Əsas Səhifə > Şou-biznes > "Allah o studiyanın rəhbəri və rejissoru Səidə xanım Haqverdiyevadan razı olsun"

"Allah o studiyanın rəhbəri və rejissoru Səidə xanım Haqverdiyevadan razı olsun"


7-12-2023, 09:46
"Allah o studiyanın rəhbəri və rejissoru Səidə xanım Haqverdiyevadan razı olsun"
“Mtv-də yayımlanan “Qırmızı çamadan” adlı verilişim şükürlər olsun ki, yaxşı gedir. Bilirsiniz ki, 7 il “Zəhmətkeş ulduzlar” adlı verilişin aparıcısı olmuşam. 2018-ci ildə ailə həyatı quranda düşündüm ki, ömrümün çox hissəsini ailəmə həsr edəcəyəm. Ona görə də layihədən uzaqlaşdım. Amma Allah şahiddir əhd etmişdim ki, torpaqlarımız işğaldan azad olunsun, o yerlərə gedib qarış-qarış gəzəcəm. Çünki işğal altındakı Qarabağ torpaqlarından başqa bütün yerləri gəzmişdim. Allah bunu mənə qismət etdi. Çox şükür. İlk verilişimizin çəkilişi elə Laçında baş tutdu. Bu günlərdə Füzuliyə getmişdik. Böyük köç hara gedirsə onların arxasınca biz gedirik” Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Ülviyyə Əliyeva deyib. O daha sonra oynamaq istədiyi rollardan danışıb.
“Bezib-tükəndiyim obraz yoxdur. Çünki teatr canlı sənətdir deyə hər dəfə eyni cür oynamırsan. Dövlət Kukla teatrının nəzdində “Oyun” teatr studiyası var. Şükürlər olsun ki, orada potensialımı göstərmək üçün imkanlar yaradılır. Allah o studiyanın rəhbəri və rejissoru Səidə xanım Haqverdiyevadan razı olsun. “Solğun çiçəklər” əsərinin əsasında “Solğun sevgilər” tamaşası qurulanda orada mənfi obraz olan Gülnisəni oynadım. “Dayanacaq” adlı yeni tamaşanın premyerasına hazırlaşırıq. Qəşəng bir tragikomediyadır. Maraqlı obrazım var, tamaşaçılar məni bu cür rolda görməyə alışmayıblar. Allah mənim arzularımı ürəyimdə qoymasın. Gözəl operetta oynamaq istəyirəm. Baxmayaraq ki, mən operetta teatrında işləyirəm, çox təəssüf ki, son zamanlar gözəl operettalar səhnələşdirilmiş deyə oynaya bilmirik” deyə aktrisa bildirib.

Ülviyyə Əliyeva bildirib ki, sənətçilər arasında ilk dəfə xınaya o və həmkarı, mərhum aktrisa Tünzalə Əliyeva gedib.
“Mənim xınayaxdı şirkətim, biznesim yoxdur. Fərd olaraq həmişə xınayaxdılara getmişəm. Xınayaxdı aparmağa da pis baxmıram. Kimsə halal zəhməti ilə çörəyini qazanırsa, burada ayıb bir şey yoxdur. Ruzini verən də Allahdır. İlk dəfə aktrisa kimi xınayaxdı aparmağa rəhmətlik Tünzalə ilə mən başlamışam. Amma mən heç vaxt özümü xınayaxdılara reklam etməmişəm. Həmişə sənəti, teatrı daha üstün tutmuşam. Teatrdan kənar boş vaxtlarım olanda mən xınayaxdı aparmışam. Ona görə də gündəmdə deyiləm. Heç istəmərəm ki, xınayaxdılarla gündəmdə olum. Bu mənim əlavə qazanc yerimdir” deyə Ülviyyə Əliyeva deyib.
Aktrisa münasibətinin olmadığı adamların sayını da açıqlayıb.
“Hər bir insanın həyatında olduğu kimi mənim də həyatımda bağışlamayacağım insanlar var. O mənim və onların arasında olan bir şeydir. Sayını deyə bilərəm ki, 5 nəfərdirlər” deyə aktrisa bildirib.

Geri qayıt