Əsas Səhifə > Şou-biznes > “Azərbaycanda kino sahəsində xaos yaşanır”
“Azərbaycanda kino sahəsində xaos yaşanır”29-11-2023, 08:35 |
Erməni rejissorun telefonla çəkdiyi kino beynəlxalq festivalın qalibi olub. Rejissor Şoğakat Vardanyanın “1489" filmi Hollandiyanın məşhur İDFA beynəlxalq sənədli film festivalında qalib seçilib. Qeyd edək ki, debüt olan filmi əsgərin bacısı çəkib. Rejissor "Qarabağda etnik təmizləmə" məlumatlarını da titrlərə əlavə edib. Beləliklə, Şoğakat Vardanyan "1489" filmini işğalçı əsgərin hekayəsini dünyaya "əzabkeş xalqın faciəsi" kimi təqdim edib. Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov qeyd edib: “Bu hələ İDFA-dır, Kann və Oskarı gözləyəcəyik, yoxsa kino sahəsindəki dövlət vəsaiti idarəçiliyi ilə bağlı yaranmış çaşqınlığı çevik ləğv edib, kəmiyyət və keyfiyyətcə yüksək addımlar atacağıq? Nə qədər beynəlxalq kino arenalarında “Xocalı” baş verməyib, ildə iki dəfədən az olmayaraq, zəkalı münsif heyəti ilə layihə, şərtləri zəkiləşmiş müsabiqə, ildə 3 dəfədən az olmayaraq, ssenari müsabiqəsi keçirmək, Kinematoqrafçılar İttifaqları rəhbərliyi ölkə rəhbərliyi ilə eksklüziv əlaqələrindən istifadə edib sərt addımlar atmamış, kino ictimaiyyəti ilə sıx, davamlı, məhsuldar iş birliyi qurmaq lazımdır". Qeyd edək ki, Azərbaycanın öz ərazilərinin işğaldan azad etməsindən, Zəfərindən artıq 3 ildən çox vaxt keçib. Bu illər ərzində Qarabağ hadisələri, həqiqətlərimiz barədə barmaqla sayılacaq filmlər çəkilib ki, onlar da beynəlxalq festivallara çıxarılmayıb. Halbuki təkcə Şuşanın işğaldan azad olunması, əfsanəvi Şuşa döyüşləri ilə bağlı ortaya çox möhtəşəm filmlər çıxartmaq olardı. Lakin nədənsə hələlik bunu görə bilmirik. Yalnız aylar öncə Vaqif Mustafayev əvvəl “Fəryad 2", daha sonra isə "Həyat, deyəsən, gözəldir" adlanan filmini çəkdi. Lakin kino tənqidçiləri bildirdilər ki, adıçəkilən film heç də Zəfər, Şuşaya bayraq sancan əsgərlərimizin, şəhidlərimizin şücaətini əks etdirən bir qəhrəmanlıq salnaməsi, Azərbaycan tamaşaçısının gözlədiyi kimi film olmadı. Ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə, müharibədən sonra Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar. Məsələn, bir müddət əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb. Xatırladaq ki, 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film “Bahar...” adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” kateqoriyasında qalib olub. Həmçinin Ermənistanda “Fəxri mükafat”a layiq görülüb. Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma “Bahar... ” filmi həmçinin ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb, Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib. Bu kimi filmlərin siyahısı çoxdur. Bəs niyə hələ də Azərbaycanda Qarabağ həqiqətləri, Şuşa döyüşləri, Zəfəri, Azərbaycan həqiqətləri haqda bədii filmlər çəkilmir? Kinematoqrafiyaçılar bunu hansı səbəblə əsaslandırır? Mövzu ilə bağlı tanınmış kinorejissor Namiq Ağayev “Yeni Müsavat”a danışıb: “Bəli, Zəfərimizdən artıq 3 ildən çox vaxt keçib, lakin bu müddət ərzində bununla bağlı bir dənə də olsun bədii film çəkilməyib. Bu çox ayıbdır və heç bir dəftərə yazılacaq məsələ deyil. Hətta bunun məntiqi də yoxdur ki, niyə biz bu mövzuda film çəkmirik. Ermənilər artıq bu mövzuda azı 4-5 bədii film çəkib. Hesab edirəm ki, bu mövzuda hələ də film çəkə bilməməyimizin əsas səbəblərindən biri, birincisi maliyyə problemidir, buna büdcə ayrılmamasıdır. Belə ki, biz rejissorlar həm böyük, həm də kiçik süjetlərlə ssenarilər yazırıq, amma maliyyə problemi nəticəsində onu çəkə bilmirik. Məsələn, artıq bir neçə ildir ki, Qarabağ, İrəvan xanlığı haqqında film hazırlayıram. Amma maliyyə problemi səbəbindən hələlik bu işlərimi reallaşdıra bilmirəm. Məlum olduğu kimi, Qarabağ müharibəsi haqqında film çəkilməsinin məsuliyyətinin bir müddət əvvəl Türkiyənin üzərinə qoymuşdular. Belə ki, təcrübə barteri etmək istəyirdilər, amma bu sistem də alınmadı. Həm də mənə elə gəlir ki, həm də kinoçular arasında şüuraltı bir qorxu var. Düşünülər ki, çəkərlər, birdən alınmaz. Bir mən, bir də Elxan Cəfərov qorxmur. Məsələn, Şuşanın işğaldan azad edilməsi, əfsanəvi Şuşa döyüşləri ilə bağlı film çəkməyə hazırıq, yəni həm material, həm də ssenari baxımından. Amma ssenarilərin təsdiqi ilə bağlı o qədər şərtlər irəli sürülür ki, sonda ssenaristlərin də həvəsi olmur. Hesab edirəm ki, şərtləri irəli sürən təşkilat gərək bu məsələdə ssenaristlərə köməklik göstərsinlər, hansısa blankların doldurulmasında onlara yardımçı olsunlar. Yəqin ki, hansısa kinonun çəkilməsi ilə bağlı təqdim olunan son şərtlərlə tanışsınız. Adam onlara baxanda, vallah, həvəsi “qaçır”. Onu da qeyd edim ki, beynəlxalq festivallar erməni-Azərbaycan mövzusu olanda nə erməni, nə də Azərbaycan tərəfinin qəbul etmirlər, bildirirlər ki, bu region üzrə problemdir. Amma ermənilər bu mövzunu çox böyük ustalıqla işləyib, festivallara təqdim edirlər və mükafatlar da qazanırlar. Daha bir məsələ, bir sıra erməni sənətçiləri bu müharibə ilə bağlı film çəkəndə Azərbaycan əsgərlərini “ilan-qurbağa”, əcaib şəkildə vermirlər. Ona görə də onların filmləri keçərli olur. Əlbəttə ki, ermənilər dayanmadan Qarabağ mövzusunda film çəkirlər. Çünki onlar uduzan millətdir və uduzan millətin də çəkdiyi kino sanki daha qəhrəmanlıq simasında olur. Beləliklə, çox təəssüf ki, Azərbaycanda kino sahəsində hələ ki bir xaos yaşanır və bu xaosu aradan qaldırmaq çox çətin məsələdir. Mədəniyyət Nazirliyində də tez-tez rəhbər dəyişikliyi olur, təzə gələn bu problemi köhnənin üzərinə atır, digər təzə gələn o birinin üzərinə atır, nəticədə xaos bitmir". Geri qayıt |