Əsas Səhifə > Şou-biznes > "Hiss edirəm ki, beş-altı nəfərin iddiası var"
"Hiss edirəm ki, beş-altı nəfərin iddiası var"23-11-2023, 08:10 |
Xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə digər Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşəndən sonra yenilənmiş ittifaqa kimin rəhbərlik edəcəyi hələ məlum deyil. Birləşmiş ittifaqların yaxın zamanda qurultayı gözlənilir. AKİ-nin idarə heyəti Rasim Balayevin namizədliyini irəli sürüb. ARKİ isə namizədlə bağlı qərarlaşmayıb. Rasim Balayev Meydan TV-yə deyib ki, sədr postuna iddialı başqa namizədlər də var. “Hiss edirəm ki, beş-altı nəfərin iddiası var. Çox adam namizədliyini irəli sürəcək. Qoy sürsünlər. Hələ bir söz demirlər. Zənnimcə, qurultayda danışacaqlar. Qurultaya gəlincə, noyabrın sonu, dekabrın əvvəlində keçiriləcək. Hesab edirəm ki, iki kinematoqrafiya ittifaqının olması normal deyildi. İttifaq birləşəndən sonra da nizamnaməmiz üzrə də hərəkət edəcəyik”, – Rasim Balayev deyib. 2023-cü il iyulun 26-da AKİ-nin İdarə Heyəti ARKİ ilə vahid ad altında birləşmək məqsədli bəyanat yayıb. Bəyanatda deyilib ki, eyni adda iki qurumun fəaliyyət göstərməsi kinematoqrafçılar arasında həmrəyliyə, ümumilikdə Azərbaycan kinosunun inkişafına ciddi mane olur. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 1963-cü ildə təsis edilib. 1981-ci ildən quruma Xalq artisti, ssenarist Rüstəm İbrahimbəyov rəhbərlik edib. 2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb. Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra isə AKİ-də ciddi problemlər yaranıb. Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb. Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib. 2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib. Ardınca AKİ-də qurultay keçirilərək sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib. ARKİ isə 2012-ci ildə AKİ-yə alternativ olaraq yaradılıb. Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir. 2022-ci ildə ARKİ bəyanat yayaraq, idarə heyətinin qərarı ilə Şəfiqə Məmmədovanın yenidən İttifaqa sədr seçildiyini açıqlayıb. Bu, kino ictimaiyyəti arasında narazılığa səbəb olub. Bildirilib ki, Şəfiqə Məmmədova qurultay keçirilmədən yenidən sədr seçilə bilməz. Qarşı tərəf isə iradları cavabsız buraxıb. Geri qayıt |