kinoteatr var idi. Onun kiçik bir salonu var idi. Nəsibə xanım, mən, Zərifə xanım, Sevil xanım və cənab prezidentimiz oturub filmə baxardıq. Gözəl günlər idi” deyə sənətkar bildirib.

Geri qayıt