Əsas Səhifə > Şou-biznes > “Bu xəstəliyin adı ağırdır, müalicəsi var, pozitiv olmaq lazımdır”

“Bu xəstəliyin adı ağırdır, müalicəsi var, pozitiv olmaq lazımdır”


28-11-2023, 06:59
“Bu xəstəliyin adı ağırdır, müalicəsi var, pozitiv olmaq lazımdır”
Tanınmış müğənni Sevda Əliqızında müayinələr zaman süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb. Moderator.az-a açıqlama verən sənətçi özünü yaxşı hiss etdiyini bildirib.

“Heç qorxub həyəcanlanmıram, yataqda deyiləm, yenə də işimin başındayam. Bu dəqiqə insanların çoxunda bu xəstəlik var. Qorxulu bir şey yoxdur. Bütün analizləri vermişəm, inşallah həkimlər qərar verəcəklər ki, əməliyyata nə vaxt başlayaq. Hansı düzgündürsə onu da edəcəklər. Öncə müayinə olunmalıyam, sonra əməliyyat. Allah bütün xəstələrimizə şəfa versin, mən də onların içində. İnsanların duaları mənə bəs edir” deyə müğənni bildirib.

Sevda Əliqızı deyir ki, sənət yoldaşlarından böyük dəstək görür.

“Sənət yoldaşlarımın hamısı mənə dəstəkdir. Elələri var ki, heç xəbər tutmayıblar. Toy şənliklərinə gedirəm. Biri gəlib soruşur, biri gedir. Mən də hər zaman istər sənət yoldaşlarıma, istərsə də adi insanlara dəstək olmuşam. Hamıya ürəyim yanıb. Sosial şəbəkələrdə kimlərsə yardım istəyən zaman görəndə çox pis olurdum. Həmişə dua edirdim ki, Allah şəfalarını versin. Hər şey qarşılıqlıdır. Gərək yaxşılıq edəsən, canın yana ki, sənə də can yandırsınlar. Həyatdan heç kim sığortalanmayıb. Allah təala kimisə bu xəstəliklə yükləyir, kimisə sağaldır. Dərdi də, dərmanı da verən Allahdır. Ümidimi üzməmişəm. Hamı ruh verir, hamı dəstək olur” deyə müğənni bildirib.
Sevda Əliqızı onkoloji xəstəlikdən əziyyət çəkənlərə də səslənib.

“Mən indi hələ bu xəstəliyin əvvəlindəyəm, sonrası necə olacaqsa bilmirəm. Hələ bilmirəm ki, məni nə gözləyir?! Bu xəstəliyin adı pisdir. Şükürlər olsun ki, müalicəsi var. Sadəcə mübarizə aparmaq lazımdır, sınmaq lazım deyil. Pozitiv olsunlar. İçlərində bunu özlərinə dərd etməsinlər. İndiyə qədər öz həyatlarını necə gözəl yaşayıblarsa, bundan sonra da belə davam etsinlər. Onlara neqativlik gətirən videolara baxmasınlar. Xoş günlərini düşünsünlər” deyə Sevda Əliqızı bildirib.


Geri qayıt