Əsas Səhifə > Şou-biznes > “Çarpayımı itələyirdilər, yatıb qalmışdım...”

“Çarpayımı itələyirdilər, yatıb qalmışdım...”


8-12-2023, 10:00
“Çarpayımı itələyirdilər, yatıb qalmışdım...”
Dünən baş verən zəlzələ bir çox insanları təşvişə, qorxuya salıb. Məşhurlar da zəlzələ ilə bağlı statuslar paylaşaraq, insanları bu kimi vəziyyətlərdə soyuqqanlı olmağa səsləyib. Zəlzələnin yenidən olması qaçılmazdır. Bəs görəsən onlar özləri zəlzələ baş verən an nə etmək lazım olduğunu bilirlər?
Ətraflı

Moderator.az sənətçilər arasında kiçik sorğu edib.

Xalq artisti Şahnaz Haşımova:
“Mənim heç zəlzələdən xəbərim olmayıb. Bizim evdə hiss olunmayıb. İşə də getmişəm, hiss etməmişəm. Başımız işə-gücə, zapislərə qarışıb, heç xəbərimiz də olmayıb. Sonra o dedi, bu dedi, internetdən oxudum ki, Bakıda möhkəm zəlzələ olub. Tez Aybəniz xanıma zəng etdim. Bacım deyir ki, bina tərpənirdi. Sözün düzü zəlzələ baş verdiyi an necə addım atmalısansa bunu da bilmirəm. Nə görməmişəm, nə də bir şey edə bilmərəm” deyə Şahnaz xanım bildirib.

Xalq artisti Gülyanaq Məmmədova:
“Zəlzələ baş verən gün Rusiyada dövlət konsertində idim. Balalarımdan müvəqqəti ayrı düşdüyüm üçün qorxunu hamıdan çox yaşadım. Yoldaşım da hava limanında olub, anasının yanına gedirmiş. Yaxşı ki, bacım uşaqların yanında olub. Zəlzələ olanda nə etmək lazım olduğunu ordan-burdan eşidirəm. Neyləmək lazımdır ki? Binadırsa liftdən istifadə etmədən pilləkənlərlə cəld şəkildə düşüb qaçmaq lazımdır. Zəlzələ zamanı adam başını itirir. Hamı qorxuya düşür. Hər bir evdə “deprem” çantası olmalıdır. Bu çantada insan özünə ən vacib olan əşyaları, ərzaqları toplamalıdır” deyə xalq artisti bildirib.

Əməkdar artist Almaz Ələsgərova:
“Səhər yuxudan oyandım, gördüm ki, çarpayımı itələyirlər. Qorxdum. Sonra pəncərələr, çılçıraqlar silkələnməyə başladı. Çox həyəcanlandım. Həyətə baxdım, gördüm ki, sakitlikdir. Sözün düzü bilmirəm ki, zəlzələ vaxtı nə etmək lazımdır. Bu haqda məlumatım yoxdur” deyə müğənni bildirib.

Əməkdar artist Nuriyyə Hüseynova:
“Evdə tək idim. 11-ci mərtəbədə yaşayıram. Evdəki əşyalar silkələnməyə başladı. Heç özümü itirmədim. Gözlədim görüm bu nə vaxta kimi davam edəcək?! Gördüm ki, getdikcə silkələnmə daha da şiddətlənir. Sakitcə divanda oturdum. Qazı, işığı söndürdüm. Düşündüm ki, şiddətləndiyi an ya stolun altında oturaram, ya da qapının boşluğunda. Çox şükür ki, onlara da ehtiyac olmadı. Silkələnmə dayanan kimi çantamda özümə lazım olan bəzi şeyləri götürüb, pilləkənlərlə binanı tərk etdim. Avtomobilimi götürüb binadan uzaqlaşdım. 2-3 saat kənarda qaldım, evə getmədim. Çox şükür ki, zəlzələnin fəsadları olmadı. Həyat davam edir, daim bizi sürprizlərlə qarşılaşdırır. Bu dünyada hər şey ola bilər. Həyat qəribədir” deyə xanəndə bildirib.

Sevda Sanaliyeva:
“Allah bizi betərindən qorusun. Bu günki zəlzələ bir daha baş verməsin. Zəlzələ baş verəndə biz yatmışdıq. Uşaqlar xəstə idi, məktəbə göndərməmişdim. Yatdığım yerdə bir də gördüm ki, silkələnirəm. Gözümü açan kimi ilk baxdığım çılçıraqlar oldu. Əməlli yellənirdi. Deyirlər ki, 5 baldır, amma mən inanmıram. Bu 5 ballıq zəlzələyə oxşamır. Çox həyəcanlı olmağıma, ürəyimin əsməyinə baxmayaraq uşaqları sakit şəkildə, sığallaya-sığallaya oyatdım. Yarıciddi, yarızarafat qulaqlarına pıçıldayıb dedim ki, uşaqlar, yenə də zəlzələdir, çıxaq blokda oturaq. Heç elə bil ki, zəlzələ xəbərini vermədim onlara.. Əslində liftdən istifadə etmək olmaz, amma biz liftlə aşağı düşdük. 7-ci mərtəbədə qalırıq. 1 saat aşağıda olduq. Uşaqlar xəstə olduqları üçün çox qala bilmədik. Allah betərindən qorusun. Qızılça xəstəliyi bir tərəfdən, zəlzələ də bir tərəfdən.. Sadəcə onu bilirəm ki, övladlarımız çox pis zəmanəyə düşüb. Bilirəm ki, zəlzələ baş verəndə qapının altındakı boşluqda dayanmalısan. Açıq yerlərdə dayanmaq olmaz” deyə müğənni bildirib.

Mənzurə Musayeva:
“Vallah mən yatmışam. Nə xəbərim olub, nə də hiss etmişəm. Bilirəm ki, zəlzələ baş verdiyi an evi tərk etməlisən. Liftdən istifadə etmək olmaz” deyə müğənni bildirib.

Geri qayıt